NATO-nun ABŞ-dən asılılığı azalmalıdır, çünki...
ABŞ-nin İrana qarşı hərbi əməliyyatları Qərb blokunda mövcud fikir ayrılıqlarını daha da kəskinləşdirir. Belə ki, bu proses NATO daxilində siyasi və strateji ziddiyyətləri daha da görünən edir. Avropa müttəfiqlərinin Vaşinqtondan gözlənilən dəstəyi tam verməməsi gərginliyi artıran əsas amillərdən biri kimi qiymətləndirilir. Eyni zamanda, ABŞ daxilində səslənən sərt bəyanatlar alyansın gələcəyi ilə bağlı sualları gündəmə gətirir.

Siyasi şərhçşi Pərviz Mirizadə mövcud vəziyyəti Crossmedia.az-a şərh edib.
O, qeyd edib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatları qərb blokunda olan fikir ayrılıqlarını daha da artırır: "Ağ Evin Avropa qitəsindəki müttəfiqlərindən gözlənilən dəstəyi ala bilməməsi gərginliyi NATO müstəvisinə yüksəldir. Bu isə alyansın gələcək taleyi ilə bağlı mənfi fikirlər formalaşdırır. Artıq ABŞ rəsmilərinin dilindən, xüsusilə, prezident Donald Tramp tərəfindən NATO - dan çıxmaqla əlaqədar mütəmadi fikirlər səsləndirilir. Bu ilkin olaraq digər müttəfiq ölkələrinə təzyiq vasitəsi kimi dəyərləndirilə bilər. Çünki NATO - nun saxlanılması xərclərinin böyük hissəsini məhz ABŞ təmin edir. Ancaq proses yeni deyil. İran ssenarisi situasiyanın sadəcə bir fraqmentidir".
Analitikin qənaətinə görə, Tramp, onun komandasının əsas üzvləri hesab edilən vitse-prezident Cey Di Vens və ABŞ dövlət katibi Marko Rubio ilk gündən bu tip ritorika sərgiləyir: " Bu, o deməkdir ki, artıq ABŞ siyasətində köklü dəyişikliklər gedir. Ən əsası yenilənmiş doktrina tamamilə fərqli strateji kurs formalaşdırır. Lakin mən düşünmürəm ki, NATO yaxın gələcəkdə parçalanma ilə qarşı-qarşıya qalsın. Şübhəsiz ki, qlobal arenada hər şey dəyişdiyi üçün alyans daxilində də çox ciddi reformlar getməlidir. Ən azından Vaşinqtondan asılılıq böyük ölçüdə azaldılmalıdır".
Fatimə
18:55 17.04.2026
Oxunuş sayı: 266