“Novruzun odu və Qarabağın dirçəlişi” sərgisi keçirilib
Novruz bayramı ərəfəsində milli-mənəvi dəyərlərin təbliği, gənclərin yaradıcılıq potensialının üzə çıxarılması və Qarabağın dirçəlişinin sənətin dili ilə ifadə olunması məqsədilə “Novruzun odu və Qarabağın dirçəlişi” adlı qrup sərgisi təşkil olunub. Tədbir Sumqayıt şəhər 2 nömrəli Gənclər-İnkişaf Mərkəzi və Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Sərgidə 2 nömrəli Gənclər-İnkişaf Mərkəzinin müəllimi, rəssam Günel Aslanovanın və tələbələrinin rəsm əsərləri nümayiş olunub. Gənc rəssamların təqdim etdiyi əsərlərdə Novruz bayramının qədim ənənələri, baharın gəlişi, təbiətin oyanışı, milli-mənəvi dəyərlərimiz, eləcə də Qarabağın azad olunmasından sonra bu torpaqlarda baş verən dirçəliş və yenidənqurma prosesi bədii şəkildə göstərilib.
Tədbirin əvvəlində qonaqlar sərgi ilə tanış olub, gənc rəssamların əsərlərinə baxış keçiriblər. Daha sonra sərginin rəsmi açılış mərasimi baş tutub. Açılış zamanı qonaqlar salamlanıb, sərginin ideyası və mövzusu haqqında məlumat verilib, Novruz bayramının yenilənmə və oyanış rəmzi olması, eyni zamanda Qarabağın azad olunması ilə ölkəmizdə yaranan yeni inkişaf mərhələsi barədə fikirlər səsləndirilib.
Tədbir çərçivəsində Sumqayıt şəhər 2 nömrəli Gənclər İnkişaf Mərkəzinin direktoru Fariz Orduxanov, Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, rəssam Günel Aslanova və digər rəsmi qonaqların çıxışları baş tutub. Çıxışlarda gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi, milli mədəniyyətin inkişafında gənc nəslin rolu və sənətin vətənpərvərlik ruhunun formalaşmasındakı əhəmiyyəti vurğulanıb.
Tədbir proqramı musiqili-bədii hissə ilə davam edib. Bu hissədə Azərbaycan musiqi və rəqs sənətinin müxtəlif nümunələri təqdim olunub. İfaçılar tərəfindən Qarabağ mövzusuna və Novruz bayramına həsr olunmuş musiqi nömrələri səsləndirilib, xalq rəqsləri və muğam ifaları nümayiş etdirilib.
Tədbirin sonunda sərgidə iştirak edən gənc rəssamlara sertifikatlar təqdim olunub və onların yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib.
“Novruzun odu və Qarabağın dirçəlişi” qrup sərgisi milli-mənəvi dəyərlərin təbliğinə, gənclərin yaradıcılıq fəaliyyətinin təşviqinə və Qarabağın dirçəlişinin sənət vasitəsilə ictimaiyyətə çatdırılmasına töhfə verib.
20:54 17.03.2026
Oxunuş sayı: 120