Azərbaycanlı Tələbə Cəmiyyəti “Breyn rinq” təşkil edib
Florida ştatının Tampa şəhərindəki Cənubi Florida Universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbə Cəmiyyəti universitet tələbləri arasında “Breyn rinq” təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Yarışın keçirilməsinin əsas məqsədi tələbələrin bilik və məntiqi bacarıqlarını inkişaf etdirmək, azərbaycanlı və xarici tələbələr arasında ünsiyyəti və qarşılıqlı inteqrasiyanı gücləndirmək olub.
“Breyn Rinq”də Azərbaycan tarixinə, mədəniyyətinə, coğrafiyasına və ümumi biliklərə dair müxtəlif suallar verilib. İştirakçılar fərqli mövzular üzrə sualları cavablandırıb, biliklərini nümayiş etdiriblər.
Yarış universitetə yeni qəbul olan soydaşlarımızın Azərbaycanlı Tələbə Cəmiyyətinə daha yaxından inteqrasiyası, təşkilatın fəaliyyəti ilə tanışlığı və sosial əlaqələrinin genişləndirilməsi baxımından mühüm təşəbbüs kimi qiymətləndirilib.
Tədbirin əsas təşkilatçıları – Amerika Azərbaycan Gənclərinin 2-ci Forumunun iştirakçıları Razim Məmmədov və Emin Mahmudzadə gələcəkdə də tələbələrin intellektual və sosial inkişafına xidmət edən layihələrin həyata keçirilməsini planlaşdırdıqlarını bildiriblər.
Qeyd edək ki, Cənubi Florida Universitetindəki Azərbaycanlı Tələbə Cəmiyyəti 2022-ci ildən fəaliyyət göstərir.
14:50 09.04.2026
Oxunuş sayı: 46