Zelenskinin səfəri Rusiya-Azərbaycan münasibətlərinə necə təsir edə bilər?
Beynəlxalq münasibətlər sistemində dövlətlərin suverenliyi və müstəqil qərarvermə hüququ əsas prinsiplərdən biri kimi qəbul olunur.
Lakin geosiyasi maraqların toqquşduğu məqamlarda bu prinsiplərə yanaşmada ikili standartların ortaya çıxması da istisna deyil.
Son günlər Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri ətrafında yaranan müzakirələr və xüsusilə, Rusiyada buna verilən sərt reaksiyalar bir daha göstərir ki, bəzi dairələr hələ də müstəqil dövlətlərin öz xarici siyasət kursunu sərbəst müəyyənləşdirməsini qəbul etməkdə çətinlik çəkir.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlama verib:

“Müstəqil və suveren ölkə kimi Azərbaycan özünün daxili və xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirmək hüququna və imkanına malikdir.
Lakin Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri ilə bağlı Rusiyada yaranan aqressiv reaksiya normal yanaşma sayıla bilməz.
Çünki beynəlxalq praktikada dəfələrlə müşahidə olunub ki, bəzi dövlətlər başqalarının daxili işlərinə birbaşa müdaxilə imkanını itirdikdə, onların xarici siyasət kursuna müxtəlif vasitələrlə təzyiq göstərməyə çalışırlar.
Qəbul etmək lazımdır ki, bu gün Azərbaycan güclü dövlətdir və öz daxili işlərinə kənardan hər hansı müdaxilənin qarşısını almaq iqtidarındadır. Bu baxımdan, Rusiyanın və Kremlin hakim dairələrinin Azərbaycanın daxili işlərinə təsir imkanları demək olar ki, artıq mövcud deyil.
Belə bir şəraitdə Zelenskinin səfərinə verilən reaksiyalar əslində Azərbaycanın xarici siyasətinə təzyiq göstərmək cəhdindən başqa bir şey deyil.
Fakt budur ki, bu reaksiyalar Azərbaycanın xarici siyasət kursunu yönləndirmək niyyəti daşıyır. Lakin aydın məsələdir ki, bu cəhdlərin hər hansı məqbul nəticə verməsi mümkün deyil.
Çünki Azərbaycan həm daxili, həm də xarici siyasətdə müstəqil iradəyə əsaslanan siyasət yürüdən dövlətdir. Eyni zamanda, ölkənin münaqişə şəraitində olan dövlətlərlə münasibətləri dəqiq, balanslı və beynəlxalq hüquqa, eləcə də humanitar prinsiplərə əsaslanır”.
Politoloq əlavə edib ki, Azərbaycan münaqişə vəziyyətində olan ölkələrlə münasibətlərində özünəməxsus xarici siyasət kursu aparır:
“Bu baxımdan Gürcüstanla münasibətlər, Gürcüstanla münaqişədə olan Rusiya ilə əlaqələr, Ukrayna ilə münasibətlər, Ukrayna ilə münaqişədə olan Rusiya ilə münasibətlər, həmçinin İranla qarşıdurma şəraitində olan İsrail ilə əlaqələr eyni model əsasında qurulub.
Yəni Azərbaycan münaqişə içində olan tərəflərdən heç birini açıq şəkildə dəstəkləmir, onların maraqlarının tərəfdarı kimi çıxış etmir.
Əksinə, rəsmi Bakı mümkün olduğu qədər balanslı və konstruktiv mövqe tutur, zərurət yarandıqda vasitəçi rolunu oynamağa çalışır və siyasətini beynəlxalq hüquq normaları, eləcə də humanitar prinsiplər çərçivəsində formalaşdırır.
Bu nöqteyi-nəzərdən Azərbaycanın həm Rusiyaya, həm də Ukraynaya münasibəti kifayət qədər aydın və ardıcıldır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü daim dəstəkləyir. Bunun əsas səbəbi ölkənin özünün uzun illər ərzində ərazi bütövlüyünün pozulmasından əziyyət çəkməsidir.
Eyni zamanda, Azərbaycan Ukraynanın üzləşdiyi humanitar problemlərə də beynəlxalq normalar çərçivəsində yanaşır. Bu çərçivədə ukraynalı uşaqların Azərbaycanda reabilitasiya proqramlarına cəlb olunması, tələbələr üçün xüsusi proqramların hazırlanması, mülki infrastrukturun – xüsusilə enerji təminatı sahəsində – dəstəklənməsi, mina təmizləmə fəaliyyətlərində iştirak və gələcəkdə bərpa prosesinə töhfə vermək niyyəti bu siyasətin konkret təzahürləridir.
Bütün bunların fonunda Rusiyada müşahidə olunan reaksiyalar konstruktiv yanaşmadan uzaqdır və daha çox siyasi təzyiq aləti təsiri bağışlayır”.
Ayhan
17:15 25.04.2026
Oxunuş sayı: 65