Bayram günlərində tıxacın qarşısını necə almaq olar?
Novruz bayramı günlərində paytaxtın park ərazilərində ciddi nəqliyyat sıxlığı müşahidə olunub. Bayram istirahətini açıq havada keçirmək istəyənlərin sayının artması parkların ətrafında tıxaclara səbəb olub, sürücülər uzun müddət hərəkətdə çətinliklərlə üzləşiblər. Mövcud vəziyyət xüsusilə istirahət zonalarına yaxın yollarda nəqliyyatın hərəkətini xeyli məhdudlaşdırıb.

Bu barədə Crossmedia.az-a danışan nəqliyyat üzrə ekspert Adil Nəbiyev qeyd edib ki, Novruz bayramı ilə əlaqədar ardıcıl qeyri-iş günlərinin çoxluğu şəhər daxilində nəqliyyatın hərəkət intensivliyini müəyyən qədər azaltsa da, bu dövrdə avtomobillərin düzgün park edilməməsi problemi daha qabarıq şəkildə özünü göstərir:
" Vətəndaşlar əsasən yaşayış binalarının həyətyanı sahələrində, səkilərdə, yaşıllıq zonalarında, giriş-çıxış yollarında və hətta fövqəladə hallar üçün nəzərdə tutulmuş keçidlərdə avtomobillərini saxlayırlar ki, bu da həm piyadaların hərəkətini çətinləşdirir, həm də xüsusi xidmət avtomobillərinin – təcili yardım, yanğınsöndürmə və polis nəqliyyatının operativ hərəkətinə ciddi maneələr yaradır. Parklanma qaydalarının pozulması yalnız inzibati məsuliyyət yaratmır, eyni zamanda yaşayış məntəqələrində xaotik vəziyyətə, qonşular arasında narazılıqlara və ümumi təhlükəsizlik risklərinin artmasına səbəb olur. Xüsusilə bayram günlərində qonaq sayının artması və avtomobillərin say çoxluğu vəziyyəti daha da gərginləşdirir".
Ekspert bu səbəbdən sürücülərə tövsiyə edir ki, avtomobillərini yalnız icazə verilən yerlərdə park etsinlər, digər şəxslərin hüquqlarını və ümumi istifadə sahələrini nəzərə alsınlar, həmçinin qaydaların pozulmasının cərimə və digər hüquqi nəticələrə səbəb ola biləcəyini unutmasınlar.
Fatimə
13:40 27.03.2026
Oxunuş sayı: 66