İran Trampın sonuncu sınağı olacaq?
İqtisadi və siyasi proseslərin qarşılıqlı təsirinin getdikcə daha qabarıq şəkildə özünü göstərdiyi müasir dövrdə, liderlərin taleyini müəyyən edən qərarlar yalnız siyasi meydanla məhdudlaşmır.
İqtisad elmləri doktoru, professor Rüfət Quliyev bu günlərdə Crossmedia.az-a açıqlamasında deyib ki, baş verən proseslər fonunda Ağ Ev rəhbəri Donald Trampın impiçment məsələsi gündəmə gələ bilər: "Əgər noyabrda olacaq seçkilərdə zəif nəticələr olarsa bu, Trampın mövqeyinə ciddi təsir göstərə bilər. Hətta bu seçkilərdə qələbə qazanılmazsa ilin sonunda Trampın özünə impiçment qərarı veriləcək ki, o sona qədər öz fəaliyyətini davam edə bilməyəcək. Bu isə ABŞ və Tramp administrasiyasına siyasi sarsılma ola bilər. Əgər dəstək azalarsa, ilin sonuna qədər impiçment ehtimalı da gündəmə gələ bilər. Bu baxımdan vəziyyət həm siyasi, həm də iqtisadi cəhətdən olduqca həssasdır".
İmpiçment prosesi mahiyyət etibarilə hüquqi-siyasi mexanizm olsa da, onun başlanması və inkişafı bir sıra mürəkkəb amillərlə – ictimai rəy, siyasi konfiqurasiya, iqtisadi maraqlar və beynəlxalq kontekstlə sıx bağlıdır. Bu baxımdan, ehtimal xarakterli belə bir iddianın irəli sürülməsi mövcud siyasi dinamikanın dərin qatlarında baş verən proseslərə işarə edir. Xüsusilə ABŞ kimi qlobal güc mərkəzində baş verə biləcək hər hansı institusional sarsıntı, domino effekti ilə digər regionlara da təsir göstərə bilər. Beləliklə, professorun səsləndirdiyi bu ehtimal yalnız fərdi siyasi fiqur ətrafında müzakirə mövzusu deyil, daha geniş çərçivədə sistemli təhlil tələb edən məsələ kimi çıxış edir. Mövcud şəraitdə bu kimi ssenarilərin araşdırılması, həm siyasi risklərin qiymətləndirilməsi, həm də qlobal proseslərin gələcək istiqamətlərinin proqnozlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı polioltoq Elşad Mirbəşiroğlu Crossmedia.az-a öz münasibətini bildirib: "ABŞ siyasi establişmentində başlanğıcdan etibarən İrana qarşı hərbi müdaxiləyə skeptik yanaşan qüvvələrin mövcudluğu məlum idi. Lakin Tramp həm yaxın ətrafını, həm də beynəlxalq müttəfiqlərini inandırmağa çalışırdı ki, İranda qısa müddət ərzində qələbə əldə etmək mümkündür. Venesuelada əldə etdiyi nəticələrdən ruhlanan Tramp hesab edirdi ki, oxşar ssenari ilə İranda da sürətli şəkildə rejim dəyişikliyinə nail olmaq olar. Ancaq reallıq göstərir ki, müharibə artıq bir aydır davam edir və səsləndirilən proqnozların heç biri özünü doğrultmayıb. Bu vəziyyət ABŞ-nin daxili siyasi mühitində ciddi suallar doğurur və narazılıqların artmasına səbəb olur. Son günlərdə, ənənəvi olaraq respublikaçıların üstün mövqeyə malik olduğu bəzi regionlarda keçirilən yerli seçkilərdə demokratların qələbə qazanması da diqqətçəkən siqnal kimi qiymətləndirilir. Məlumdur ki, payız aylarında ilkin seçki mərhələsi – praymerizlər başlayacaq. Mövcud dinamikanı nəzərə alaraq proqnozlaşdırmaq olar ki, demokratlar Konqresdə üstünlük əldə edə bilərlər. Bu halda Tramp administrasiyasının qərarvermə imkanları ciddi şəkildə məhdudlaşa, prezidentlik institutu isə daha çox formal xarakter daşıya bilər. Eyni zamanda, impiçment məsələsinin gündəmə gətirilməsi ehtimalı da istisna edilmir".
O bildirib ki, Milli Antiterror Mərkəzinin rəhbəri Kentin istefası və müharibəyə açıq etirazı Tramp komandası daxilində ciddi fikir ayrılıqlarının mövcudluğunu göstərir: "Bu hadisə administrasiya daxilindəki gərginliyin bariz nümunəsi kimi qiymətləndirilə bilər. İqtisadi müstəvidə də vəziyyət mürəkkəbləşir. ABŞ-də enerji daşıyıcılarının qiymətinin artması, eyni zamanda Körfəz ölkələrinin – ABŞ-nin yaxın müttəfiqlərinin bu müharibədən ciddi zərər görməsi ümumi geosiyasi balansı sarsıdır. Bu təsirlərin uzunmüddətli nəticələrinin olacağı istisna edilmir və bu da ABŞ-nin beynəlxalq nüfuzuna mənfi təsir göstərir. Bundan əlavə, İtaliya baş naziri Corciya Meloninin Trampa açıq şəkildə mövqeyini bildirməsi də diqqətəlayiqdir. O vurğulamışdır ki, Tramp yalnız ABŞ-nin prezidentidir və Avropa ölkələrinin siyasətinə yön vermək səlahiyyətinə malik deyil. Bu yanaşma Qərb daxilində fikir ayrılıqlarının dərinləşdiyini göstərən mühüm siqnallardan biridir. Eyni zamanda, Trampın NATO ilə bağlı sərt və bəzən təhdidedici bəyanatları, müttəfiqlərlə münasibətlərdə qeyri-müəyyən və ziddiyyətli davranışları həm beynəlxalq hüquq, həm də kollektiv təhlükəsizlik çərçivəsində ciddi narahatlıqlar doğurur. Nəticə etibarilə, qeyd olunan bütün amillər həm ABŞ-nin, həm də Trampın şəxsi siyasi nüfuzuna mənfi təsir göstərir. ABŞ elektoratı bu prosesləri diqqətlə izləyir və mövcud şəraitdə narazılıqların artdığı açıq şəkildə müşahidə olunur. Beləliklə, mövcud tendensiyalar davam edərsə, Trampa qarşı impiçment prosedurunun başlanması ehtimalı kifayət qədər real görünür".
Elmir Heydərli
11:13 30.03.2026
Oxunuş sayı: 53