İranın imkanları tükənir: ABŞ quru əməliyyatlarına başlaya bilər
İranın diplomatik təşəbbüsləri və regional geosiyasi mövqeyi diqqət mərkəzindədir. Tehranın müharibəni dayandırmaq məqsədilə təqdim etdiyi tələblər siyahısına Hörmüz boğazı üzərində suverenliyin tanınması bəndinin əlavə edilməsi, İranın strateji maraqlarının və regional güc siyasətinin yenidən gündəmə gəlməsini təmin edib. Dünyanın neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarının təxminən beşdə birinin keçdiyi bu dar boğaz, İran üçün həm iqtisadi gəlir mənbəyi, həm də qlobal ticarətə təsir vasitəsi kimi mühüm əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi elmlər doktoru, professor Sabir Məmmədli bildirib ki, Yaxın Şərqdə müharibə uzandıqca tərəflər müxtəlif açıqlamalar verir və bəzən daha radikal və sərt tələblər irəli sürməyə başlayırlar: "Son günlər İran tərəfi bir sıra sərt açıqlamalar verib, sanki bütün bu müharibənin ağırlıqları olmamış kimi özündənrazı formada əlavə tələblər irəli sürür və bu tələblər də həddən artıq sərt xarakter daşıyır. İran çox böyük zərbələr alıb. Son məlumatlara görə, yüz mindən artıq hədəf İran ərazisində vurulub. Amerika Birləşmiş Ştatları və İsrail qüvvələri tərəfindən çox böyük dağıntılar var. Faktiki olaraq hərbi infrastruktur iflic vəziyyətindədir. Bunlara aerodromlar, ballistik raketlərin saxlanıldığı bazalar, ballistik raket istehsal edən müəssisələr, qərargahlar daxildir. Sepahın müxtəlif bölmələri və onların əlində olan infrastruktur, yeraltı bunkerlər və bazalar da dağıdılıb".
Professor əlavə edib: “Amma İran rəhbərliyi sanki heç nə olmamış kimi davranmağa çalışır və dünya ictimaiyyətinin gözünə kül üfürməyə cəhd edir. Elə hesab edir ki, Amerika Birləşmiş Ştatlarına və İsrailə qalib gələcək. Halbuki onların irəli sürdüyü tələblər qarşılığında ABŞ-nin 15 tələb irəli sürdüyü məlumdur, İran isə buna cavab olaraq 5 tələb irəli sürmüşdü. İndi isə daha başqa bir tələb irəli sürür".
O vurğulayıb ki, ümumiyyətlə, Hörmüz körfəzini bağlamaq məsələsi gündəmə gətirilir: “Əlavə məlumat da yayılıb ki, İran parlamenti nüvə silahının istehsalı ilə bağlı bağlanmış beynəlxalq müqavilədən çıxmaq məsələsini müzakirə edir və ondan çıxmağa cəhd göstərir. Məsələ burasındadır ki, İranı faktiki olaraq hazırkı vəziyyətdə hərbi xunta hesab olunan SEPAH təşkilatı və fanatik dini qurum idarə edir. Onlar da həddən artıq özündənrazı formada müxtəlif bəyanatlar verirlər və demək olar ki, ölkənin və xalqın gələcəyini düşünmədən yalnız öz fanatik ideyalarını irəli sürürlər. İndiki vəziyyətdə İranın irəli sürdüyü tələblər qətiyyən real deyil. Statistikaya diqqət yetirsək, İran müharibənin ilk günlərində İsrail ərazisinə yüzlərlə ballistik raket və PUA ilə hücum edirdisə, dördüncü gündən sonra bu say azalıb və indiyədək gündə təxminən 20 ballistik raket və az sayda PUA ilə hücum edir. Yəni İranın potensialı tükənir. Buna baxmayaraq, SEPAH rəhbərliyi müharibənin uzanmasına yönəlmiş addımlar atır, gündəlik olaraq İsrail ərazisinə son günlər təxminən 10 raket atılır və bu tempi saxlamaq istəyirlər ki, vaxt uzansın, müharibə davam etsin, Hörmüz körfəzi ilə bağlı problemlər yaransın və bu, beynəlxalq ictimaiyyəti Amerika Birləşmiş Ştatları və İsrailə qarşı yönəltsin. Eyni zamanda dünya iqtisadiyyatında neft və energetika məhsulları ilə bağlı kollaps yaratmaq niyyəti güdürlər. Görünür ki, İran özü də günbəgün geriləyir, vəziyyəti ağırlaşır, dağıntılar artır. Tehranda energetika təminatı iflic vəziyyətə düşüb və şəhər qaranlığa qərq olub. Amma İran rəhbərliyi, xüsusilə SEPAH bunları görməzdən gəlir və düşünür ki, əlavə şərtlər irəli sürməklə nəyəsə nail olacaq. Yaxın günlərdə Amerika Birləşmiş Ştatları Xark adasında quru əməliyyatlarına başlaya bilər. Orada yeddi ada var və onların ən böyüyü Xark adasıdır. Həmin adaları və sahil bölgəsini nəzarətə götürməklə İranın SEPAH rejimini iflic vəziyyətə sala bilərlər. Amma əvvəlcədən də bəllidir ki, onların davranışı dəyişməyəcək. Hətta İran ərazisinin böyük bir hissəsinə ABŞ və İsrail hərbi qüvvələri nəzarət etsə belə, SEPAH yenə də iddia edəcək ki, heç nə baş verməyib və müharibə davam edir. Yəni onların düşüncə tərzi bundan ibarətdir".
Mehriban Yariyeva
12:52 31.03.2026
Oxunuş sayı: 52