Nə istəyirsiniz Bakıdan???
Gənclərin Nizami Kino Mərkəzinin divarına qrafit çəkməsi bir neçə gündür müzakirə olunan əsas məsələlərdəndir. Ölkənin ictimai- siyasi xadimləri, psixoloqları, sosioloqları, jurnalistləri, bir sözlə ziyalıları bu məsələ barədə baş sındırırlar: Axı gəncləri nə, kim buna vadar edə bilər?
Qrafit tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.
Binaya dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.
Faktla bağlı cinayət işi başlanılıb.
Məlum olduğu kimi, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti, 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin binası bir qrup şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Təbii ki, bu, sözün əsl mənasında vandalizmdir. Tarix və mədəniyyət abidələrinə münasibətin bu formada ifadə olunması açıq şəkildə vandalizm aktıdır.
Eyni zamanda bu, şəhərimizin gözəlliyinə qarşı bir təcavüzdür. Bakı şəhəri gündən-günə daha da gözəlləşir. Şəhərin gözəlləşdirilməsi bir tərəfdən memarların, arxitektorların, tikinti şirkətlərinin və dizaynerlərin işidirsə, digər tərəfdən onu qoruyub saxlamaq şəhər sakinlərinin məsuliyyətidir. Belə hallara qətiyyən yol verilməməlidir.
Təəssüf ki, bəzi hallarda bu cür hadisələrin baş verməsi bizim laqeydliyimizdən qaynaqlanır. Çünki bəzən gözümüzün qarşısında baş verən hadisələrə qarşı münasibət bildirilmir, etiraz edilmir. Bu baxımdan məsələ artıq ümumi ictimai məsuliyyət xarakteri daşıyır.
Gənclərin, xüsusilə də yeniyetmələrin bu cür hadisələrdə iştirak etməsi ailədaxili tərbiyə və təlim məsələlərində müəyyən problemlərin mövcud olduğunu da göstərir Bununla yanaşı, məktəblərdə də bu məsələlərə diqqət yetirilməsi olduqca vacibdir. Düşünürəm ki, biz hər şeydən əvvəl öz tariximizi, milli-mədəni irsimizi təbliğ etməliyik. Bu iş ailədən başlamalı, uşaqlarımıza bu dəyərlərə hörmət ruhu aşılanmalıdır. Əgər biz uşaqlarımıza bu dəyərlərin əhəmiyyətini göstərə bilsək, şübhəsiz ki, gələcək nəsil də onları daha yüksək qiymətləndirəcək və qoruyacaq.
Həmin şəxslər o zaman nə düşünüblər, bu əməli nə məqsədlə törədiblər, bilmirəm. Bəlkə də, sonrada peşman olduqlarını deyiblər. Amma nə fayda? İndi onlar öz yaxın ətraflarında, qohum- əqrəba içində, yəqin ki, ən bədnam adama çevrildilər. Hər halda çətin ki, başları dik gəzələr.
Bu şəhər, bu tarixi binalar sizə nə edib? Nə istəyirsiniz daş- dovardan?! İllərdir sizə qucaq açan, hər “kaprizinizə” dözən Bakıdan heçmi utanmadınız???
18:42 06.04.2026
Oxunuş sayı: 66