İranın 4 şərti - Tehran nəyi hədəfləyir?
Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir dövrdə rəsmi Tehrandan səsləndirilən son açıqlamalar diqqət mərkəzinə çevrilib. İranın Rusiyadakı səfiri Kazım Cəlali sülhə nail olmaq üçün Tehranın irəli sürdüyü şərtləri açıqlayaraq, münaqişənin mümkün həll çərçivəsini ortaya qoymağa çalışıb.
Açıqlanan 4 əsas bənd – Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən təcavüzün dayandırılması, gərginliyin artmaması üçün zəmanət verilməsi, maddi və mənəvi zərərin kompensasiyası, eləcə də İranın Hörmüz boğazı üzərində hüquqi yurisdiksiyasına hörmət edilməsi – ilk baxışdan sülh təşəbbüsü kimi təqdim olunsa da, bu şərtlərin real siyasi müstəvidə nə dərəcədə qəbul edilə biləcəyi sual doğurur.
Məhz bu məqamda əsas sual ortaya çıxır: tərəflər arasında dərin etimadsızlığın və qarşılıqlı ittihamların hökm sürdüyü bir şəraitdə bu cür şərtlər müharibənin bitməsi üçün real təməl ola bilərmi? Yoxsa bu, daha çox diplomatik ritorika və siyasi mövqe nümayişindən ibarətdir?
Digər mühüm məsələ isə mümkün razılaşma perspektividir. Qarşı tərəfin, ABŞ və İsrailin bu tələblərə yanaşması fonunda yaxın gələcəkdə konkret bir razılaşmanın əldə olunub-olunmayacağı ciddi müzakirə mövzusu olaraq qalır.
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlama verib:

"Səfir Kazım Cəlali tərəfindən səsləndirilən və Tehranın irəli sürdüyü şərtlər artıq əvvəlcədən bəllidir ki, onların heç biri nə Amerika Birləşmiş Ştatları, nə də İsrail tərəfindən qəbul olunacaq. Burada söhbət zəmanətlərdən, maddi və mənəvi kompensasiyadan gedir. Açıq şəkildə demək olar ki, nə ABŞ, nə də İsrail bu şərtlərə ciddi şəkildə diqqət yetirməyəcək.
Ümumiyyətlə, müharibənin bitməsi üçün tamamilə fərqli faktorlar mövcuddur. Bu faktorlar isə tərəflərin qarşılıqlı olaraq bir-birinin təkliflərini qəbul etməsi ilə bağlıdır.
Lakin mövcud vəziyyətdə nə İran qarşı tərəfin – həm Amerikanın, həm də İsrailin irəli sürdüyü təklifləri qəbul etməyə hazırdır, nə də əks tərəf İranın şərtlərini qəbul edir. Bu səbəbdən də hər hansı bir razılaşmanın əldə olunacağını düşünmürəm".
Ekspert əlavə edib ki, danışıqlar ətrafında yaranan spekulyasiyalara gəldikdə isə, bu hal hər zaman olub, indi də davam edir və ehtimal ki, yaxın zamanda da başa çatacaq:
"Çünki hər iki tərəf müəyyən məqamları rəsmi şəkildə inkar etsə də, reallıqda müəyyən kontaktların mövcud olduğu görünür. Belə ki, İranın xarici işlər naziri Abbas Araqçi ABŞ prezidentinin xüsusi nümayəndəsi Siv Vitkov ilə əlaqələrinin olduğunu və bu kontaktların Pakistan vasitəsilə həyata keçirildiyini bildirib.
Bu baxımdan, Kazım Cəlalinin “sülhə nail olmaq üçün Tehranın şərtləri” ilə bağlı açıqlamaları daha çox görüntü xarakteri daşıyır.
Yəni İranın bu prosesdə aktiv mövqe nümayiş etdirdiyini göstərmək məqsədi güdür. Amma ümumi mənzərə onu göstərir ki, münaqişə bundan sonra da dərinləşəcək. Çünki tərəflər hələ də öz strateji məqsədlərinə nail ola bilməyiblər.
Düzdür, İran müəyyən dərəcədə zəifləyib. Xüsusilə, nüvə proqramı, uranın zənginləşdirilməsi və raket sənayesinin inkişafı baxımından geriləmə müşahidə olunur. Lakin bu imkanlar tamamilə sıradan çıxarılmayıb.
Donald Tramp tərəfindən səsləndirilən “bütün məsələlərin həll olunduğu” ilə bağlı fikirlər reallığı tam əks etdirmir. Hətta ABŞ prezidenti özü də bu cür mürəkkəb vəziyyətin yaranacağını əvvəlcədən tam proqnozlaşdıra bilməmişdi.
Hörmüz boğazı məsələsinə gəldikdə isə, burada da ziddiyyətli bəyanatlar müşahidə olunur. ABŞ prezidenti bir tərəfdən bildirir ki, məsələ həll olunub və bu boğazdan keçmək istəyən dövlətlər sərbəst şəkildə hərəkət edə bilərlər.
Digər tərəfdən isə İran bəyan edir ki, Hörmüz boğazından istifadə üçün məhz İranla ayrıca müqavilə imzalanmalıdır və yalnız bundan sonra gəmilərin təhlükəsiz keçidi təmin edilə bilər.
Bir sözlə, yaxın həftələrdə müharibənin bitəcəyini düşünmürəm. Çünki artıq tərəflər arasında barışmaz mövqe formalaşıb və dərin yaralar açılıb. Bu isə hər hansı bir razılaşmanı real etmir. Görünən odur ki, tərəflər bundan sonra da bir-birini zəiflətmək məqsədilə raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə etməyə davam edəcəklər".
Ayhan
12:00 03.04.2026
Oxunuş sayı: 78