ABŞ geri çəkilir, yoxsa yeni plan qurur? - iki həftədən sonra savaş yenidən alovlana bilərmi?
ABŞ və İran arasında baş verən müharibə hələ də Yaxın Şərqdə strateji gərginliyi qoruyur. Son açıqlamalarda Vens ABŞ-nin İranda öz tapşırıqlarının çoxunu yerinə yetirdiyini və müharibənin tezliklə başa çatacağını bildirib.
Lakin ekspertlər və
analitiklər bunun nə dərəcədə gerçəklik olduğunu mübahisəli hesab edirlər. Məsələ
yalnız ABŞ-nin hərbi uğurlarının yox, həm də İranın mövqeyinin, nüvə
proqramları ilə bağlı danışıqların və regiondakı güc balansının necə dəyişdiyinin
qiymətləndirilməsini tələb edir.
Eyni zamanda, bu proses ABŞ-nin qlobal nüfuzuna
təsirini və gələcəkdə hərbi əməliyyatların yenidən başlanma ehtimalını da gündəmə
gətirir. Bu müsahibədə həmin məsələlər barədə geniş fikir mübadiləsi
aparılacaq.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açılaqlama verib:

- Sizcə, ABŞ İranda hansı tapşırıqları yerinə yetirib ki, Vens
belə bir nəticəyə gəlir?
- Bu mövzu bir qədər mübahisəlidir. ABŞ-ın hədəfləri barədə danışmaq həm tez, həm də çətindir. Prezident Donald Trump da açıqlama verib ki, ABŞ İranda öz hədəflərinə çatıb və qalib gəlib. Amma həm Trump, həm də Vens ABŞ-ın hədəfləri barədə açıq danışmaqdan çəkinirlər.
Yaxın Şərq savaşının əsas məqsədi İranın nüvə proqramlarının
tamamilə ləğv edilməsinə nail olmaq idi. Hazırkı vəziyyətdə nüvə proqramlarının
ləğvi ilə bağlı ciddi bir anlaşma hələ əldə edilməyib. Nüvə obyektlərinə müəyyən
zərbələr endirilib, onların fəaliyyət imkanları məhdudlaşdırılıb, lakin bu, hədəfin
tam icrası demək deyil.
- Bu məqsədlərin hansı hissəsi tam, hansı hissəsi qismən icra
olunub?
- Nüvə silahı üçün nəzərdə tutulan obyektlərə zərbələr endirilib və onların fəaliyyət imkanları məhdudlaşdırılıb. Lakin nüvə proqramlarının ləğvi və yekun sülh sazişi ilə bağlı ciddi irəliləyiş hələ müşahidə olunmur. Yəni, müəyyən tapşırıqlar icra olunub, amma əsas hədəf rəsmi şəkildə hələ yerinə yetirilməyib.
- İran tərəfinin bu prosesdə mövqeyi nə dərəcədə nəzərə alınıb?
-İranın yaydığı şərtlərə görə, ABŞ ilə nüvə proqramı məsələsi üzrə müzakirə aparmaq ehtimalı o qədər də yüksək deyil. Atəşkəs müddətində müzakirələr gedir, lakin İran və ABŞ arasında yekun sülh sazişi ilə bağlı konkret anlaşma hələ əldə olunmayıb. Bu baxımdan, ziddiyyətlər qalmaqdadır və Yaxın Şərqdə hərbi gərginliyin aktuallığını qorumasına səbəb olur.
- ABŞ bu mərhələdən sonra regionda hansı strategiyanı izləyəcək?
- ABŞ liderləri və administrasiyası atəşkəs və danışıqlar prosesi vasitəsilə öz mövqeyini gücləndirməyə çalışır. Məqsəd, saziş imzalanarsa, onu ABŞ-ın qələbəsi kimi təqdim etməkdir. Bununla belə, situasiya hələ tam aydınlaşmayıb və yaxın iki həftədə regionda daha dağıdıcı hadisələrin və ya sülh prosesinin ortaya çıxıb-çıkmayacağı müəyyənləşəcək.
- Müharibənin nəticələri Yaxın Şərqdə güc balansını necə dəyişəcək?
- Atəşkəs nəticəsində bir apokalips təhlükəsindən xilas olunub. Bununla yanaşı, ABŞ və İran hərbi baxımdan ağır itkilərə məruz qalıb. ABŞ-ın silah sursat arsenalında azalmalar baş verib və regionda güc balansı dəyişib. İranın bəzi hərbi imkanları məhdudlaşdırılıb, amma hələ də müəyyən strateji üstünlüklərini qoruyur.
- Bu proses ABŞ-ın qlobal
nüfuzuna necə təsir edəcək?
- Müharibənin nəticələri ABŞ-ın qlobal nüfuzuna sarsıcı təsir göstərib. İndi ABŞ nüfuzunu itirən və qalib gəlməyən tərəf kimi görünür. Bu da Tramp administrasiyasını danışıqlarda vəziyyəti kompensasiya etməyə və sazişi öz qələbəsi kimi təqdim etməyə məcbur edir.
- Əgər ABŞ bütün məqsədlərə nail
olmayıbsa, iki həftə sonra müharibə yenidən başlaya bilərmi?
- Bəzi ekspertlər düşünür ki, ABŞ yeni əməliyyatlara başlayır.
Bəli, bu ehtimal hələ də
qalır. Əgər yaxın iki həftə ərzində sülh sazişi üçün anlaşmalar əldə olunmazsa
və tərəflərin irəli sürdüyü şərtlər uyğunlaşdırılmazsa, hərbi əməliyyatların
yenidən başlanma riski kifayət qədər yüksəkdir. Hazırkı atəşkəs ABŞ və İran
üçün bir az da olsa təhlükəni aradan qaldırsa da, savaşın davam etmə ehtimalı
tam şəkildə aradan qalxmayıb. Növbəti mərhələ daha amansız və dağıdıcı xarakter
daşıya bilər.
Ayhan
13:30 09.04.2026
Oxunuş sayı: 521