ABŞ və İran niyə geri addım atdı? - Atəşkəsin arxasındakı reallıq
Yaxın Şərqdə artan gərginlik fonunda beynəlxalq ictimaiyyətin diqqəti yenidən Amerika Birləşmiş Ştatları ilə İran arasında münasibətlərin inkişafına yönəlmişdi.
Qarşılıqlı hərbi
ritorika, məhdud toqquşmalar və regional risklərin artması fonunda genişmiqyaslı
münaqişə ehtimalları ciddi müzakirə olunurdu. Lakin tərəflər arasında əldə
olunan atəşkəs razılaşması göstərdi ki, mövcud qarşıdurma daha çox nəzarət
olunan gərginlik çərçivəsində saxlanılır və böyük güclər açıq müharibə
ssenarisindən yayınmağa üstünlük verirlər.
Bu atəşkəs,
eyni zamanda, beynəlxalq münasibətlər sistemində güc balansının qorunmasının
praktik təzahürü kimi qiymətləndirilə bilər. Xüsusilə, Avropa məkanında təhlükəsizlik və
sabitlik prioritet olaraq qalır və regional münaqişələrə yanaşma da bu prizma ilə
formalaşır.
Enerji bazarları, iqtisadi maraqlar və siyasi
kompromislər fonunda əldə olunan bu razılaşma göstərir ki, qlobal aktorlar üçün
əsas məqsəd qarşıdurmanı dərinləşdirmək deyil, onu idarəolunan səviyyədə
saxlayaraq genişmiqyaslı fəsadların qarşısını almaqdır.
Məsələ ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"İran-Amerika
münaqişəsi heç bir halda dünya müharibəsinə və ya nüvə savaşına gətirib
çıxarmayacaq. Artıq atəşkəs elan olunub və bu, proqnozumun doğruluğunu göstərir.
Qısa müddətli atışmalar, raket zərbələri oldu, amma hər iki tərəf müəyyən
uğurlarını elan etdi. Amerika və İran bəzi məsələlərdə razılığa gəlib və hesab
edirəm ki, bu il bu qarşıdurma əsasən tamamlanacaq.
İki qitədə — Avropada əsas narahatlıq təhlükəsizlik, sabitlik və rahat həyatdır. Kiçik ölkələr olaraq, İkinci Dünya müharibəsindən sonra sabitliyə alışıblar. Rusiya-Ukrayna müharibəsi Avropaya İran-Amerika qarşıdurmasından daha çox təhlükə yaratdı, çünki bu münaqişə Avropada baş verir. Amma illərdir davam etsə də, Avropada dağıntılar olmadı. Eynilə, Amerika-İran qarşıdurması da geniş miqyaslı fəsadlara səbəb olmayacaq.
Yaxın Şərqdə
yerləşən neft daşıyan və neftdən asılı ölkələr isə istər-istəməz bu vəziyyətdən
təsirlənir. Məsələn, Niderlandda benzin qiymətləri artdı, Amerikada da müəyyən
təsirlər hiss olunur. ABŞ hələlik neft ehtiyatlarını tam istifadə etmir, onları
ehtiyatda saxlayır. Bu, qlobal iqtisadiyyata və dollardan asılı sistemə təsir
göstərir, lakin Avropalılar bunu bir qədər şişirdirlər.
İtaliya baş nazirinin bəzi açıqlamalarına qatılmıram. Nə Qərb İranı parçalayacaq, nə də İran Qərbə dini savaş açacaq. Tarix göstərir ki, İranın zəifləməsi xristian dünyasının maraqlarına heç vaxt cavab verməyib. Azərbaycana hansısa üstünlük veriləcəyi barədə gözləntilər də reallığa uyğun deyil. İsrailin maraqları ola bilər, amma Amerikanın və Avropanın maraqları həmişə ön plandadır.
Göründüyü kimi, Britaniya və anqlo-sakson dünyası birbaşa hərbi addım atmamaq mövqeyini ortaya qoydu. Amerika da buna uyğun kompromislərə getdi və İranda müqavimət formalaşdı. Bu müqavimət göstərir ki, istənilən halda atəşkəs qaçılmazdır.
Mənim
fikrimcə, İran bundan müəyyən mənfəət əldə edəcək, amma əgər Amerikanın tələbləri
qarşısında geri çəkilərsə, bu, Amerikanın uğuru kimi qiymətləndirilə bilər.
Sadəcə olaraq, danışıqların nəticələrini və atəşkəsin səbəblərini tam bilmədiyimiz üçün hələ kimin adına daha çox uğurlu nəticə yazılacağını demək çətindir. Hər iki tərəfin mövqelərini izləmək lazımdır".
Elmir Heydərli
11:30 09.04.2026
Oxunuş sayı: 1105