Din və məzhəb xəstəsi olmaq vəhşilikdir - Fazil Mustafa
Fanatizmin və ideologiyaların əsir olmaq insan həyatına mənfi təsir göstərir. Həm idman, həm din, həm də demokratiya kimi sahələrdə fanatizmin həddini aşması, fərdi düşüncə və azadlığın məhdudlaşmasına gətirib çıxarır. İnsanın öz faydalı maksimum və minimumlarını tanıması, balanslı və məsuliyyətli yaşaması, həmçinin tarix və çağdaş dünyanın çağırışlarına açıq olması olduqca vacibdir. Fanatizm və xəstəliyə çevrilmiş ideologiyalardan uzaq durmaq, fərdi azadlığı qorumaq və özünü yenidən inşa etmək məhz burada əsas mesajdır.

Mövzu ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Crossmedia.az-a açıqlama verib: "Futbol oynamaq sağlamlıq üçün yaxşı bir vərdişdir. Futbola baxıb zövq almaq da eləcə. Futbol xəstəsi olmaq isə sadəcə axmaqlıqdır. Dindar olmaq düzənli və məsuliyyətli ömür yaşamaq deməkdir. İbadət minimumların yerinə yetirmək də insanın düşüncə imkanlarını daraltmadıqca faydalıdır. Din xəstəsi olmaq, hələ-hələ məzhəb xəstəsi olmaq sadəcə vəhşilikdir. Demokratiyadan yana olmaq insanın qanunlara və çevrədəki insanlara sayğılı davranmasını ehtiva edir. Demokratik yaşam tərzini təbliğ etmək vacib prinsipial davranışdır. Demokratiya xəstəliyinə yoluxmaq isə reallığın iyini və tamını itirməklə müşahidə olunan əbləhlik deməkdir.
Nəyinsə, kiminsə fanatı, xəstəsi olmayın! Öz faydalı makismumlarını və faydalı minimumlarını anlayan insan olun, yetər! O halda baxışınızla, duruşunuzla, danışığınızla, davranışınızla çevrəni kirlətməyəcəksiniz, fərqli ideologiyaların nökərinə çevrilmiş adam olmayacaqsınız".
Deputat qeyd edib ki, ağılla əldə etdikləri yeni texnoloji üstünlüklə evin axırıncı adamına qədər o dünyaya göndəriblər, adam torpağı üstündən çırpıb yenə də deyir ki, onlar bizim tariximizi hələ yaxşı bilmirlər: "Zavallı məxluq, onların nəyinə lazım sənin 5 min il, üstəgəl onun içindəki 1400 illik qapqaranlıq tarixin? Kitab deyirsən son kitabı da sən almısan, Peyğəmbər deyirsən, son Peyğəmbəri də sən almısan. Heç olmazsa Allahın yaratdığı dünyanın son ağlını da almağa çalış! Mehdinin gəlib-gəlməyəcəyini bir lotereya kimi oynamaqdan həzz almağa davam etmək istəyirsən, o halda yenə də dünyanın zibilliyində başını girələməyə davam edərsən. Əgər o tarix sənin indini bu cür biçib-düzəldibsə, basdır o qaranlıq tarixi, yox et, çağdaş dünyanın çağırışlarına qulaq verib yenidən insan olma fürsətini dəyərləndir! Məhəmməd İqbal buna "insanın və imanın yenidən inşası" deyərdi. Bir qlobal zalım başqa bir lokal zalıma öz "mərifətini" göstərəndə, onlar arasında fərqi müəyyənləşdirmək olmur. Yenidən inşa layihəsini gerçəkləşdirməsəniz qlobal zalım lokal zalıma bundan sonra da əxlaq öyrətməyə davam edəcəkdir!"
Ayhan
17:06 19.03.2026
Oxunuş sayı: 125