İrandan açıqlama: Azərbaycanla problemimiz yoxdur
İranın ali rəhbərinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi Azərbaycanla münasibətlər və Naxçıvanla bağlı yayılan məlumatlara münasibət bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O qeyd edib ki, İranın Azərbaycana hücum etdiyi barədə iddialar doğru deyil və Naxçıvan insidenti hərtərəfli araşdırılmalıdır.
Səfəvinin sözlərinə görə, sevindirici haldır ki, hər iki ölkə bu məsələnin birgə araşdırılması ilə bağlı razılığa gəlib.
“İran Azərbaycana hücum etməyib və Naxçıvan insidentinin araşdırılması vacibdir. Ortaq araşdırma ilə bu məsələni həll edə bilərik”, – deyə o bildirib.
Səfəvi əlavə edib ki, Tehran üçün əsas məsələ qonşu ölkələrin ərazisinin İrana qarşı istifadə olunmamasıdır. Onun sözlərinə görə, indiyədək Azərbaycan ərazisindən belə bir istifadə müşahidə edilməyib.
İran rəsmisi vurğulayıb ki, Azərbaycanla münasibətlər xüsusi xarakter daşıyır.
“Biz ortaq tarixin, mədəniyyətin və sivilizasiyanın varisləriyik. Buna görə də bu məsələyə həssas yanaşırıq”, – deyə Səfəvi qeyd edib.
O həmçinin Azərbaycan xalqının göstərdiyi dəstəyə və humanitar yardıma görə təşəkkür edib. Bununla yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrin İran üçün potensial hədəf olduğunu bildirib.
21:24 13.03.2026
Oxunuş sayı: 58