ABŞ-nin planı niyə işləmədi - İran hələ də necə dayanır?
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuperin İranın hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması barədə nikbin bəyanatlarına rəğmən, Tehranın raket hücumlarını davam etdirməsi hərbi ekspertlər tərəfindən fərqli qiymətləndirilir.
Beş həftəlik intensiv zərbələrin gözlənilən mütləq nəticəni verməməsi isə Ağ Evdə kadr islahatları və daxili gərginliklə müşayiət olunur.
Crossmedia.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, zərbələr müəyyən effekt versə də, İranın tam iflic olması barədə danışmaq doğru deyil:
"Bir aydan çoxdur ki, ABŞ və İsrail İrana qarşı intensiv zərbələr endirir və şübhəsiz ki, bu, İranın hava hücumundan müdafiə sistemlərini zəiflədib. Amma bu, o demək deyil ki, İran çıxılmaz vəziyyətə düşüb.

Mövcud vəziyyət ABŞ və İsrail üçün də gözləniləndən daha mürəkkəbdir. Əslində bu müddətdə İranın müdafiə sistemləri tam sıradan çıxarılmalı idi. Amma görünür ki, bəzi hesablamalar düzgün aparılmayıb. İranın cavab zərbələri həm regionda, həm də daha geniş coğrafiyada ABŞ və müttəfiqlərinin maraqlarına təsir göstərir".
Onun sözlərinə görə, İranın raket potensialı hələ də aktivdir:
"Biz görürük ki, Yaxın Şərqdə ABŞ və müttəfiqlərinə aid hərbi və strateji obyektlər İran raketləri ilə hədəf alınır. Bu hücumlar bəzən uğurlu olur, bəzən yox, amma fakt odur ki, İran hələ də raket buraxılışlarını davam etdirə bilir".
Hörmüz boğazı ətrafında yaranan gərginliyə də toxunan ekspert bildirib ki, bu faktor İranın mövqeyini daha mürəkkəb, amma eyni zamanda daha təsirli edir.
Quru əməliyyatları ehtimalına gəlincə isə, Ü.Cəfərov hesab edir ki, bu məsələ daha çox siyasi qərardan asılıdır və genişmiqyaslı müdaxilə real görünmür:
"Donald Tramp bu məsələdə çox ehtiyatlı davranır. ABŞ daxilində ciddi narazılıq var, iqtisadi təsirlər hiss olunur. Bu da onun qərarlarını məhdudlaşdırır. Əgər quru müdaxiləsi olsa belə, bu, genişmiqyaslı deyil, daha çox lokal xarakter daşıya bilər.
Məsələn, Xarq adası kimi strateji nöqtələrdə xüsusi təyinatlıların iştirakı ilə məhdud əməliyyatlar istisna deyil".
Sonda ekspert vurğulayıb ki, mövcud vəziyyət göstərir ki, proseslər tam şəkildə Donald Trump administrasiyasının planlaşdırdığı kimi inkişaf etmir:
"Ümumi mənzərə onu göstərir ki, hər şey plan üzrə getmir və İran hələ də müqavimət imkanlarını qoruyub saxlayır".
Nigar Yahyazadə
16:34 04.04.2026
Oxunuş sayı: 435