Rəqəmsal təhlükə böyüyür – vətəndaşlar hədəfdədir
Elektron təhlükəsizlik sahəsində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyasının aşkarlanması rəqəmsal mühitdə risklərin getdikcə artdığını bir daha göstərir.
Bu cür hücumlar əsasən istifadəçilərin şəxsi və maliyyə məlumatlarını ələ keçirməyə yönəldiyindən, məsələ artıq təkcə texniki deyil, həm də ictimai təhlükəsizlik problemi kimi qiymətləndirilir.
Mövcud vəziyyət fonunda fişinq hücumlarına qarşı effektiv mübarizə mexanizmlərinin tətbiqi, kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi və vətəndaşların rəqəmsal savadlılığının artırılması əsas prioritetlərdən biri kimi çıxış edir. Xüsusilə, istifadəçilərin bu kimi riskləri vaxtında tanıya bilməsi və düzgün davranış modeli sərgiləməsi, bu təhdidlərin qarşısının alınmasında həlledici rol oynayır.
Mövzu ilə bağlı İT eksperti Elvin Abbasov Crossmedia.az-a açıqlama verib:
"ETX tərəfindən aşkarlanan genişmiqyaslı fişinq kampaniyaları ilə mübarizə həm texnoloji bloklama, həm də institusional preventiv tədbirlər tələb edir. İlk növbədə, saxta domenlərin və "fishing" keçidlərinin provayder səviyyəsində dərhal filtrasiyası, həmçinin dövlət və bank xidmətlərində iki faktorlu autentifikasiyanın (2FA) istifadəsini məcburi hala gətirmək kritik əhəmiyyət kəsb edir.

Texniki müdafiə qatları nə qədər güclü olsa da, kiber-cinayətkarların psixoloji manipulyasiya üsullarına qarşı operativ xəbərdarlıq sistemlərinin qurulması və şübhəli fəaliyyətlərin süni intellekt əsaslı monitorinqi mübarizənin əsas sütunlarından biri ola bilər".
Ekspert əlavə edib ki, vətəndaşların rəqəmsal savadlılığının artırılması da kiber-təhlükəsizlik zəncirinin ən mühüm halqasıdır, çünki texnoloji həllər "insan faktoru" qarşısında hər zaman aciz qala bilər:
"Maarifləndirmə tədbirləri vasitəsilə istifadəçilərə saxta URL ünvanlarını tanımaq, şübhəli mesajlara klikləməmək və "kiber-gigiyena" qaydalarına əməl etmək vərdişləri aşılanmalıdır. Vətəndaş öz məlumatlarını qorumağı bacarmadıqca, kiber-hücumların effektivliyi yüksək qalacaq; buna görə də genişmiqyaslı təlimlər və sosial çarxlar vasitəsilə cəmiyyətin rəqəmsal dözümlülüyünü artırmaq zəruridir".
Ayhan
13:30 04.04.2026
Oxunuş sayı: 167