Türkiyə müharibəyə çəkilir?: NATO-nun cavabı nə olacaq? - MÜSAHİBƏ
Bu günlərdə qardaş Türkiyənin ərazisinə qarşı həyata keçirilən növbəti raket buraxılışı regionda təhlükəsizlik və sabitlik baxımından ciddi narahatlıq doğuran hadisə kimi qiymətləndirilir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, bu cür addımlar dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş kobud pozuntu olmaqla beynəlxalq hüquq normalarına ziddir.
Rəsmi Bakı baş verən hadisəni qətiyyətlə pislədiyini bildirərək, bu kimi təxribatların regionda gərginliyi artıran qəbuledilməz eskalasiya olduğunu vurğulayıb. Eyni zamanda Azərbaycan qardaş Türkiyə ilə həmrəy olduğunu bir daha bəyan edib və regional sabitliyə təhdid yaradan bu cür hərəkətlərin yolverilməzliyini diqqətə çatdırıb.

Məsələ ilə bağlı Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları İB Sədri, Mətbuat şurası idarə heyyətinin üzvü Bəhruz Məmmədzadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:
— İran ərazisindən Türkiyə istiqamətində raket atıldı və bununla bağlı müzakirələr gedir. Siz bu məsələni necə qiymətləndirirsiniz?
— Ümumiyyətlə qeyd etmək lazımdır ki, müharibə şəraitində, xüsusilə də genişmiqyaslı və qlobal xarakter daşıyan qarşıdurmalar zamanı raketlərin hədəfdən yayınması halları baş verə bilir. Baxmayaraq ki, müasir dövrdə yüksək texnologiyaya malik, yüksək dəqiqliyə sahib raket sistemləri mövcuddur, yenə də texniki nasazlıqlar, koordinat səhvləri və ya idarəetmə sistemində yaranan problemlər nəticəsində raketlərin nəzərdə tutulmayan istiqamətlərə düşməsi mümkündür. Digər tərəfdən, bu kimi müharibələrdə prosesləri daha da gərginləşdirmək və münaqişəni qlobal miqyasa daşımaq istəyən qüvvələr də ortaya çıxa bilər. Müxtəlif üçüncü tərəflər İranla Türkiyə arasındakı münasibətləri pozmaq və ya regiona yeni aktorları cəlb etmək üçün təxribat xarakterli addımlar ata bilər.
— Sizcə, İranın rəsmi strukturları bu cür hadisələrdə maraqlı ola bilərmi?
— Mən İranın rəsmi hakimiyyətinin belə bir addımda maraqlı olacağını düşünmürəm. Çünki İran üçün Türkiyə ilə münasibətlər mühüm əhəmiyyət kəsb edir. Türkiyə həm İranın qonşu dövlətidir, həm də NATO üzvüdür. Belə bir vəziyyətdə İranın Türkiyə ilə açıq qarşıdurmaya gedərək müharibəni daha da genişləndirməsi məntiqli görünmür. Bundan əlavə, İran prezidenti Məsud Pezeşkian da açıqlamalarında bildirib ki, qonşu ölkələrə atılan raketlərin İran tərəfindən göndərilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Bu da göstərir ki, rəsmi Tehran məsuliyyəti öz üzərinə götürmür.
— Məlumdur ki, Naxçıvan istiqamətində də dron hücumu hadisəsi baş verdi. Belə bir hadisə texniki səhv nəticəsində baş verə bilərmi?
— Texniki baxımdan belə ehtimal tam istisna edilə bilməz. Məsələn, koordinatların səhv daxil edilməsi, idarəetmə sistemində nasazlıq və ya raketin trayektoriyasının dəyişməsi kimi hallar nəticəsində pilotsuz uçuş aparatının və ya raketin hədəfdən kənara düşməsi mümkündür. Lakin digər tərəfdən bir prinsipial məsələ də var. Hər hansı bir ölkənin raketi və ya dronu başqa bir ölkənin ərazisinə düşürsə və bu hadisə mülki obyektlərə təhlükə yaradırsa, bu, artıq ciddi diplomatik və təhlükəsizlik problemidir. Məsələn, Naxçıvan istiqamətində baş verən hadisələr zamanı raketin aeroport ərazisinə və məktəbə yaxın əraziyə düşdü. Bu isə təbii olaraq insanların narahatlığına və qorxu hissinə səbəb oldu. Heç bir dövlətin başqa ölkənin suverenliyini pozmağa və mülki əhalini təhlükə altında qoymağa haqqı yoxdur. Nəzərə almalıyıq ki, Azərbaycan dövləti bu məsələdə öz bitərəf və humanist mövqeyini nümayiş etdirir. Cənab Prezidentin də bildirildiyi kimi heç bir halda bizim ərazilərdən başqa dövlətlərə hücum məqsədilə istifadə olunmayacaq və elə də oldu. Lakin İran tərəfindən olan bu hallar heç də müsbət hal deyil və ikitərəfli əlaqələrə də bu öz təsirini göstərir.
— Bəzi ekspertlər hesab edir ki, İran daxilində müxtəlif qüvvələr mövcuddur və onların hamısı eyni mövqedə deyil. Bu ehtimal nə dərəcədə realdır?
— Bu ehtimalı tamamilə istisna etmək olmaz. Məlumdur ki, İran daxilində müxtəlif siyasi və hərbi qruplar fəaliyyət göstərir. Xüsusilə də İran İslam İnqilabı Keşikçiləri Korpusu – yəni SEPAH daxilində fərqli mövqelərə malik qüvvələr ola bilər. Bəzi radikal dairələrin region ölkələrinə, o cümlədən Azərbaycana və Türkiyəyə qarşı sərt ritorikadan istifadə etməsi də zaman-zaman müşahidə olunub. Buna görə də müəyyən qrupların regionda gərginliyi artırmağa çalışması ehtimalı nəzəri olaraq mümkündür.
— İranın hərbi idarəetmə sistemi də tez-tez müzakirə olunur. Bildirilir ki, ölkədə ordu ilə SEPAH arasında müəyyən fərqlər var. Bu, müharibə zamanı İran üçün zəiflik yarada bilərmi?
— İranın hərbi struktur ikitərəflidir. Bir tərəfdən klassik ordu fəaliyyət göstərir, digər tərəfdən isə SEPAH mövcuddur. SEPAH birbaşa ölkənin ali dini rəhbərinə tabedir, ordu isə formal olaraq dövlətin icra hakimiyyətinə bağlıdır. Lakin bu, İranın hərbi sistemində tam parçalanma olduğu anlamına gəlmir. Əksinə, strateji qərarların verilməsi və əsas təhlükəsizlik məsələləri yenə də ali rəhbərin nəzarətində cəmləşir. Buna görə də bu modelin İranın müharibə zamanı zəif tərəfi olduğunu qəti şəkildə demək çətindir.
— Bəzi iddialara görə, ali dini lider seçilmədiyi keçid dövründə hərbi strukturlar müəyyən qədər müstəqil qərarlar verdilər . Bu nə dərəcədə realdır?
— Şəxsi analizimə görə, belə ehtimal müəyyən qədər mövcud ola bilər. Yəni ali rəhbərin vəfat etdiyi və ya yeni rəhbərin seçilmədiyi keçid dövründə bəzi hərbi strukturlar müəyyən səviyyədə müstəqil fəaliyyət göstərə bilər. Məhz buna görə də İran siyasi sistemi belə boşluqların uzun müddət davam etməsinə imkan vermir və yeni ali rəhbərin seçilməsi prosesini mümkün qədər tez həyata keçirməyə çalışır.
— Belə olan halda, SEPAH-ın ali dini rəhbərə tabe olması İran daxilində parçalanmaya yol aça bilərmi ?
— Mən hesab etmirəm ki, bu, parçalanmaya yol açsın. Bu sistem İranın təhlükəsizlik strukturunun mərkəzləşdirilmiş şəkildə idarə olunmasına təsiri yoxdur və bu İranın özünəməxsus idarəetmə formasıdır. SEPAH-ın ali dini rəhbərə tabe olması o demək deyil ki, ölkədə hər kəs özbaşına qərar verir. Əksinə, əsas qərarların verilməsi yenə də vahid siyasi və dini rəhbərliyin nəzarətində həyata keçirilir. Buna rəğmən, Ali Dini lider və prezidentin idarə etməsindən asılı olmayaraq gərək dövlətlərə hörmətlə yanaşılsın. O cümlədən də Azərbaycana və Türkiyəyə. Yəni gərək belə hallar təkrarlanmasın. Çünki həm ölkəmiz, həm də qardaş Türkiyə sülh və əmin-amanlığın tərəfdarıdır. Necə ki, bunu ölkə başçısı dəfələrlə vurğulayıb.
Elmir Heydərli
12:23 16.03.2026
Oxunuş sayı: 124