Təhsil diplomatiyası Türk dünyasını birləşdirə bilərmi?
Son illərdə Azərbaycan gənclərinin təhsil istiqaməti dəyişir və onlar Qazaxıstan universitetlərinə daha çox maraq göstərir. Bu yalnız yeni təhsil seçimləri deyil, həm də Türk dünyasında inteqrasiyanın güclənməsinin göstəricisidir.
Tələbələr burada yalnız bilik əldə etmir, eyni zamanda ortaq mədəniyyət və dəyərləri paylaşan insanlarla münasibətlər qururlar. Universitetlər arasında əməkdaşlıq, ikili diplom imkanları və mübadilə proqramları biliklərin sərhədsiz paylaşılmasını təmin edir.
Bu proses gəncləri həm akademik, həm də şəxsi baxımdan formalaşdırır və gələcəkdə ölkəmizin inkişafına töhfə verir.
Milli Məclisin deputatı Elnarə Akimovanın qeyd etdiyi kimi, Azərbaycanlı tələbələrin Qazaxıstanın 58 universitetində təhsil alması böyük bir prosesin başlanğıcıdır:

"Bu, gənclərin dünyaya açılmaq istəyi, alternativ təhsil mühitləri axtarması və region daxilində yeni cazibə mərkəzlərinin formalaşmasının göstəricisidir.
Uzun illər boyu azərbaycanlı tələbələrin istiqaməti əsasən Qərb və Türkiyə idi. İndi isə coğrafi və mədəni baxımdan bizə yaxın olan bir ölkəyə yönəlmə müşahidə olunur. Bu dəyişiklik təhsil siyasətində mühüm bir tendensiyanı üzə çıxarır: regional əməkdaşlıq güclənir, bilik artıq uzaqda deyil, yaxın coğrafiyada da keyfiyyətli şəkildə əldə olunur.
Qazaxıstanda son illərdə universitetlərin modernləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması bu axını daha da sürətləndirir.
Amma bu prosesə yalnız təhsil çərçivəsində baxmaq kifayət deyil. Burada daha dərin bir qat var; türk dünyasının yenidən bir-birinə yaxınlaşması".
Deputat əlavə edib:
"Qazaxıstanda təhsil alan azərbaycanlı tələbə yalnız dərs oxumur, o, eyni kökdən gələn, eyni mədəni kodları daşıyan insanlarla yenidən ünsiyyət qurur. Bu, tarix kitablarında qalan qardaşlıq deyil, gündəlik həyatın içində yaşanan, hiss olunan bir bağdır.
Son illərdə Türk dövlətləri arasında müşahidə olunan yaxınlaşma artıq yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Bu proses indi universitet auditoriyalarına qədər enib. Bu isə münasibətlərin daha dərin və davamlı mərhələyə keçdiyini göstərir. Çünki siyasət dəyişə bilər, amma birlikdə təhsil alan gənclərin qurduğu bağlar uzunömürlü olur.
Universitetlər arasında qurulan əlaqələr artıq kağız üzərində qalan razılaşmalar deyil, real insan talelərində öz əksini tapan bir prosesdir.
Azərbaycan və Qazaxıstan universitetləri arasında əməkdaşlığın genişlənməsi ölkəmiz üçün konkret və strateji faydalar vəd edir. Birgə proqramlar, ikili diplom imkanları, müəllim və tələbə mübadiləsi - bütün bunlar biliklərin sərhədsiz dövriyyəsini təmin edir.
Azərbaycanlı tələbə Qazaxıstanda qazandığı bilik və təcrübəni geri gətirir, ölkənin inkişafına töhfə verir. Bu, artıq beyin axını deyil, beyin mübadiləsidir".
E.Akimova hesab edir ki. Ən önəmlisi bu gün auditoriyalarda qurulan münasibətlər sabah dövlətlərarası əməkdaşlığın təməlini təşkil edəcəyidir:
"Bu gün 333 nəfər olan tələbə sabah minlərlə olacaq və onlar yalnız peşəkar mütəxəssislər kimi deyil, eyni zamanda ortaq düşüncəyə sahib bir nəslin nümayəndələri kimi formalaşacaqlar".
Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, Qazaxıstan və Azərbaycan arasında təhsil sahəsindəki mövcud dinamika kifayət qədər maraqlı və strateji əhəmiyyətlidir:

"Qazaxıstan universitetlərində azərbaycanlı tələbələrin sayının artması bir neçə mühüm tendensiyadan xəbər verir. Belə ki, Qazaxıstan son illərdə ali təhsil sistemini beynəlxalq standartlara (Boloniya prosesi, ikili diplom proqramları) uyğunlaşdırmaq üçün ciddi islahatlar aparır.
Tələbələrimizin bu ölkəyə üz tutması Qazaxıstanın regionda cəlbedici bir təhsil mərkəzinə çevrilməsinin göstəricisidir. Türkdilli dövlətlər arasında inteqrasiyanın güclənməsi gənclərin seçimində mühüm rol oynayır, adaptasiya prosesinin asanlığı və ortaq dəyərlər isə təhsil miqrasiyasını stimullaşdırır.
Qazaxıstan xüsusilə, mühəndislik, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və enerji sahəsində güclü akademik bazaya malikdir ki, bu da tələbələrimizin spesifik texniki sahələrə marağının göstəricisidir.
Azərbaycan və Qazaxıstan universitetləri arasındakı sıx əməkdaşlıq ölkəmizə bir neçə istiqamətdə fayda verə bilər. Xüsusilə, Xəzər dənizinin ekologiyası, logistika və neft-kimya sənayesi kimi kritik sahələrdə birgə elmi araşdırmaların aparılması iqtisadiyyatımıza innovativ töhfələr bəxş edər".
Ekspertin dediklərinə görə, prespektivdə ikili diplom proqramlarının genişləndirilməsi tələbələrimizə beynəlxalq səviyyədə tanınan sənədlər qazanmaq imkanı yaradaraq əmək bazarında rəqabətədavamlılığı artırır:
"Müəllim və tələbə mübadiləsi isə təcrübə paylaşımı və akademik mobilliyin sürətləndirilməsində çox önəmlidir. Bu, Azərbaycan universitetlərində tədris metodologiyasının təkmilləşməsinə və beynəlxalq reytinqlərdə mövqelərimizin möhkəmlənməsinə xidmət edir.
İki ölkə arasında artan ticarət dövriyyəsini idarə edəcək mütəxəssislərin yetişməsi isə gələcək iqtisadi layihələrin uğurunu təmin edir.
Bu tendensiyanı təkcə təhsil mübadiləsi deyil, həm də Türk dünyasının intellektual bütövlüyünün formalaşması istiqamətində atılan addım kimi dəyərləndirmək lazımdır.
Bu, Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin artıq siyasi və iqtisadi müstəvidən intellektual tərəfdaşlıq müstəvisinə keçdiyini göstərir. Yeni vektorun əsas elementləri kifayət qədər əsaslıdır; Orta Dəhliz və Rəqəmsal İpək Yolu əlaqələri artıq yalnız fiziki infrastrukturla deyil, həm də süni intellekt, blokçeyn və rəqəmsal idarəetmə sistemləri ilə güclənməlidir.
Xəzər dənizinin ekoloji vəziyyəti və yaşıl enerji keçidi sahəsində birgə elmi beyin mərkəzlərinin yaradılması hər iki ölkənin qlobal nüfuzunu artıracaqdır.
Tələbələrimizin Qazaxıstan universitetlərinə artan marağı, habelə Elm və Təhsil Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən rəsmi səfərlər zamanı imzalanan sənədlər Türk dünyasının akademik inteqrasiyasına xidmət edir.
Bu proses diplomların qarşılıqlı tanınmasından tutmuş, ortaq elmi laboratoriyaların qurulmasına qədər geniş bir spektri əhatə edərək "Türk Dünyası Ali Təhsil və Tədqiqat Məkanı"nın qurulması üçün möhkəm təməl yaradır.
Ölkə başçılarının ali siyasi iradəsinin elmi və innovativ müstəvidə tamamlanması əlaqələrin strateji dayanıqlığını təmin edən əsas faktordur. Bu, münasibətləri gələcək nəsillərin bilik və bacarıqları üzərində qurmaqla dövlətlərimizin işbirliyinin davamlılığını təmin etmək deməkdir".
Professor, siyasi elmlər doktoru Sabir Məmmədli də həmçinin, elm, təhsil və mədəniyyət sahəsində türk dövlətləri arasında əməkdaşlıq və geniş inteqrasiya prosesinin çox əhəmiyyətli bir məsələ olduğunu vurğulayıb:
"Belə ki, Qazaxıstan Universiteti, Özbəkistan Universitetləri və digər türk dövlətlərini təmsil edən universitetlər – Türkiyə, Qırğızıstan və başqa ölkələr – Azərbaycan universitetləri ilə əməkdaşlıq edirlər.

Bu, həqiqətən ürəyaçan bir prosesdi. Ümumtürk birliyi və ümumtürk informasiya məkanı formalaşır. Bu mənada çox xoş haldır ki, Azərbaycan gəncləri ikinci, üçüncü və beşinci dərəcəli Avropa ölkələrinə getdikdə, əsasən türk dövlətlərinə yönəlirlər, onların universitetlərinə üz tuturlar. Bu çox gələcəyə yönəlmiş bir prosesdir.
Qazaxıstan universitetlərinin potensialı kifayət qədər güclüdür və yüksəkdir. Elmi təfəkkürə sahib olmaq və elmi araşdırmalar aparmaq bizim gənclər üçün də əhəmiyyətlidir. Hər bir Azərbaycan gənci istər Qazaxıstanda, istər Özbəkistanda, istər Avropa ölkələrində, istər Türkiyədə olsun, Azərbaycanı təmsil edir.
Hər bir gənc, hər bir tələbə sanki Azərbaycanın səfiri kimi orada çıxış edir, əlaqələr yaradır, yerli tələbələrlə dostluq edir. Bu tələbələrlə görüşüb onları istiqamətləndirmək, onlara lazımi tövsiyələr vermək və məsələlər təqdim etmək təhsil nazirinin birinci dərəcəli vəzifəsidir".
Professor qeyd edib ki, Azərbaycanı necə təmsil etməli olduqları gənclərin həm təhsildə, həm də ictimai həyatda diqqət etməli olduğu əsas məsələlərdən biridir:
"Gənclik dövrü həm də şəxsiyyətin formalaşması dövrüdür və bu proses özünü göstərir. Qazaxıstanda Azərbaycan gənclərinin orada təhsil almaları, o cümlədən gələcəkdə doktoratura mərhələsinə keçənlər üçün şəxsiyyətlərinin formalaşmasına imkan yaradır.
O tələbəlik illəri həmin gənclər üçün ömürlərinin sonuna qədər xatirə və xoş emosional ruh yaradan bir ölkə kimi yadda qalacaq. Bi insanın gəncliyi, tələbəliyi hansı ölkədə keçibsə, o ölkə həmin gəncin ikinci vətəni hesab olunur. Qazaxıstan və digər türk dövlətlərində təhsil alan tələbələrimiz həm də türk xalqlarının gələcəyinə və türk düşüncəsinin formalaşmasına böyük rol oynayacaqlar".
Fatimə Məmmədova
15:40 09.04.2026
Oxunuş sayı: 742