Kod adı: V.X.A
Ötən əsrin 30-cu illəri Azərbaycan tarixinə siyasi repressiya dövrü olmaqla yanaşı, milli genofondun, intellektual elitanın və mənəvi dəyərlərin sistemli şəkildə məhv edilməsi mərhələsi kimi daxil olub.
Stalin rejiminin amansız maşını “inqilab öz övladlarını yeyir” prinsipi ilə hərəkət edərək, cəmiyyətin nurlu simalarını, ziyalılarını, maarifçilərini və dövlət xadimlərini bir gecədə “xalq düşməni” elan edirdi.
Çünki bu repressiya maşını üçün fərdin günahı yox, onun sistemə itaəti əsas idi. Bu dövrdə minlərlə Azərbaycan ziyalısına – Əhməd Cavaddan Mikayıl Müşfiqə, Hüseyn Caviddən Salman Mümtaza qədər – vurulan “vətən xaini” damğası sadəcə bir ittiham deyil, həm də onların bütün nəslinin lənətlənməsi demək idi. Axı bu rejim üçün “xain”in özü qədər onun kölgəsi, yəni ailəsi də təhlükəli idi.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində tamaşaçılara təqdim olunan “Kod adı: V.X.A” tamaşası da məhz “xainlərin” kölgələrini – görünməyən yaraları – 26 min qadının sükutla boğulan fəryadını bədii və sənədli faktlarla sarsıdıcı şəkildə üzə çıxarır və bizi qadın obrazlarının çiyinlərindəki ağır yükün fəlsəfəsinə aparır.
“Vətən xaini”nin xanımı olmaq o dövrdə hər anı işgəncə, təhqir və qeyri-müəyyənliklə dolu olan “yavaş ölüm” hökmü kimi idi. Onlar yalnız həyat yoldaşlarını itirmədilər, cəmiyyətdən təcrid olundular, övladlarından qoparıldılar və bir gecənin içində Bayıl təcridxanasının soyuq künclərində özlərini “heç kim” kimi tapdılar.
Tarixi faktlara əsasən yazılmış əsərin müəllifi və quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.
Arxiv sənədlərinin dili ilə danışan bu tarixi-sənədli dram 1930-cu illərin repressiya dəhşətlərini bütün çılpaqlığı ilə səhnəyə gətirir və bizi tarixin ən qaranlıq künclərinə – Bayıl təcridxanasının soyuq divarlarından Akmola (ALJİR) düşərgəsinin sonsuz qarlarına qədər uzanan bir iztirab yoluna çıxarır.
Tamaşada hər biri bir tarix olan qadınların obrazları canlanır. M. Ələkbərzadə bu qadınların fərdi faciəsini ümummilli bir ağrıya çevirərək inqilabın öz övladlarını necə amansızlıqla “tıxışdıra-tıxışdıra” yeməsini sarsıdıcı vizual mizanlarla nümayiş etdirir.
Rejissorun qeydlərində vurğulandığı kimi, bu qadınlar taxta vaqonlarda, ağzı bağlı heyvan sürüsü kimi vətəndən didərgin salınanda hələ qarşıda onları hansı cəhənnəm əzabının gözlədiyini bilmirdilər.
Tamara Hüseynova, Xədicə Kəngərli, Ümmügülsüm Sadıqzadə, Dilbər Axundzadə, Ayna Sultanova, Şükriyyə Axundzadə, Heyran Ağazadə, Xədicə Qayıbova və digər onlarla nurlu sima – onlar sadəcə musiqiçi, maarifçi, ana və vəfalı həyat yoldaşı idilər. Lakin bir gecədə “şəxsiyyət” statusundan məhrum edilərək beşrəqəmli kodlara çevrildilər.
“Məni bir heç etdilər...”
Bu qadınların adı, soyadı, milliyyəti, kimliyi yoxdur. Onlar üçün dövlətin vurduğu tək bir damğa var: V.X.A. M. Ələkbərzadə bu “heç edilmiş” həyatları yenidən bizə qaytarır. Səhnədə 26 min cavabsız sualın ağırlığı hiss olunur. Niyə bu zülm? Niyə bu işgəncə? Cavab isə sarsıdıcıdır: “Ona görə ki, biz vətən xainlərinin arvadlarıyıq!”
Tamaşanın gedişatı boyu zalda misli görünməmiş bir ab-hava hökm sürürdü. Obrazlar vasitəsilə Azərbaycan qadınının namus bütövlüyünü və ləyaqətini necə qoruması zərgər dəqiqliyi ilə göstərilirdi. Zaldakı hər kəs sarsılmış halda qadınlarımızın talelərinin harada dayanacağını, bu zülmün axırının hara gedəcəyini gözləyirdi. Gözlərdəki yaş, çöhrələrdəki kədər tamaşanın sadəcə bir oyun deyil, real faciənin mənəvi dərsi olduğunu sübut edirdi.
Kimisinə 5 il, kimisinə 8, 10, 15 il, hətta ömürlük cəza kəsilmişdi. Bu məşəqqətli yolda isə tək bir təsəlliləri var idi: “Dözmək lazımdır... Vaxt gələcək bizi geri qaytaracaqlar”. Lakin cəlladın istehzası amansızdır. Musiqiçi qıza deyilən o dəhşətli cümlə insanı sarsıdır: “9 qramla cənnətə gedəcəksən, musiqiçi qız!”
Tamaşanın konseptual həllində rejissorun tapdığı metaforik vasitələr xüsusi bədii çəkiyə malikdir. Sürgündə qadınların qamış istehsalında çalışdırılması səhnəsi əsərin ideya yükünü daşıyan əsas rəmzlərdən biridir.
Obrazların əllərindəki bir-birinə tikilmiş qamışların gah dörd divarlı həbsxanaya, gah fırlanan və çıxılmaz labirintə, gah da keçilməz hasarlara çevrilməsi azadlığı zorla əlindən alınmış insanın daxili sıxıntısını vizuallaşdırır. SSRİ-ni mədh edən saxta ruhlu mahnıların – “Şiroko strana moya rodnaya”nın sədaları altında qadınların ac-susuz şəkildə yerində addımlamağa məcbur edilməsi totalitar sistemin fərd üzərindəki qeyri-insani təzyiqinin ən kəskin bədii etirazıdır.
Bu, insan ruhunun fiziki işgəncələrlə sındırılmasına cəhd edən bir dövlətin öz mənəvi iflasının səhnə təcəssümüdür.
“Bizi xatırlayın...!”
“Kod adı V.X.A” bizim dünənimizə, 89 illik sükutumuza, unudulmuş, unutdurmaq istədikləri keçmişimizə olan mənəvi vida borcumuzdur. Biz bu tamaşa vasitəsilə tarix boyu xalqımızın başına nə bəlalar gətirildiyinə, ziyalılarımızın məqsədli şəkildə necə repressiya qurbanı olduğuna bir daha şahidlik etdik.
Sadəcə ziyalılarımızın özləri ilə yetinməyən cəlladlar, həm də onların həyat yoldaşlarını və ailə üzvlərini dəhşətli sınaqlara məruz qoyublar. Bu səhnə əsəri ilə biz kədərli tariximizin iç üzünü gördük və bir daha anladıq ki, dünənini unudanın gələcəyi ola bilməz.
M.Ələkbərzadə və bütün yaradıcı heyət bu tamaşa ilə həm sənət, həm də vətəndaşlıq borcunu ən ali səviyyədə yerinə yetirərək, tarixin qaranlıq vaqonlarından sağ çıxan ruhlara əbədi bir abidə ucaltdılar. Səhnədə canlanan hər bir nalə, hər bir baxış və hər bir sükut bizə bir həqiqəti xatırladır: şərəflə yaşanmış bir sürgün ömrü, ləyaqətsiz azadlıqdan qat-qat ucadır.
“Bizi xatırlayın...!” Bu nida tarixin səssiz qurbanlarının gələcəyə göndərdiyi bir vəsiyyətdir.
17:04 06.04.2026
Oxunuş sayı: 4325