Sellər insanları aparır: Yağış suları çox böyük faciələrə səbəb olur
Aramsız yağan yağışlar yenə faciəyə səbəb olub, təbiət bu dəfə də can alıb. Belə ki, Qusar rayonunda güclü sel suları bir nəfərin həyatına son qoyub.
Hadisə rayonun Gündüzqala kəndi ərazisindən keçən Quruçayda baş verib. Qəfil gələn sel kənd sakini, 29 yaşlı Farik Fərid oğlu Rəsulovu axına aparıb.
Aparılan axtarışlar nəticəsində onun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bu cür halların artması bir daha göstərir ki, aramsız yağışlar zamanı ehtiyatlı olmaq, sel və daşqın təhlükəsindən qorunmaq həyati əhəmiyyət daşıyır.
Hazırkı vəziyyətlə bağlı Crossmedia.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert İlkin Məmmədkərimov son illərdə iqlim dəyişikliyi fonunda qəfildən intensiv yağışların yağmasının sel və daşqın risklərini ciddi şəkildə yükməsinə səbəb olduğunu vurğulayıb:
"Məsələ burasındadır ki, çaylara yaxın ərazilərdə yaşayan vətəndaşlar xüsusilə diqqətli olmalı, dövlət qurumları tərəfindən edilən xəbərdarlıqlara ciddi yanaşmalıdırlar. Belə halların qarşısını almaq üçün bu tədbirlər kifayət deyil. Eyni zamanda yerli icra strukturları tərəfindən bu ərazilərdə maarifləndirmə işləri görülməlidir. Bununla yanaşı, əhalinin erkən xəbərdarlığı ciddi qəbul olunmalıdır. Bu cür hallarda FHN-nin də xəbərdarlığı olur. Əkin sahələri ilə bağlı işlərlə məşğul olan şəxslər yağıntılı günlərdə evdən çölə çıxmamalıdır".
Fatimə
19:22 06.04.2026
Oxunuş sayı: 54