Əməkhaqqında dəyişiklik - Yeni qanun maaş bərabərliyini təmin edəcəkmi?
Azərbaycanda əmək bazarında mühüm dəyişiklik gözlənilir. Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsinə əsasən, işəgötürənlərin işçilərə münasibətdə öhdəlikləri genişləndirilir və xüsusilə, əməkhaqqı sahəsində bərabərlik prinsipləri daha konkret şəkildə müəyyənləşdirilir.
Təklif olunan dəyişikliklərə
görə, artıq yalnız eyni deyil, bərabər dəyərli iş görən şəxslərə də cinsindən
asılı olmayaraq eyni əməkhaqqının ödənilməsi tələb olunacaq. Bu addım ölkədə
gender bərabərliyinin gücləndirilməsi və beynəlxalq öhdəliklərə uyğunlaşma
baxımından əhəmiyyətli hesab olunur.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib. O söyləyib ki, bu dəyişikliklərin əsas mahiyyəti ondan ibarətdir ki, əməkhaqqı ilə bağlı bərabərlik prinsipi daha geniş və konkret formada tətbiq olunsun:

"İndiyə qədər qanun əsasən “eyni və ya oxşar iş”
anlayışına fokuslanırdı, amma yeni yanaşmada “bərabərdəyərli iş” anlayışı gətirilir.
Bu o deməkdir ki, vəzifə
adı fərqli olsa belə, əgər işin yükü, məsuliyyəti, bacarıq tələbi və əmək şəraiti
oxşardırsa, həmin işlərə görə ödənilən maaş da eyni olmalıdır.
Bu dəyişiklik xüsusilə gender bərabərliyi baxımından əhəmiyyətlidir.
Çünki praktikada tez-tez eyni dəyərdə iş görən qadın və kişi əməkdaşlar fərqli
maaş alırlar. Yeni norma bunu hüquqi olaraq daha açıq şəkildə qadağan edir və
işəgötürənə konkret öhdəlik qoyur ki, belə fərqlər yaratmasın.
Qanunun digər vacib tərəfi odur ki, işəgötürənin məsuliyyəti
genişləndirilir. Artıq o, təkcə maaş deyil, həm də iş şəraiti, intizam tədbirləri
və ümumi münasibətdə də ayrı-seçkiliyə yol verməməlidir. Yəni eyni pozuntuya
görə fərqli cəza tətbiqi və ya cinsə görə fərqli davranış da qanun pozuntusu
sayılacaq.
Amma ən vacib məsələ bu qanunun necə işləyəcəyidir. Kağız üzərində
bu dəyişikliklər kifayət qədər mütərəqqi və beynəlxalq standartlara uyğundur.
Xüsusilə, Beynəlxalq
Əmək Təşkilatının prinsiplərinə yaxınlaşdırılması müsbət addımdır. Lakin
praktikada əsas problem “bərabərdəyərli iş” anlayışının kim və necə müəyyən edəcəyidir".
A.Nəsirli əlavə edib ki, layihəyə görə bunu işəgötürən özü müəyyən
edir və bu da müəyyən risk yaradır. Çünki işəgötürən istəsə, fərqli əsaslandırmalarla
maaş fərqini “qanuni” kimi təqdim edə bilər:
"Digər tərəfdən, bu qanunun effektiv işləməsi üçün nəzarət
mexanizmləri, şikayət imkanları və məhkəmə praktikası çox vacibdir. Əgər işçilər
hüquqlarını tələb edə bilməsələr və ya sübut yükü çox ağır olsa, qanun real təsir
göstərməyəcək.
Ümumilikdə bu dəyişikliklər doğru istiqamətdə addımdır və nəzəri
olaraq əmək bazarında daha ədalətli mühit yarada bilər. Amma real nəticə
birbaşa tətbiq mexanizmlərindən, şəffaflıqdan və işçilərin öz hüquqlarını
müdafiə edə bilmə səviyyəsindən asılı olacaq".
Fatimə
12:30 09.04.2026
Oxunuş sayı: 62