Hörmüz boğazı açılır?- Təhlil
Ağ Evin rəhbəri Donald Tramp ABŞ-nin heç bir çətinlik çəkmədən Hörmüz boğazının açılmasını təmin edə biləcəyini bildirib.
"Bir az əlavə vaxtla biz Hörmüz boğazını asanlıqla aça, nefti götürə və sərvət qazana bilərik. Bu, bütün dünya üçün əsl "qızıl mədəni" olacaq???", - o “Truth Social"da yazıb.
Məlum olduğu kimi, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Fikrimcə, bu, daha çox blefdir. Hər halda İran Hörmüz boğazını bağlamaqla ABŞ-ni əməlli- başlı fakt qarşısında qoyub. İndi Vaşinqton məcburdur ki, Hörmüz boğazının açılması üçün Tehranla hansısa formada razılaşsın.
Daha əvvəl Tramp Hörmüz boğazının açılması ilə bağlı demişdi ki, əgər Avropa bu məsələdə dəstək verməsə, ABŞ də Ukraynaya dəstəyi dayandıracaq. Görünən odur ki, ABŞ-nin Avropaya ehtiyacı var.
Hörmüz boğazının bağlanması təbii ki, ABŞ-nin işini çətinləşdirir. Bu baxımdan boğazın ən yaxın müddətdə açılması Vaşinqton üçün strateji əhəmiyyətli məsələdir. İran isə mümkün qədər bununla ABŞ-yə təzyiq göstərməyə, qarşı tərəf mümkün digər addımlardan çəkindirməyə çalışır. İran o zaman Hörmüz boğazını açmağa hazır olacaq ki, ABŞ müharibəni bitirsin. Bu baxımdan rəsmi Tehran Hörmüz boğazı məsələsindən bir növ diplomatik ticarət üçün istifadə etməyi planlaşdırır.
Hörmüz boğazının açılması tərəflər arasında qarşılıqlı etimadın yaranmasına, gərginliyin azalmasına səbəb ola bilər. Amma İsrail və Rusiya kimi güclər bunu istəmədiyinə görə prosesin qarşısını almağa çalışacaqlar.
Düşünürəm ki, tərəflər siyasi iradə ortaya qoya bilsələr yaxın zamanda həm Hörmüz boğazının açılmasına, həm də müharibənin ən azı aktiv fazasının bitməsinə nail ola bilərlər.
18:22 06.04.2026
Oxunuş sayı: 62