Müharibə, informasiya və psixologiya - Özümüzü necə qoruyaq?
Müasir dövrdə informasiya mühiti ən azı fiziki cəbhə qədər həssas və təsir gücünə malikdir. Xüsusilə müharibə şəraitində yayılan xəbərlər, şayiələr və manipulyativ məlumatlar cəmiyyətin psixoloji durumuna, qərarvermə proseslərinə və ictimai sabitliyə birbaşa təsir göstərir. Bu baxımdan, informasiya təhlükəsizliyi yalnız dövlət qurumlarının deyil, həm də media nümayəndələrinin və fərdi istifadəçilərin məsuliyyət sahəsinə çevrilmişdir.
Müharibə ilə bağlı informasiyaların işıqlandırılması zamanı əsas prinsip operativliklə yanaşı, dəqiqlik və məsuliyyətin qorunmasıdır. Təsdiqlənməmiş məlumatların yayılması panika, çaşqınlıq və ictimai etimadsızlıq yarada bilər. Buna görə də mənbələrin etibarlılığına xüsusi diqqət yetirilməli, emosional və sensasion yanaşmalardan uzaq durulmalıdır. İnformasiyanın təqdimində balanslı, obyektiv və ictimai maraqları qoruyan yanaşma əsas götürülməlidir.
Eyni zamanda, cəmiyyətin bu tip məlumatlara qarşı dayanıqlığının artırılması da mühüm əhəmiyyət kəsb edir. Media savadlılığının gücləndirilməsi, tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsi və rəsmi mənbələrə üstünlük verilməsi insanların informasiya təzyiqlərinə qarşı daha davamlı olmasına şərait yaradır. Beləliklə, düzgün informasiya siyasəti həm ictimai sabitliyin qorunmasına, həm də milli təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
Məsələ ilə bağlı Crossmedia.az olaraq geniş araşdırma apardıq.

Media üzrə ekspert Azər Həsrət saxta informasiyalardan qorunmağın son dərəcə vacib bir hal olduğunu bildirib:
"Xüsusilə də birbaşa qonşuluğumuzda müharibə getdiyi və həmin ölkənin əhalisinin əhəmiyyətli hissəsini soydaşlarımızın təşkil etdiyi bir şəraitdə məsələlərə daha həssas və məsuliyyətli yanaşmalıyıq. Sosial mediada geniş şəkildə yayılan müxtəlif saxta məlumatlar üzərindən aparılan manipulyasiyalar cəmiyyətimizdə gərginliyi artırır və qarşıdurma mühitini dərinləşdirir. Şübhəsiz ki, fikir müxtəlifliyi, açıq müzakirə və debatlar cəmiyyətin inkişafı üçün zəruridir. İnsanlar fərqli düşünə və mövqelərini sərbəst şəkildə ifadə edə bilərlər. Lakin müşahidə olunan mənzərə ondan ibarətdir ki, xüsusilə İranın mövcud siyasi rejiminə bağlılığı şübhə doğurmayan müəyyən qruplar obyektiv və neytral mövqe sərgiləyən şəxslərə qarşı təhqir və aqressiya nümayiş etdirərək cəmiyyətdə süni gərginlik yaradırlar. Bu baxımdan hesab edirəm ki, informasiya təhlükəsizliyi məsələlərində həm dövlət qurumları, həm cəmiyyət, həm də media nümayəndələri xüsusi diqqət və məsuliyyət nümayiş etdirməlidirlər. Əsas məqsəd davam edən müharibənin cəmiyyətimizdə parçalanmaya səbəb olmasının qarşısını almaqdır. Ümumi arzumuz münaqişənin ən qısa zamanda dayandırılması və problemlərin danışıqlar yolu ilə, masa arxasında həll olunmasıdır. Hərçənd ki, proseslər bizim iradəmizdən kənarda cərəyan edir, yenə də sülhün bərqərar olmasını arzulayırıq".
O bildirib ki, cəmiyyət olaraq daha ayıq, təmkinli və məsuliyyətli davranmağı öyrənməliyik: "Saxta və manipulyativ informasiyaların təsiri altına düşərək kəskin qarşıdurmalara və cəbhələşməyə yol vermək yolverilməzdir. Təəssüf ki, hazırda müxtəlif qrupların – fərqli siyasi və ideoloji mövqelərdən çıxış edən şəxslərin – qarşılıqlı ittiham və təhqirlərlə cəmiyyətdə parçalanma yaratdığı müşahidə olunur. Bu səbəbdən hər kəs daha diqqətli və məsuliyyətli davranmalı, ictimai həmrəyliyin qorunmasına töhfə verməlidir".

Hərbi ekspert, psixoloq Azad İsazadə isə dünyada baş verən proseslərin istənilən halda cəmiyyətimizə də mənfi təsirlərinin olduğunu qeyd edib: "Əsas problemlərdən biri ondan ibarətdir ki, bu hadisələr əsasən aqressiya fonunda cərəyan edir və nəticə etibarilə insanların davranışında aqressiv meyillərin artmasına səbəb olur. Müşahidə edirik ki, dövlətlər dialoq və əməkdaşlıq yolu ilə problemləri həll etmək əvəzinə, daha çox güc tətbiqinə üstünlük verirlər. Bu tendensiya tədricən adi hal kimi qəbul olunmağa başlayır və nəticədə insanlar gündəlik məişət münasibətlərində də problemləri daha sərt və aqressiv üsullarla həll etməyə meyllənirlər".
Onun fikrincə, baş verən hadisələr cəmiyyətdə qorxu və qeyri-müəyyənlik hissini gücləndirir: "İnsanlar gələcəklə bağlı narahatlıq keçirir, xüsusilə də uşaqlarının taleyi ilə bağlı suallar onları daha çox düşündürür. Bu psixoloji gərginlik isə bir tərəfdən aqressiyanın artmasına, digər tərəfdən isə bəzi insanlarda depressiv hallarının dərinləşməsinə səbəb ola bilər".

Konflikt jurnalist Əlisəfa Mehdi isə insanlara dövlət tərəfindən idarə olunan rəsmi saytların və televiziya kanallarının tanıdılmasının vacib olduğunu vurğulayıb: "Bu platformalarda yayılan məlumatlar yoxlanılmış və etibarlı mənbələrə əsaslandığı üçün saxta informasiyaların yayılması riski minimumdur. Eyni zamanda, sosial şəbəkələrdə paylaşılan məlumatların hər zaman həqiqəti əks etdirmədiyini nəzərə almaq lazımdır. Çünki bu platformalarda yayılan informasiyalar əksər hallarda nəzarətsiz olur və yanlış məlumatların sürətlə yayılmasına səbəb ola bilər".

Psixoloq Minarə Səbzəliyeva isə beynin emosiyalarla bağlı mərkəzi, xüsusilə müharibə kimi ekstremal şəraitlərdə daha aktiv hala keçdiyini bildirib: "Burada “müharibə” anlayışı yalnız silahlı qarşıdurma ilə məhdudlaşmır. Bu, eyni zamanda insanların təhlükəsizlik ehtiyaclarının pozulması, fizioloji tələbatlarının – qida, su və s. kimi əsas ehtiyacların təmin olunmaması deməkdir. Müharibə uzun müddət davam etdikdə insanlar bu ehtiyaclarını qarşılayacaq imkanların olmayacağından narahat olmağa başlayırlar. Nəticədə beynin emosiyalarla bağlı sahəsi aktivləşir, məntiqi düşünmə ilə bağlı sahə isə zəifləyir. Bu da insanların daha impulsiv davranmasına, riskləri düzgün qiymətləndirə bilməməsinə və ümumiləşdirilmiş qorxu hissinin yaranmasına səbəb olur. Bu proseslərin nəticələrindən biri də travma sonrası stres pozuntusunun geniş yayılmasıdır. Bu gün dünyada baş verən müharibələr həmin psixoloji təsirlərin artmasına gətirib çıxarır. Hətta təhlükəsiz şəraitdə yaşayan insanlar belə sosial media və televiziya vasitəsilə bu görüntülərə davamlı məruz qalaraq psixoloji olaraq təsirlənirlər. Bu isə beyində qorxu ilə bağlı mərkəzin aktivləşməsinə səbəb olur.
Bundan əlavə, əvvəllər psixoloji pozuntulardan əziyyət çəkmiş şəxslərdə – travma sonrası stres pozuntusu, obsesiv-kompulsiv pozuntu və digər hallarda – residivlərin yaranması müşahidə oluna bilər. İnsanlarda davamlı gərginlik, emosional keyləşmə, ümidsizlik, həyatın mənasız görünməsi, enerji itkisi kimi hallar yaranır. Bəzi ağır vəziyyətlərdə isə insan həyatına son qoymaq düşüncələri belə meydana çıxa bilər. Müharibə travması yalnız müəyyən simptomlarla məhdudlaşmır, eyni zamanda insanın dünyaya baxışını da dəyişir. Xüsusilə uşaqlar və yeniyetmələr bu təsirlərə daha həssasdırlar. Onlar dünyanı təhlükəli yer kimi qəbul edə, insanlara olan güvəni itirə və daimi nəzarət ehtiyacı hiss edə bilərlər".
Onun sözlərinə görə, bu təsirlər müharibə bitdikdən sonra da davam edə bilər: "Belə bir yanaşma var ki, beyin travmanı yaşadığı dövrdə “donub qalır” və insan sonradan da həmin qorxu və çarəsizlik hisslərini yenidən yaşamaqdan ehtiyat edir. Bu isə münasibətlərin pozulmasına, sosial izolyasiyaya, aqressiyaya, impulsiv davranışlara və müxtəlif asılılıqlara səbəb ola bilər. Uşaqlar üçün bu vəziyyət daha ciddi nəticələr doğura bilər. Onlar baş verənləri tam analiz edə bilmədikləri üçün davamlı qorxu hissi yaşayır və bu, davranış problemlərinə gətirib çıxarır. Eyni zamanda təhlükəsiz bağlanma formalaşmadıqda gələcəkdə insanın özü, başqaları və dünya haqqında mənfi təsəvvürləri yaranır. Psixoloji təsirlər bununla da məhdudlaşmır. “Bağırsaq-beyin oxu” ilə əlaqədar olaraq xroniki stres mədə-bağırsaq problemlərinə, daimi yorğunluğa, stres hormonlarının artmasına və immun sisteminin zəifləməsinə səbəb olur. Bu isə orqanizmin müxtəlif xəstəliklərə qarşı həssaslığını artırır.Uzunmüddətli təsir nəticəsində travma xroniki xarakter alır və hətta nəsildən-nəslə ötürülə bilər. Məsələn, müharibə dövrünü yaşamış insanlar üçün əsas prioritetlər qida və sığınacaq kimi fundamental ehtiyaclardır. Halbuki müasir dövrdə insanların ehtiyacları daha genişdir – sevgi, hörmət və özünüreallaşdırma kimi amillər də böyük əhəmiyyət daşıyır. Bu fərqli baxışların səbəbi məhz travmanın uzunmüddətli təsirləridir".

Sosioloq Əhməd Rəhmanov isə bəzi qüvvələrin cəmiyyəti davamlı gərginlik şəraitində saxlamağa çalışdığını və bunun, onların maraqlarına xidmət etdiyini bildirib: "Bunun bir neçə səbəbi var. İlk növbədə, bu vəziyyət müəyyən mənada “marketinq” funksiyası daşıyır – normal şəraitdə tələbat olmayan və ya nadir hallarda alınan məhsullar belə, qorxu və qeyri-müəyyənlik fonunda daha çox satılır. Digər tərəfdən, insanlar gərginlik içində olduqda daha həssas olur və onlara təsir göstərmək, hətta müəyyən mənada onları istismar etmək asanlaşır. Bu baxımdan, elə qüvvələr mövcuddur ki, onların əsas fəaliyyəti cəmiyyəti bu vəziyyətdə saxlamağa yönəlir. Çünki insan rahat və sabit mühitdə olduqda suallar verməyə başlayır: niyə müəyyən problemlər mövcuddur, niyə korrupsiya var, niyə sosial təbəqələşmə dərinləşir və niyə bəzi şəxslər məsuliyyətə cəlb olunmur. Belə sualların artması isə bəzi idarəedici dairələrin maraqlarına uyğun gəlmir. Bu səbəbdən də zaman-zaman müxtəlif təhlükə və qorxu amilləri – müharibə ehtimalları, epidemiya riskləri və digər gərginlik yaradan faktorlar ön plana çəkilir. Nəticədə insanların diqqəti bu təhlükələrə yönəlir, əsas məqsəd isə onların gündəlik qayğılar və özünümüdafiə instinkti ilə məşğul olmasını təmin etməkdir. Bu halda insanın daha geniş və qlobal düşünməsi çətinləşir. Beləliklə, cəmiyyətdə qorxu və narahatlıq mühitinin formalaşdırılması bəzən müəyyən maraqlara xidmət edən məqsədli bir proses kimi qiymətləndirilə bilər".
14:10 31.03.2026
Oxunuş sayı: 49