Bir ömrün missiyası: Nərimanovun xalqa xidmət fəlsəfəsi
Bu gün, 19 mart Azərbaycan tarixinin görkəmli şəxsiyyəti olan Nəriman Nərimanovun vəfat etdiyi gündür.
Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov 14 aprel 1870-ci ildə Tiflisdə anadan olmuşdur. Onun ata tərəfdən babası indiki İranın Urmiya şəhərindən idi. Nərimanovun uşaqlığı sadə, yoxsul ailədə keçmiş, atası Kərbəlayi Nəcəf xırda ticarətlə məşğul olmuşdur. Ailədə 9 uşaq olmuşdur və böyük qardaşı Salman Nərimanov həm şair, həm də poliqrafiya sənətində tanınmış bir şəxs olmuşdur.

Nərimanovun təhsili 1890-cı ildə Qori Müəllimlər Seminariyasında, 1908-ci ildə isə Odessa Universitetinin Tibb fakültəsində tamamlanmışdır.
Gənc yaşlarından ictimai fəaliyyətə qoşulmuş, 1905-ci ildə "Hümmət" təşkilatının rəhbərliyinə daxil olmuş, Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (bolşeviklər) məramnaməsini Azərbaycan dilinə çevirmişdir.
1909-cu ildə siyasi fəaliyyəti səbəbilə həbs edilərək Həştərxana sürgün edilmişdir, 1913-cü ildə Bakıya qayıdaraq fəhlələr arasında təbliğatla məşğul olmuşdur.
1917-ci ildə Nərimanov "Hümmət" Təşkilatı Mərkəzi Komitəsinin sədri, RSDF(b)P Bakı Komitəsinin üzvü və "Hümmət" qəzetinin baş redaktoru idi.
1918-ci ilin martında Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin edilmişdir. Sağaldıqdan sonra Moskvaya çağırılmış, RSFSR Xalq Xarici İşlər Komissarlığında Şərq məsələləri üzrə Xalq komissarının müavini olmuşdur.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Nərimanov Azərbaycan SSR Müvəqqəti İnqilab Komitəsinin sədri və Xalq Komissarları Sovetinin sədri vəzifəsini tutmuşdur.

1922-ci ildə SSRİ-nin yaranmasından sonra isə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri seçilmişdir. O, 1925-ci ildə Moskvada vəfat etmiş, Kremlin divarları yaxınlığında dəfn edilmişdir. Lev Trotski Nərimanovun ölümünü “Lenindən sonra Şərqin ən böyük ikinci itkisi” kimi qiymətləndirmişdir.
Nərimanov yalnız siyasətçi deyildi; o həm də yazıçı, publisist və dramaturq idi. 1894-cü ildə Bakıda ilk qiraətxananı açmış, Azərbaycan milli romanının ("Bahadır və Sona") və ilk tarixi faciənin ("Nadir şah") müəllifi olmuşdur.
Maarifpərvər fəaliyyəti onun bütün ömrü boyu davam etmiş, azərbaycanlı uşaqların və gənclərin savadlı olmasını təmin etməyə çalışmışdır. Nərimanov həmçinin milli məsələlərdə də prinsipial mövqe göstərmişdir.
1920-ci illərdə Dağlıq Qarabağ və Zəngəzur məsələlərində Azərbaycanın ərazi bütövlüyünü qorumuş, erməni millətçilərinin iddialarına qarşı qətiyyətlə çıxış etmişdir. 1921-ci ildə Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanması onun səyləri nəticəsində mümkün olmuşdur.

Onun ailəsi də ictimai və mədəni fəaliyyətlə məşğul olmuşdur. Həyat yoldaşı Gülsüm Nərimanova təhsil və elmi sahədə fəaliyyət göstərmiş, Moskva Kənd Təsərrüfatı Akademiyasında təhsil almışdır.
Oğlu Nəcəf Nərimanov isə 1943-cü ildə Böyük Vətən Müharibəsində qəhrəmancasına həlak olmuşdur. Nəriman Nərimanov Azərbaycan tarixində həm maarif, həm milli azadlıq, həm də dövlətçilik sahəsində dərin iz qoymuşdur. Onun adı ilə bağlı ilk konstitusiya, milli maarifin təşkili və qonşu ölkələrlə dostluq əlaqələri bu gün də xatırlanır.
Fatimə Məmmədova
11:55 19.03.2026
Oxunuş sayı: 66