Əbədiyyət axtarışında donmuş zaman – Vaqifin izi ilə
Caz ürək musiqisidir…
Elə sənətkarlar var ki, onlar üçün musiqi mövcudluq formasıdır. Azərbaycan musiqisinin məhz belə bir nöqtəsində dayanan, musiqi tariximizə adını “Caz-Muğam” sintezinin banisi kimi qızıl hərflərlə yazdıran Vaqif Mustafazadə də belə sənətkarlardandır.
Onu çox vaxt Azərbaycan cazının memarı adlandırırlar və bu heç də təsadüfi deyil. Çünki Vaqif Şərqin minillik fəlsəfəsi olan muğamını Qərbin azad ruhlu cazı ilə elə ustalıqla qovuşdurmuşdu ki, bu vəhdət dünya musiqisində tamamilə yeni bir nəfəs, yeni bir cərəyan yaratmışdı. Amerika caz tənqidçilərinin onu “ekstra-klass pianoçu” adlandırması və dünyada ona tay olacaq ikinci bir sənətkarın tapılmasının çətinliyini vurğulaması Vaqifin istedadının miqyasını göstərən ən bariz həqiqətdir.
Vaqifin sənət dünyasının kökləri İçərişəhərin sirli və ruhani atmosferinə və anası Zivər xanımın musiqi irsinə bağlıdır. Azərbaycanın ilk qadın pianoçularından olan Zivər xanım muğamın dərin bilicisi kimi oğluna musiqinin dərinliklərini aşılamışdı. Cəmi üç yaşında royal ilə tanış olan Vaqif o vaxtdan bu sehirli aləmdən bir an belə ayrılmadı.
Onun fenomenal yaddaşı elə bir səviyyədə idi ki, bəstələdiyi musiqilərin böyük bir qismini heç vaxt kağıza köçürməz, onları öz zehnində yaşadardı. Təəssüf ki, o bu dünyanı vaxtsız tərk edəndə qeydə alınmamış yüzlərlə melodik inci də müəllifi ilə birlikdə əbədiyyətə qovuşdu. Bakı Musiqi Akademiyasında təhsil aldığı illərdən başlayan məşhurluq onun sənət yolunu klublardan, kiçik konsert salonlarından beynəlxalq festivalların böyük səhnələrinə qədər ucaltdı.
Onun rəhbərlik etdiyi “Sevil”, “Muğam”, “Leyli” kimi ansambllar Azərbaycan musiqisində inqilab xarakterli addımlar idi. Xüsusilə “Sevil” qadın vokal-instrumental ansamblı ilə köhnə mahnılara verdiyi yeni harmoniya və çağdaş üslub, o dövrün musiqi mühitində əsl hadisəyə çevrilmişdi. 1979-cu ildə Monakoda keçirilən və iştirakçıların adlarının gizli saxlanıldığı festivalda yüzlərlə naməlum müəllif arasından məhz Azərbaycanın və Vaqif Mustafazadənin adının ucalması onun sənətinin sərhəd tanımayan gücünü sübut etdi. O, vətənə caz dünyasının ən prestijli mükafatlarından olan “Ağ royal” ilə qayıtsa da, daxilindəki yaradıcılıq həvəsi onu bir an belə dincəlməyə qoymurdu. Vaqif özünə rəhm etmədən yuxusuna haram qataraq işləyirdi. Həyat yoldaşı Elza xanımın da dediyi kimi, onun ürəyi sənətinə olan bu böyük eşqin ağırlığına dözmək üçün çox həssas və şıltaq idi.
Lakin hər böyük sənətkar kimi Vaqif də öz dövrünün anlaşılmazlıqları və maneələri ilə qarşılaşırdı. Minlərlə kompozisiyanın müəllifi olmasına baxmayaraq, bəziləri onu hələ də “həvəskar” adlandırmağa cürət edir, solo konsertlərinə süni maneələr törədirdilər. Hətta bir vaxtlar televiziyada olan qiymətli lent yazılarının silinməsi sənətkara qarşı edilən ən böyük ədalətsizliklərdən biri kimi yadda qalıb. Amma bütün bunlara baxmayaraq, Vaqif musiqisindən və əqidəsindən dönmədi. O, musiqinin saflığını hər şeydən uca tutur, hətta mahnılarının radioda səslənməsi üçün qonorardan belə imtina edirdi. Onun tək dərdi xalqına və dünya musiqisinə yeni, təkrarsız bir irs qoyub getmək idi.
1979-cu ilin dekabrında Daşkənd qastrolu zamanı 39 yaşında əbədiyyətə qovuşdu. Onun yaratdığı məktəb isə sönməz məşələ çevrildi. Vaqifdən sonra onun yolunu davam etdirənlər, ustadın əlçatmaz zirvəsinə boylananlar hər zaman onun musiqisində Bakının küləyini, İçərişəhərin qədim divarlarının səsini və Azərbaycan ruhunun yenilməzliyini hiss edirlər.
Bu gün onun ruhunu yaşadan ən müqəddəs məkan – Vaqif Mustafazadənin ev-muzeyi musiqini ürəklə duyan hər kəs üçün bir ziyarətgahdır. Bu muzey bütöv bir dövrün musiqi nəfəsini qoruyub saxlayan canlı yaddaşdır.
Muzey üç əsas hissədən – qonaq otağı, kabinet və dəhlizdən ibarətdir. Hər bir otaq sənətkarın həyat və yaradıcılığının müxtəlif istiqamətlərini əks etdirir.
Qonaq otağına daxil olduqda ilk olaraq sənətkarın həyat və yaradıcılıq mühitini bütün canlılığı ilə hiss etmək mümkündür. Bu geniş və işıqlı məkanda vaxtilə görkəmli musiqiçilər, xarici qonaqlar və mədəniyyət xadimləri bir araya gələr, sənət söhbətləri aparardılar. Otaqda Vaqif Mustafazadənin şəxsi əşyaları – radio, divan, kreslo, həmçinin anası Zivər xanımın pianinosu nümayiş olunur.
Xüsusi diqqət çəkən eksponatlardan biri də onun radiosudur. Məlum olduğu kimi, Vaqif Mustafazadə Sovet dövründə çətinliklə də olsa dalğaları tutaraq “Amerikanın səsi” radiosunu dinləmiş, dünya caz musiqisini yaxından izləməyə çalışmışdır. Onun vəfatından sonra isə məşhur musiqişünas Vellis Konover bir saatlıq radio verilişini məhz Vaqif Mustafazadənin yaradıcılığına həsr etmişdir ki, bu da sənətkarın beynəlxalq miqyasda qazandığı nüfuzun bariz nümunəsidir. Divarda asılan şəkillərdə Vaqif Mustafazadənin radio dinləyərkən fotoşəkilini görmək mümkündür.
Qonaq otağının divarları fotoşəkillərlə zəngindir. Bu şəkillərdə Vaqif Mustafazadənin uşaqlıq və gənclik illəri, ailə üzvləri, dostları, sənət yoldaşları ilə olan anları əks olunmuşdur. Eyni zamanda müxtəlif festivallardan, konsertlərdən və yaradıcılıq fəaliyyətindən görüntülər təqdim olunur. Burada onun yaratdığı “Leyli” və “Sevil” vokal-instrumental ansambllarının üzvləri ilə çəkilmiş fotoşəkillər də xüsusi yer tutur.
Otağın bədii tərtibatı da diqqətəlayiqdir. Giriş hissəsində heykəltəraş Asim Quliyev tərəfindən hazırlanmış Vaqif Mustafazadənin büstü yerləşir. Sağ tərəfdə rəssam Asəf Cəfərovun sənətkara həsr etdiyi rəsm əsəri, digər divarda isə rəssam Gündüz Xunların kətan üzərində yağlı boya ilə işlədiyi “Əzizənin portreti” nümayiş olunur. Bu əsərlər qonaq otağına xüsusi estetik və emosional dəyər qazandırır.
Qonaq otağında həmçinin Vaqif Mustafazadənin anası Zivər xanım Əliyevanın pianinosu və onun musiqi fəaliyyəti ilə bağlı elementlər də diqqəti cəlb edir. Divarlarda Zivər xanımın şagirdləri ilə birlikdə çəkilmiş fotoşəkilləri yer alır ki, bu da ailədə musiqi ənənəsinin necə formalaşdığını göstərir.
Kabinet isə mənzilin əsas ideya mərkəzi kimi çıxış edir. Bu otaqda Vaqif Mustafazadənin həyat və yaradıcılığını əks etdirən sənədlər, diplomlar, fəxri fərmanlar və şəxsi əşyalar toplanmışdır. Burada onun Asəf Zeynallı adına musiqi məktəbini bitirməsi haqqında diplomu, konservatoriyada təhsil aldığı dövrdə istifadə etdiyi tələbə bileti, müxtəlif mükafatlara layiq görüldüyünü təsdiq edən sənədlər nümayiş etdirilir. Eyni zamanda onun pasportu və 1979-cu ildə Daşkənddə vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə də burada təqdim olunur.
Kabinetdə həmçinin Vaqif Mustafazadənin yaradıcılığına dair qəzet və jurnal materialları, müxtəlif dövrlərdə onun haqqında yazılmış məqalələr yer alır. Bu materiallar sənətkarın ictimai və mədəni həyatda necə böyük əks-səda doğurduğunu göstərir.
Otaqda nümayiş olunan rəsm əsərləri xüsusi əhəmiyyət daşıyır. Görkəmli rus rəssamı Nikas Safronovun muzeyə hədiyyə etdiyi portret, rəssam Namiq Zeynalovun “Vaqif Mustafazadənin portreti”, eləcə də Gündüz Xunların “Düşüncə” əsəri bu məkanın bədii dəyərini artırır.
Kabinetin böyük divarında konsert afişaları, müxtəlif dövrlərə aid fotoşəkillər yerləşdirilmişdir. Bu şəkillərdə Vaqif Mustafazadənin royal arxasında ifası, qrup üzvləri ilə məşq prosesi, qohumları ilə birlikdə keçirdiyi anlar əks olunmuşdur.
Kabinetdə ailə həyatına dair materiallar da geniş yer tutur. Sol divarda onun birinci həyat yoldaşı Nərminə xanım və böyük qızı Lalə Mustafazadənin uşaqlıq və gənclik illərinə aid fotoşəkillər yerləşir. Lalə Mustafazadənin royal arxasında çəkilmiş şəkilləri də burada nümayiş olunur. Eyni zamanda onun Fransada 1991-ci ildə qazandığı Qran-Pri mükafatına dair sənəd də diqqətə təqdim edilir.
Sağ tərəfdə isə kiçik qızı Əzizə Mustafazadənin uşaqlıq, gənclik və məktəb illərini əks etdirən fotoşəkillər, atası ilə birlikdə çəkilmiş görüntülər və nənəsi ilə olan şəkillər yer alır. Burada həmçinin Əzizə Mustafazadənin 1978-ci ildə festivalda əldə etdiyi laureatlıq sənədi də nümayiş olunur ki, bu da sənət ənənəsinin davamlılığını əyani şəkildə göstərir.
Dəhliz isə muzeyin xatirə məkanına çevrilmiş hissəsidir. Dəhlizin girişində heykəltəraş Azad Zeynalov tərəfindən hazırlanmış Vaqif Mustafazadənin heykəli ziyarətçiləri qarşılayır. Sağ tərəfdə isə görkəmli heykəltəraş Ömər Eldarovun müəllifi olduğu barelyef kompozisiya yerləşir.
Dəhlizdə Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsertlərin afişaları geniş yer tutur. Bu afişalar müxtəlif dövrlərdə Bakıda və digər şəhərlərdə keçirilmiş xatirə gecələrini, festivalları əhatə edir. Burada həmçinin muzeyin açılışı zamanı çəkilmiş fotoşəkillər, eləcə də müxtəlif illərdə təşkil olunmuş xatirə tədbirlərindən görüntülər təqdim olunur.
Xüsusilə qeyd olunmalıdır ki, 2015-ci ildə ADA Universitetində gənclər arasında Vaqif Mustafazadə irsinin təbliği məqsədilə keçirilmiş xatirə gecəsinə dair fotoşəkillər də bu məkanda nümayiş olunur. Bu fakt onun yaradıcılığının bu gün də aktual olduğunu və yeni nəsillər tərəfindən öyrənildiyini bir daha təsdiq edir.
Vaqif Mustafazadə 39 il yaşadı, lakin yaratdığı musiqi fəlsəfəsi ilə əsrlərə sığmayacaq bir ömür qazandı. O, həqiqətən də cazın “tanınmamış Allahı” idi və onun sədaları dünyanın dörd bir yanındakı royal dillərindən gələn hər bir improvizasiyada yaşamağa davam edəcək.
P.S. Layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Vaqif Mustafazadə ev-muzeyinin rəhbərliyinə təşəkkür edirik
10:00 18.04.2026
Oxunuş sayı: 106