Azərbaycanın ikinci əl hibrid bazarı - qiymətlər niyə sürətlə artır?
Azərbaycanda işlənmiş hibrid avtomobillərin qiymətində kəskin artım müşahidə olunur. Əvvəllər 7-8 min manat civarında olan Yaponiya istehsalı köhnə hibrid avtomobillər artıq 12 min manatdan yuxarı qiymətə satılır.
Bildirək ki, bu yüksəliş həm bazarda tələbatın artması, həm də yeni avtomobillərin qiymətlərindəki dəyişikliklərlə bağlıdır.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib:
"2025-ci il ərzində ölkəyə yetərincə yeni, ucuz, əlçatan, ekoloji təmiz vasitələr, xüsusən də hibrid avtomobillər daxil oldu və istər fərqli şəxslər tərəfindən, istərsə də taksi parkının yenilənməsi istiqamətində atılan addımlarda bu avtomobillərdən yetərincə istifadə olundu.

Həmçinin, hər kəs bu avtomobilləri alırdı. Həmin dönəmdə ikinci əl avtomobillərin dəyəri əsas avtomobildən asılı olaraq 30%, 35%, 40%, hətta 50%-ə qədər düşürdü.
Sözügedən yapon avtomobilləri Azərbaycan üzrə 2006-2007-ci il Toyota Priusları və Hondalarıdır. Bu avtomobillərin qiyməti bazarda avtomobilin vəziyyətindən asılı olaraq 50-60% arası düşmüşdü, hətta 70%-ə qədər düşənlər də var idi. Bunun səbəbi həmin avtomobillərin taksi fəaliyyətində istifadə olunmamasından ibarət idi. Belə ki, bu avtomobillər yararsız sayılırdı və ucuz qiymətlə satılırdı".
E.Əliyev əlavə edib ki, 2026-cı ildə bu avtomobillərin yenidən qiymətlənməsi, dəyərinin artması və qalıcı təmizlənmiş vasitələrdə tətbiq edilən güzəştlərin müddətinin bitməsi ilə əlaqədardır:
"Bir neçə ay öncə bizə çatan sıfır kilometr avtomobillərin qiymətləri artıq qalxıb və buna görə də ikinci əl bazarında bu tip avtomobillərin dəyəri artıb.
Sözdür ki, bu avtomobillər taksi fəaliyyətində istifadə olunmayacaq; onlar xüsusən restoran şəbəkələrində kuryer xidmətləri üçün, digər sahələrdə kuryer xidmətləri üçün və ya yeni avtomobil alan şəxslərin ilk avtomobili olaraq, yəni praktik illər üçün istifadə edilə biləcək avtomobillər olacaq.
Zatən müşahidələr də bunu göstərir və şirkətlərin əməkdaşları üçün müxtəlif işlərdə istifadə üçün balanslarına qatdığı avtomobillər olacaq. Kiçik biznes sahibləri bu avtomobillərə daha çox üstünlük verəcək və onların tələbatının artması qiymətlərin əvvəlki dönəmə qayıtmasına gətirib çıxaracaq".
Fatimə
10:40 31.03.2026
Oxunuş sayı: 71