Putinlə bağlı xəbərdarlıq: yeni müharibə riski gündəmdə
ABŞ-nin nüfuzlu nəşrlərindən olan “The Washington Post” qəzetinin köşə yazarı David İqnatius Rusiya Prezidenti Vladimir Putinin hazırkı vəziyyəti ilə bağlı diqqətçəkən qiymətləndirmə aparıb. O, Putinin özünü strateji baxımdan “çıxılmaz vəziyyətdə” hiss edə biləcəyini və bunun daha riskli addımlara yol aça biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, İqnatiusun fikrincə, Ukraynada davam edən müharibədə yaranan durğunluq, Rusiyadakı iqtisadi çətinliklər və Avropa ölkələrinin hərbi potensialını artırması Kremlin qərarlarına təsir edən əsas amillərdir. O qeyd edir ki, bu faktorlar Putini daha aqressiv xarici siyasət variantlarını nəzərdən keçirməyə sövq edə bilər.
Məqalədə vurğulanır: “Əgər siz Putinin yerində olsanız və özünüzü bu qədər küncə sıxışdırılmış hiss etsəniz, Ukraynada döyüşməyə davam edərkən belə, növbəti müharibə – Avropaya qarşı – haqqında düşünməyə başlaya bilərsiniz.”
Məqalədə həmçinin qeyd olunur ki, Kreml Avropanın tam hərbi hazırlığını tamamlamasından əvvəl və NATO-nun təhlükəsizlik zəmanətlərinə dair mövcud şübhələr davam etdiyi bir dövrdə hərəkətə keçməyə cəhd göstərə bilər.
Eyni zamanda Avropada da təhlükəsizlik riskləri ilə bağlı qiymətləndirmələr aparılır. Məlumatlara görə, Danimarka kəşfiyyatı hesab edir ki, Rusiya Ukraynadakı müharibə bitdikdən təxminən beş il sonra NATO ölkələri üçün birbaşa hərbi təhlükə yarada bilər.
16:40 19.04.2026
Oxunuş sayı: 48