Siqaret, alkoqol, narkotika: Gənclərin həyatını necə təhdid edir? - Narkoloq Asif Kəngərli
Müasir dövrdə asılılıq – istər alkoqol, istər narkotik, istərsə də tütün istifadəsi – yalnız tibbi problem deyil, eyni zamanda ciddi sosial, psixoloji və mənəvi məsələ kimi cəmiyyətin qarşısında dayanır. Bu problem təkcə bir fərdin sağlamlığı ilə məhdudlaşmır; ailə institutunu sarsıdır, əmək qabiliyyətini zəiflədir, gənc nəslin gələcəyini təhlükə altına qoyur və ümumilikdə cəmiyyətin inkişafına mənfi təsir göstərir.
Son illərdə xüsusilə gənclər arasında asılılıq hallarının artması narahatlıq doğurur. Ən düşündürücü məqamlardan biri isə budur ki, bu problem yalnız sosial baxımdan çətin şəraitdə yaşayan ailələrdə deyil, əksinə, çox vaxt sağlam, təminatlı və ziyalı ailələrdə böyüyən gənclər arasında da müşahidə olunur. Bu fakt asılılığın yaranma səbəblərinə daha dərindən yanaşmağın zəruriliyini ortaya qoyur.
Bəs asılılıq necə formalaşır? Bu prosesin kökündə hansı psixoloji və tərbiyəvi amillər dayanır? Ailədə verilən həddindən artıq rahatlıq, məsuliyyət hissinin formalaşdırılmaması, uşağın həyatın çətinliklərinə hazır böyüdülməməsi gələcəkdə hansı riskləri yaradır? İnsan hansı mərhələdə artıq asılı sayılır və bu vəziyyətdən çıxış mümkündürmü?
Digər tərəfdən, müasir dövrdə geniş yayılmış yanlış təsəvvürlər – məsələn, elektron siqaretlərin zərərsiz olması kimi fikirlər – gəncləri daha da riskli davranışlara sürükləyir. Maarifləndirmə işlərinin yetərli olmaması, məktəblərdə bu mövzuların sistemli şəkildə tədris edilməməsi də problemin dərinləşməsinə səbəb olan əsas amillərdəndir.
Məsələ ilə bağlı Narkoloq Asif Kəngərli Crossmedia.az-la öz fikirlərini bölüşüb:
— Asılılıq (alkoqol və narkotik) necə yaranır və əsas səbəbləri nələrdir?
— Mən həm narkologiya elmi, həm nəzəri elmi, həm də praktik olaraq görürəm ki, asılılığın yaranması hər kəsdə olmur. Daha doğrusu, hamı alkoqol xəstəsi və ya narkoman olmur.
Bəs kim olur? Evdə ərköyün böyüdülən şəxslərdə. Təsəvvür edin, atası ziyalı, çox gözəl ailədir, lakin uşağı ərkəyən böyüdülür.
Dünən bir həkimlə görüşdüm. Ona dedim ki, oğlun ərköyün böyüdülüb. O isə cavab verdi ki, mən özüm elə eləmişəm.
Söhbət əsnasında dedi ki, razı olmurdum ki, o gedib nəsə etsin, özüm ona hər şeyi gətirirdim və hazır şəkildə verirdim. Başqa çox xarakterik bir hadisə baş verdi. Yanıma bir kişi gəlmişdi. Yaşlı bir kişi idi. Dedi ki, doktor, nəvəm narkotik istifadəçisidir, onu müalicə etmək lazımdır. Dedim, edərik, danışmağa başladı. Dedi ki, onu orta məktəbə qoydum, sonra universitetə göndərdim, əsgərliyə qoymadım getsin. Sonra ikinci instituta qoydum, oranı bitirdi və evləndirdim.
Bax, mən uşağmı bir növ hər şey eləmişəm. Ona torpaq almışam, üç mərtəbəli ev tikmişəm, evləndirmişəm, vəzifəyə qoymuşam. Vəzifədə işləyir, iki uşağı var, maşın almışam. Amma bu özünü inkişaf etdirmir? Mən güldüm və dedim ki, bu yeriməyəcək də o isə dedi niyə? Çünki onu invalid etmisən, yəni özün onu məsuliyyətsiz formalaşdırmısan və xarakteri formalaşmayıb. O, kiçik bir problemi olsa belə onu həll edə bilməyəcək.
İndi onun qarşısında böyük problem – narkomaniya, alkoqolizm və ya tütün istifadəsi ilə bağlıdır. Güc, iradə, intizam və əzmkarlıq yoxdur. Demək istəyirəm ki, birinci əsas məsələ uşağın tərbiyəsi və münasibətidir.
Məsələn, hər 10 narkotik və ya alkoqol istifadəçisindən 8-i sağlam, düzgün, tərbiyəli valideynlərin ailəsindən çıxır. Qalan ikisi isə problemli ailədən çıxır ki, bunlara biz boşanmış valideynlər, ailədə anlaşılmazlıq olanları qeyd edə bilərik. Burada əsas rol uşağa olan münasibət və ona verilən tərbiyədir. Bir var əxlaq, bir var tərbiyə. Biz deyək ki, əxlaqsızdır – çox mərifətli, düzgün uşaqlardır. Lakin xəstəliyin, xəstəliyə meyilliliyin, yumşaqlığın nəticəsi ilə problem yarana bilər.
Onlar müəyyən işləri görmək istəyirlər, amma əldə edə bilmirlər. Onlarda artıq psixopatiya formalaşır.
Psixopatiya isə bir xəstəlikdir. Bu xəstəliyə düşən şəxslər heç nə edə bilmirlər. Niyə əksəriyyəti edə bilmir? Çünki iradə, əzmkarlıq yoxdur.
— Doktor, insan hansı mərhələdə tam asılı sayılır?
— Artıq asılıdırsa, imtina edə bilmir, iradəsi zəif olur. Bəzi insanlar əvvəlcə siqaret çəkir, sonra spirtli içki, daha sonra isə digər narkotik maddələrə keçir. Siqaret zəif narkotik maddədir. Tərkibində nikotin var. Nikotin insan orqanizminə zərər verir, hüceyrələrin funksiyasını pozur. Uzun müddət istifadə nəticəsində siqaretin tərkibindəki ağır və radioaktiv maddələr bədəndə yığılır.
Məsələn, Polonium-210, Bismut-210, Civə-210 siqaret tərkibində olan zəhərli izotoplardır. Bu maddələr orqanizmə zərər verir, uzun müddətdə sağlam hüceyrələri də təsir edir. Statistikaya görə, insan ömrünün 20 ilini siqaretə, 20 ilini isə alkoqola qurban verir. Narkotik maddələr qəbul edən şəxslər orta hesabla 6 il yaşayır.
Narkotik və ya alkoqol istifadəçisi əvvəlki davranışını itirir. Mədəniyyəti, intizamı və şəxsi münasibətləri dəyişir. Evdə, işdə, ailə münasibətlərində problem yaranır.
— Müalicə prosesi necə gedir və nə qədər vaxt aparır?
— Müalicə zamanı həkim xəstəni adətən öz evində müalicə edir. Bu, xəstənin sosial mühitinə daha uyğundur. Alkoqolik və narkotik istifadəçiləri üçün 4-5 gün ərzində ilkin müalicə aparılır – fiziki vəziyyət düzəldilir, yuxu, əhval-ruhiyyə normallaşır, qida qəbul etməyə başlayır.
— Ailə üzvləri asılı olan insana necə kömək edə bilər?
— Ən çox rol xəstənin öz iradəsindədir. Evdəkilərin dəstəyi və inanması müalicəyə kömək edir. Psixoloq ilə davamlı iş vacibdir. Həftədə bir və ya iki dəfə. Üç aydan bir həkimə gəliş, iki il ərzində müalicənin davamlılığı xəstənin narkotik və alkoqol istifadəsinə qayıtmasının qarşısını alır.
— Asılılıq daha çox psixoloji problemdir, yoxsa fiziki?
— İstifadənin və asılılıq mərhələləri var və aşağıdakılardır:
İstifadə mərhələsi: Məsələn, toyda, bayramda bir dəfə içmək. Bu mərhələdə xəstə deyil, iradəsi var.
Sui-istifadə mərhələsi: Tez-tez və müəyyən miqdarda içmək, amma hələ burada da xəstə deyil.
Xəstə mərhələsi: Miqdar artıb, şəxsiyyət pozulur, ailə, iş, münasibətlər təsirlənir – mütləq müalicə lazımdır.
Hər bir mərhələdə xəstənin vəziyyətini düzgün qiymətləndirmək vacibdir. Narkotik maddələr və alkoqol istifadəsi ağır fəsadlar verir, müalicə isə həm tibbi, həm psixoloji, həm də sosial dəstək tələb edir.
Bu kimi halların televiziya, radio, mətbuat ilə kifayətlənməlidir? Təbii ki, xeyr. Onlar kifayət deyil. Onların həyatında rol oynaya bilmir.
İndiyə qədər azı 25 il, 30 ilə yaxın vaxt keçir. Hətta bu barədə Ulu Öndər Heydər Əliyevin göstərişi də var idi. Təhsildə bu məsələylə bağlı təsdiqlənmiş kitablar istifadə olunsun.
Mən əsərlərimlə bağlı keçmiş Təhsil Problemləri İnstitutu indiki Təhsil İnstituna müraciət etdim. İnstitut rəy verdi ki, bu həqiqətən orta məktəbdə tədris olunmağa yararlıdır.
2017-ci ildə cənab prezident İlham Əliyev dedi ki, mən siqaret çəkmirəm və çəkməyidə heç kəsə məsləhət görmürəm. Hamı araya düşdü, özünü göstərməyə çalışdı, deputatlar vs. Amma bu barədə ali iş görən heç kim olmadı. Yalnız mən əsərlər yazıb ortaya qoydum bu barədə. Məndən başqa heç kəs heç nə etmədi.
— Gənclər arasında bu asılılığın artmasının səbəbləri nədir?
— Birinci, ailələrdə, evlərdə ata siqaret çəkməməlidir. Amma indi qadınlar analar belə başlayıblar siqaret çəkməyə. Övladlar onlara baxıb nə nümunə götürsün?
Digər tərəfdən, orta məktəblərdə mütləq bu mövzuda, alkoqolizm mövzusunda, narkomaniya mövzusunda dərsliklər tədris edilməlidir.
Müntəxəbatda olmalıdır, ya da sinifdən xaric tədris edilməlidir. Biz bunu etməyənə qədər, siqaret çəkənlər də, narkotik qəbul edənlər də, spirtli içki içənlər də artacaq, azalmayacaq.
— Doktor gənclər arasında, orta yaşlılarda da elektron siqaretlərin istifadəsi geniş yayılıb və soruşanda deyirlər ki, bu, adi siqaretdən zərəri azdır. Bəs bu həqiqətdə də belədir yoxsa sadəcə bir bəhanədir?
— Araşdıranda görürük ki, zərəri daha çoxdur faizlərlə. Yəni, bu, reallıqdır. Amma deyirlər ki, zərəri azdır.
Bununla bağlı da ciddi problem yaranır. Mən təşəkkür edirəm dövlət orqanlarına ki, elektron siqareti çəkməyi qadağan etdi.
Qayda pozuntusu olarsa 30-40 manat da cərimə olunur. Artıq elektron siqaretlər dünya səviyyəsində və Azərbaycan hökuməti səviyyəsində də qadağan edilir. Və biz bunu həyata keçirərək xeyrini görəcəyik.
Maraqlı məqamı qeyd edim. Bir qadın güləşçi gəldi yanıma və o narkotik asılılıqdan əziyyət çəkirdi. Mən müalicə etdim. Düzdür idmançılar fiziki cəhətdən güclüdürlər, amma ruhi cəhətdən zəifdirlər.
Bir şeyi unutmayaq ki, bu asıllıqlar ilk dəfə özünü yaxşı tərəfdən göstərir. Özünü dost kimi göstərir, sonra düşmən kimi göstərir və canımızı alır. Ona görə də çalışaq bu bəladan qorunaq və birgə mübarizə aparaq.
Elmir Heydərli
16:36 06.04.2026
Oxunuş sayı: 753