Sosial şəbəkələrdə ideal görünüş illüziyası – yeni dövrün görünməyən problemi
Son illərdə insanlar obyektiv qarşısında daha təbii görünməkdən çox, özlərini “ideal” göstərməyə üstünlük verirlər.
Əgər bir vaxtlar kamera qarşısında səmimi anları yadda saxlamaq əsas idisə, bu gün filtrli və effektlərlə bəzədilmiş görüntülər reallığı üstələyir.
Sosial şəbəkələrin təsiri ilə formalaşan bu tendensiya insanları adi kameradan uzaqlaşdırır, onları daha çox süni gözəllik standartlarına uyğunlaşmağa məcbur edir.
Artiq sadə bir foto kifayət etmir, insanlar özlərini daha fərqli, daha “mükəmməl” göstərmək üçün müxtəlif effektlərdən istifadə edir.
Bu barədə Crossmedia.az-a fikirlərini bildirən İngla Kids and Preschool un direktor müavini uşaq və yeniyetmə psixoloqu Aysu Həsənova da təsdiqləyib ki, son illərdə sosial şəbəkələrdə filtr istifadəsi artıq adi haldan çıxıb, bir növ normaya çevrilib:

"Elə səviyyəyə gəlib çatıb ki, bəzi insanlar real həyatda göründükləri ilə paylaşdıqları görüntü arasında ciddi fərq yaradırlar. Bəzən isə bu fərq o qədər böyük olur ki, insanı realda tanımaq çətinləşir. Bəs insanlar niyə filtrdən istifadə edir? Özlərini daha yaxşı hiss etmək üçün.
Amma bu daha yaxşı hiss etmək anlayışının altında bir neçə dərin psixoloji səbəb dayanır. İlk səbəblərdən biri özünə inamsızlıqdır. İnsan öz görünüşündən tam razı olmadıqda, filtr onun üçün bir növ təhlükəsiz versiya yaradır. Sanki deyir mən belə olsaydım, daha çox qəbul olunardım. Bu, tədricən insanın öz təbii halını bəyənməməsinə gətirib çıxara bilər. Digər tərəfdən, bu artıq bir trend məsələsidir. Sosial şəbəkələrdə hamı daha ideal, daha qüsursuz görünür. İnsan isə bu mühitdə geri qalmamaq üçün eyni standartlara uyğunlaşmağa çalışır. Yəni bəzən filtr istifadə etmək seçim yox, uyğunlaşma davranışına çevrilir. Bir başqa vacib faktor isə diqqət və təsdiq ehtiyacıdır".
Psixoloq, insanların paylaşdığı fotoya gələn bəyənmələr, şərhlər vasitəsilə özünü dəyərli hiss etdiyini qeyd edib:
"Filtrli şəkillər isə adətən daha çox diqqət çəkir. Bu da insanın beynində bir əlaqə yaradır. filtr = daha çox qəbul olunmaq. Və bu dövrə təkrarlanır. Amma burada incə bir məqam var. Filtrdən istifadə etdikcə insan öz real görüntüsü ilə paylaşdığı görüntü arasında məsafə yaradır. Bu məsafə böyüdükcə isə daxildə bir narahatlıq yaranır.
Çünki insan artıq olduğu kimi yox, görünmək istədiyi kimi qəbul olunmağa başlayır. Zamanla bu, belə bir düşüncəyə çevrilə bilər. Məni yox, mənim düzəldilmiş versiyamı bəyənirlər. Bu isə özünə inamı artırmaq əvəzinə, əksinə, daha da zəiflədir. Filtrdən istifadə etmək özlüyündə problem deyil.
Problem o zaman başlayır ki, insan filtrsiz halını qəbul edə bilmir. Çünki sağlam psixoloji vəziyyətdə insan bilir ki, onun dəyəri yalnız görünüşü ilə ölçülmür. Əslində özümüzə verməli olduğumuz sual - Biz özümüzü göstəririk, yoxsa özümüzdən daha qəbul olunacaq bir versiyanı?".
Fatimə
17:27 06.04.2026
Oxunuş sayı: 797