Şəkidə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Aprelin 3-də Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin, Şəki şəhər Heydər Əliyev Mərkəzinin və Şəki rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Milli şərəf salnaməsi” adlı anım tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən anım mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatının rəhbərliyi, şəhid ailələri, qazilər, idarə və təşkilat rəhbərləri, mədəniyyət, təhsil işçiləri iştirak ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında Aprel döyüşlərinin Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsində mühüm yer tutduğunu, bu tarixi qələbənin xalqımızın vətənpərvərlik ruhunun, döyüş əzminin və milli birliyinin parlaq təzahürü olduğunu vurğulayıb.
Həmçinin Aprel döyüşlərində şəhid olmuş qəhrəmanların valideynləri və yaxınları çıxış edərək övladlarının əziz xatirəsinin daim uca tutulduğunu bildiriblər.

Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib, şeirlər təqdim olunub. Həmçinin Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş etdirilib.


13:29 04.04.2026
Oxunuş sayı: 92