Amerikanın musiqi pioneri – Leopold Stokovski
XX əsr dirijorluq sənətinin ən parlaq, ən mübahisəli və şübhəsiz ki, ən xarizmatik simalarından biri Leopold Stokovskidir. O, klassik musiqini elitist salonlardan çıxarıb kinoteatr ekranlarına, texnoloji laboratoriyalara və milyonlarla insanın qəlbinə daşıyan ilk maestro idi. Onun həyatı bir dirijorun karyerasından daha çox, sənətdə sərhəd tanımayan vizionerin manifestini xatırladır. Lakin onu da qeyd etmək lazımdır ki, dünya musiqi tarixində Leopold Stokovski qədər həm pərəstiş edilən, həm də akademik diskursda tənqid obyektinə çevrilmiş ikinci bir fiqur tapmaq çətindir.
18 aprel 1882-ci ildə Londonun Merilobon səmtində doğulan dahi sənətkarın kökləri də yaradıcılığı kimi rəngarəng idi. Atası Kopernik İosif Stokovski polyak, anası Enni Marion Mur isə irlandiyalı idi. Amerikada əfsanəyə çevrilən bu səs memarı özünü hər zaman slavyan ruhlu sənətkar kimi təqdim etməyi, bir az da xarici aksentlə danışmağı sevirdi, buna baxmayaraq o, əslində tam bir ingilis tərbiyəsi görmüşdü.
Stokovskinin akademik keçmişi onun sonrakı illərdəki musiqi “memarlığının” təməlini təşkil edir. O, cəmi 13 yaşında Londondakı Kral Musiqi Kollecinə qəbul edilərək bu nüfuzlu müəssisənin tarixinə ən gənc tələbələrdən biri kimi düşüb. Burada piano, skripka və kompozisiya üzrə mükəmməl biliklərə yiyələnsə də, həvəskarı olduğu orqan ifaçılığı onu Oksford Universitetinin Kuinz Kollecinə aparıb.
1903-cü ildə Oksfordda musiqi üzrə bakalavr dərəcəsi alan Stokovski eyni zamanda Kral Orqanistlər Kollecinin fəxri üzvü seçilib. Təhsilini sadəcə Britaniya ilə məhdudlaşdırmayan gənc sənətkar hər yay Berlin, Münxen və Paris kimi musiqi mərkəzlərinə səfərlər edərək Avropa dirijorluq məktəbinin ən incə detallarını yerində öyrənib. Onun fundamental təhsili sonralar mürəkkəb orkestr partituralarını tam dəqiqliklə analiz etməsinə imkan verən ən böyük silahı idi.
Oksford Universitetini bitirdikdən və Kral Musiqi Kollecində təhsil aldıqdan sonra karyerasına kilsə orqanisti kimi başlayan bu gənc çox keçmədən Amerikaya üz tutdu. Məhz burada 1912-ci ildən etibarən rəhbərlik etdiyi Filadelfiya Orkestri ilə klassik musiqi tarixində silinməz izlər qoyacaq “Stokovski dövrünü” başlatdı.
Stokovski fenomenini anlamaq üçün ilk növbədə onun səhnədəki vizual mövcudluğuna nəzər salmaq lazımdır. O, 1929-cu ildə dirijor çubuğundan qəti şəkildə imtina edərək musiqini birbaşa əlləri ilə idarə edən ilk böyük ustadlardan idi. Onun üçün çubuq bəstəkarla ifaçı arasındakı hissləri kəsən maneə idi. Konsert zalında bütün işıqların söndürülməsi və yalnız onun hərəkətdə olan əllərinin işıqlandırılması klassik musiqi konsertini bir növ mistik ayinə çevirirdi. Bu xüsusiyyəti ona Toskanini və ya Furtvengler kimi mühafizəkar həmkarları tərəfindən “şoumen” damğasının vurulmasına səbəb olsa da, Stokovski dərindən dərk edirdi ki, dinləyicini sehrləmək üçün musiqi həm də görülməlidir. Çünki Stokovskinin dirijorluq fəlsəfəsi musiqinin sadəcə eşidilən deyil, həm də vizual olaraq hiss edilən sənət olması üzərində qurulmuşdu.
Stokovskinin mirası yalnız vizuallıqla bitmir. O, orkestrin fiziki və akustik quruluşunu kökündən dəyişən “mühəndis” idi. Bu gün dünya simfonik orkestrlərinin standart olaraq qəbul etdiyi skripkaların solda, violonçellərin isə sağda yerləşdiyi oturuş qaydası məhz onun Filadelfiya Orkestri ilə apardığı illərlə çəkən eksperimentlərinin nəticəsidir. O, səsin daha dolğun və parlaq çıxması üçün musiqiçilərin yerini tez-tez dəyişir, hətta səhnənin altına xüsusi əks-səda verən taxtalar yerləşdirirdi. Onun ən böyük texniki tapıntısı isə “sərbəst yay” metodu idi. Stokovski simli alət ifaçılarına yaylarını eyni vaxtda yox, asinxron hərəkət etdirməyi tapşırırdı ki, bu da “Stokovski səsi” adlanan, heç vaxt kəsilməyən, ipək kimi axıcı və sonsuz musiqi teksturası yaradırdı.
Texnologiya Stokovski üçün sənətin ən yaxın müttəfiqi idi. Stereofonik səsyazmanın pionerlərindən biri kimi o, studiyalarda saatlarla vaxt keçirir, mikrofonların yerini özü müəyyən edirdi. 1940-cı ildə Walt Disney ilə ərsəyə gətirdiyi “Fantasia” layihəsi isə bir mədəniyyət inqilabı idi. Maestro bu film vasitəsilə Baxın mürəkkəb “Tokkata və Fuqa”sını Mikki Maus vasitəsilə uşaqların dünyasına daxil etdi. O, klassik musiqini populyarlaşdırmaqdan qorxmurdu, əksinə, yüksək sənətin hər kəs üçün əlçatan olmasını özünün sənət borcu hesab edirdi. Buna görə də, o, fəhlələr və gənclər üçün aşağı qiymətli biletlərlə konsertlər verən orkestrlər qurur, musiqini sosial vəzifə kimi görürdü.
Onun repertuar cəsarəti isə heyrətamiz idi. Stokovski heç vaxt keçmişin tozlu klassikasında ilişib qalmadı. O, dövrünün ən radikal bəstəkarlarının hamisi idi. Mahlerin “Minlər simfoniyası”ndan tutmuş, Stravinskinin “Bahar ayini”nə, Şönberqin “Qurre mahnıları”ndan Prokofyevin “Aleksandr Nevski”sinə qədər yüzlərlə əsərin Amerika premyerası məhz onun adı ilə bağlıdır. Hətta 83 yaşında ikən Çarlz Ayvzin ifası mümkünsüz sayılan 4-cü simfoniyasının dünya premyerasını həyata keçirməklə musiqi aləmini şoka salmışdı.
Şəxsi həyatı, evlilikləri və kübar cəmiyyətdəki yeri ilə də daim gündəmdə olan bu dahi sənətkar həyatının son anına qədər yaradıcılıq eşqi ilə yaşadı. 94 yaşında “Columbia Records” ilə altı illik yeni müqavilə imzalayacaq qədər gələcəyə ümidlə baxırdı.
Leopold Stokovski klassik musiqi tarixinə sadəcə bir dirijor kimi deyil, səsin rənglərini idarə edən sehrbaz, texnologiyanı sənətin ruhuna qatan ustad və musiqini hər kəsin eşidə biləcəyi dilə çevirən böyük vizioner kimi həkk olundu. Bu gün musiqi tarixində bir çox dirijor var, lakin səsə rəng, işığa ruh və kütləyə klassikanı sevdirən yalnız bir “Maestro” – Leopold Stokovski qaldı. Onun mirası notlarda deyil, musiqinin hər insana çatdırdığı sonsuz azadlıq hisslərində yaşayır.
18:30 18.04.2026
Oxunuş sayı: 80