Müsabiqə qalibi: " “Yüksəliş” mənim üçün böyük bir fürsət oldu" - MÜSAHİBƏ
Son illərdə ölkəmizdə həyata keçirilən “Yüksəliş” müsabiqəsi qısa müddət ərzində cəmiyyətin böyük marağına səbəb olan, peşəkarlıq və şəffaflıq prinsiplərinə əsaslanan nüfuzlu bir platformaya çevrilib. Layihənin əsas missiyası yüksək intellektual potensiala malik, idarəetmə bacarıqları ilə seçilən gəncləri üzə çıxarmaq, onların bilik və təcrübəsini daha geniş miqyasda tətbiq etmək üçün yeni imkanlar yaratmaqdır. Bu təşəbbüs dövlətimizin insan kapitalının inkişafına, xüsusən də istedadlı və məqsədyönlü gənclərə göstərdiyi diqqətin bariz təzahürüdür. Müsabiqənin əvvəlki illərdəki finalçılarının bu gün ölkənin müxtəlif sahələrində mühüm qərarların icrasında yaxından iştirak etməsi “Yüksəliş”in praktiki nəticələrinin və təsir gücünün ən parlaq göstəricisidir. Layihə həm idarəetmədə innovativ yanaşmanı təşviq edir, həm də keyfiyyətli kadr ehtiyatının formalaşmasına sistemli şəkildə töhfə verir. Hər il üzə çıxarılan onlarca istedadlı gəncin inkişaf üçün yeni perspektivlər qazanması proqramın strateji əhəmiyyətini bir daha ön plana çıxarır.
Bu dəfəki müsahibimiz III “Yüksəliş”müsabiqəsinin qaliblərindən biri olan Sübhan Əsgərzadədir. Həmin müsahibəni təqdim edirik:
— Sizin uğur yolunuzda “Yüksəliş” müsabiqəsinin rolu nə oldu və bu proses sizin üçün hansı əsas dönüş nöqtələrini yaratdı?
— “Yüksəliş” mənim üçün böyük bir fürsət oldu. Müsabiqədə iştirak edib qalib olmaq karyeramın ilkin mərhələlərinə təsadüf edirdi – cəmi 2-3 illik iş təcrübəm var idi və 24 yaşında idim. Bu platforma mənə qısa zamanda öz sahələrində uğur qazanmış peşəkarlar və rəhbər şəxslərlə eyni mühitdə olmaq imkanı yaratdı. Bu təcrübə dünyagörüşümü genişləndirdi, fərqli yanaşmalar və perspektivlər qazandırdı. Həm peşəkar, həm də şəxsi inkişaf baxımından düşüncə tərzim dəyişdi və daha sistemli, daha geniş baxış bucağı formalaşdı.
— Bu müsabiqədə iştirak edərkən qarşılaşdığınız ən çətin mərhələ hansı idi və siz bu çətinliyi hansı strategiya ilə aşdınız?
— Mənim üçün ən çətin mərhələ imtahan prosesi, xüsusilə idarəetmə potensialı üzrə uzunmüddətli imtahan oldu. Təxminən 3-4 saat davam edən bu mərhələdə müxtəlif real situasiyaları analiz edib qərar vermək kifayət qədər yorucu idi. Bu çətinliyi əsasən diqqəti bölüşdürmə və situasiyalara adaptasiya strategiyası ilə aşmağa çalışdım. Özümü hər bir ssenarinin içində təsəvvür edib, real qərarvermə bacarıqlarımı işə saldım. Digər mərhələlər – yarımfinal və final da çətin idi, çünki artıq ən güclü iştirakçılar arasında rəqabət gedirdi.
— Qələbənizi yalnız fərdi nailiyyət kimi deyil, həm də cəmiyyət üçün bir məsuliyyət kimi necə dəyərləndirirsiniz?
— “Yüksəliş” qalibi olmaq təkcə şəxsi uğur deyil, həm də ictimai məsuliyyətdir. Çünki qazandığınız hər nailiyyət artıq bu adla əlaqələndirilir. Bu isə insanı daha məsuliyyətli davranmağa vadar edir. Hesab edirəm ki, belə layihələr cəmiyyət üçün böyük dəyər yaradır. Ona görə də çalışıram ki, ətrafımda bu müsabiqəni tanıdım, insanları təşviq edim və bu platformanın yaratdığı imkanları bölüşüm.
— Liderlik anlayışını sizin üçün fərqləndirən əsas xüsusiyyətlər hansılardır və bu xüsusiyyətləri real həyatda necə tətbiq edirsiniz?
— Mənim üçün liderliyin əsas xüsusiyyəti komandada güvən və inam yaratmaqdır. Hər bir layihədə çətinliklər qaçılmazdır, lakin lider komandasını bir araya gətirə bilməlidir. Həyatda bu prinsipi tətbiq edərək çalışıram ki, komandam özünü güvənli hiss etsin. Bu güvən yalnız sözlə deyil, konkret addımlar və nəticələrlə təsdiqlənməlidir.
— Gənclərə və gələcək iştirakçılara tövsiyə olaraq, bu müsabiqəyə hazırlaşarkən hansı bacarıqların inkişafını vacib hesab edirsiniz?
— Hazırda müsabiqəyə hazırlıq səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli artıb. Buna görə də məntiqi düşüncə, analitik bacarıqlar və idarəetmə qabiliyyətlərinin inkişafı çox vacibdir. Namizədlərə tövsiyəm odur ki, “Yüksəliş”in rəsmi resurslarını izləsinlər, nümunə suallarla işləsinlər və hər mərhələyə uyğun şəkildə hazırlaşsınlar.
— Sizcə, müasir dövrdə uğurlu lider olmaq üçün ən vacib keyfiyyətlər hansılardır və Azərbaycan reallığında bu keyfiyyətlər necə formalaşdırılmalıdır?
— Müasir dövrdə liderlik yalnız nəticə əldə etmək deyil, həmin nəticəyə necə çatmaqdır. Qısa müddətli uğurlar deyil, uzunmüddətli və dayanıqlı inkişaf əsas götürülməlidir. Azərbaycan reallığında bu yanaşmanın formalaşması üçün liderlər komandalarının inkişafına, etik idarəetməyə və davamlı uğura fokuslanmalıdırlar.
— Gələcək planlarınız nədən ibarətdir və qazandığınız bu uğuru daha geniş ictimai faydaya necə çevirməyi düşünürsünüz?
— Gələcək planlarımın əsas istiqaməti şəxsi və peşəkar inkişafdır. Eyni zamanda qazandığım təcrübəni gənclərlə bölüşmək və onların inkişafına dəstək olmaq istəyirəm.
Çalışıram ki, yeni başlayan əməkdaşlara fərqli baxış bucaqları qazandırım və “Yüksəliş”in yaratdığı dəyərləri cəmiyyətə ötürüm.
— Sonda müsabiqədə iştirak edəcək gənclərə bir cümlə ilə nə demək istərdiniz?
— Stress hər zaman olacaq, əsas məsələ onu aradan qaldırmaq deyil, düzgün idarə edib öz xeyrinizə çevirməkdir.
Elmir Heydərl
17:56 10.04.2026
Oxunuş sayı: 63