Hizbullahın sərt mövqeyi sülhə nə dərəcədə mane olur?
Yaxın Şərqdə son dövrlərdə müşahidə olunan gərginliklər regionun siyasi mənzərəsini daha da mürəkkəbləşdirib. Xüsusilə, Livan-İsrail xəttində baş verən hadisələr və Hizbullahın son açıqlamaları fonunda vəziyyət yalnız hərbi toqquşmalarla deyil, həm də diplomatik manevrlərlə paralel şəkildə inkişaf edir.
Bu isə bölgədə sabitlik perspektivlərini daha da qeyri-müəyyən edir və proseslərin yaxın zamanda yumşalacağına dair ümidləri zəiflədir.
Mövzu ilə əlaqədar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Lalə Xəlilzadə Crossmedia.az-a açıqlama verib.

Onun sözlərinə görə, Yaxın Şərqdə son günlər müşahidə olunan proseslər fonunda Hizbullah rəhbərliyinin səsləndirdiyi “əvəzsiz güzəştlər”lə bağlı bəyanat təkcə cari situasiyaya verilən reaksiya deyil, eyni zamanda regiondakı daha geniş geosiyasi qarşıdurmanın tərkib hissəsi kimi qiymətləndirilməlidir:
"Bu açıqlama, xüsusilə Livan ilə İsrail arasında mümkün birbaşa danışıqların gündəmə gəldiyi bir mərhələdə səsləndirilməsi baxımından diqqət çəkir və proseslərin nə qədər mürəkkəb və çoxqatlı olduğunu göstərir.
Hazırda mövcud vəziyyətin əsas xüsusiyyəti ondan ibarətdir ki, regionda diplomatik təşəbbüslərlə hərbi qarşıdurma paralel şəkildə inkişaf edir.
Bir tərəfdən Vaşinqtonda təmasların təşkili və danışıqların ilkin çərçivəsinin formalaşdırılması istiqamətində addımlar atılır, digər tərəfdən isə sərhəddə toqquşmalar, hava zərbələri və qarşılıqlı hücumlar davam edir.
Bu isə onu göstərir ki, tərəflər hələlik münaqişəni dayandırmaqdan daha çox, onu idarə etmək və mövqelərini gücləndirmək məqsədi güdürlər.
Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında iki həftəlik atəşkəsin elan edilməsinə baxmayaraq, İsrail-Hizbullah arasında müharibə səngiməyib.
Qeyd edilməlidir ki, 2 mart tarixindən etibarən Livan İran, ABŞ və İsrail arasında alovlanan qarşıdurmanın tərkib hissəsinə çevrilib. Buna səbəb Hizbullahın İranın ali lideri Əli Xameneyinin öldürülməsinə “qisas” olaraq İsrailə onlarla raket atması olub.
Bunun cavabında İsrail qüvvələri Beyrut və onun ətrafına, eləcə də ölkənin cənub və Bəkaa bölgələrinə güclü hava zərbələri endirib. Belə ki ötən mart ayının 2-dən 31-ə kimi İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 1247-ə, yaralananların sayı isə təxminən 3680-ə çatmışdır. Bu ölüm statistikasına 125 uşaq və 88 qadın daxildir.
Livanın Səhiyyə Nazirliyi həmçinin səhiyyə işçiləri arasında çoxsaylı itkilər və yaralanmaların olduğunu qeyd etmişdir".
Ekspert qeyd edib ki, İsrail tərəfindən endirilən ən ağır hücumlardan biri aprel ayının 9-da törədildi:
"Belə ki, həmin tarixdə da İsrailin Beyrut da daxil olmaqla geniş miqyaslı və eyni vaxtda həyata keçirdiyi hava zərbələri nəticəsində isə 300-dən çox insan həlak olub.
Hizbullahın baş katibi Naim Qasemin bu müraciəti məhz həmin ərəfədə verildi. Belə ki, o, hücumları sərt şəkildə pisləyib və Livan hakimiyyətini İsraillə danışıqlar kontekstində güzəştlər etməməyə çağırıb.
Livan-İsrail münasibətləri baxımından isə bu bəyanatın əsas nəticəsi danışıqlar prosesinin daha mürəkkəb və ziddiyyətli xarakter almasıdır. Livan tərəfi danışıqlardan əvvəl atəşkəsin əldə olunmasında israr etdiyi halda, İsrailin prosesi hərbi təzyiq fonunda davam etdirmək istəyi və Hizbullahın ümumiyyətlə birbaşa danışıqlara qarşı çıxması ortaq mövqenin formalaşmasını çətinləşdirir.
Üstəlik, İsrailin əsas şərtlərindən biri olan Hizbullahın silahsızlaşdırılması tələbi mövcud reallıqda icrası son dərəcə çətin olan məsələdir və bu da danışıqları potensial “çıxılmaz vəziyyət”ə sürükləyir.
Bütün bunların fonunda Livanın daxili siyasi sabitliyi də ciddi sınaq qarşısında qalır. Hökumətin danışıqlara meyli, Hizbullahın isə buna qarşı küçə təzyiqi vasitələrindən istifadə etməsi ölkədaxili gərginliyi artırır və institusional idarəetməni zəiflədir.
Bu isə təkcə Livan üçün deyil, ümumilikdə Yaxın Şərq üçün əlavə risklər yaradır.
Eyni zamanda, bu proseslər daha geniş geosiyasi kontekstdə də qiymətləndirilməlidir. ABŞ-nin vasitəçilik cəhdləri və İranın regiondakı təsiri fonunda Livan-İsrail xətti faktiki olaraq daha böyük qarşıdurmanın lokal ifadəsinə çevrilir.
Hizbullahın sərt ritorikası bu mənada yalnız daxili auditoriyaya deyil, həm də xarici aktorlara ünvanlanmış mesaj kimi çıxış edir və mövcud bloklaşmanı daha da dərinləşdirir".
L.Xəlilzadə yekun olaraq vurğulayıb ki, Hizbullah rəhbərliyinin səsləndirdiyi bu çağırış regionda sülh prosesini sürətləndirən deyil, əksinə, onu daha da mürəkkəbləşdirən amil kimi çıxış edir.
Mövcud dinamika göstərir ki, yaxın perspektivdə nə tammiqyaslı müharibə, nə də davamlı sülh gözlənilir.
Əvəzində regionun “uzanan gərginlik”, “paralel diplomatiya və qarşıdurma” və “daxili siyasi parçalanma” kimi xüsusiyyətlərlə xarakterizə olunan qeyri-sabit bir mərhələdə qalacağı ehtimal edilə bilər.
Fatimə
13:00 14.04.2026
Oxunuş sayı: 243