Tahir İbişov: Musiqidə əsas olan canlı düşüncədir – MÜSAHİBƏ
Azərbaycan musiqi mühitində fərqli yaradıcı baxışı və düşüncə tərzi ilə seçilən bəstəkar Tahir İbişov ilə söhbətimiz Azərbaycan Bəstəkarlar İttifaqında baş tutmuşdu. Ötən günlərdə burada təqdimatı keçirilən “Şövkət” filminin nümayişi zamanı bəstəkarla qısa söhbət etmək imkanımız olmuşdu. Filmin musiqi müəllifi də məhz Tahir İbişov olduğundan, onun yaradıcılığı, musiqi düşüncəsi və müasir dövrdə bəstəkarlığın istiqamətləri haqqında danışmaq üçün maraqlı fürsət yarandı. Söhbət zamanı bəstəkar həm də musiqidə həssas eşitmə mədəniyyəti, müəllim-tələbə münasibətləri və fərqli təhsil sistemlərinin xüsusiyyətləri barədə maraqlı fikirlərini bizimlə bölüşdü.
- Violinlə başlayan musiqi yolunuzun sonradan bəstəkarlığa yönəlməsi sizin bəstəkarlıq düşüncələrinizi necə formalaşdırdı?
Adətən bəstəkarların bir çoxu pianist olur, lakin əvvəllər violin ifaçıları daha çox idi. Həmçinin violin alətində ifa edən musiqiçilər sonradan piano ilə də məşğul olurdular.
Mən pianoda ifa etməyi də bacarıram. Çünki musiqi məktəblərində hər bir alətlə paralel piano alətini də fakultativ öyrədirlər, mən violin alətini seçmişdim. Violin ifaçıları səslərə qarşı daha həssas olur, çünki birbaşa simlə təmasdadırlar. Pianoda klaviatura dediyimiz düymələr ki var, o da əlbəttə, təmasdır, lakin simli alətdə simə birbaşa toxunuş var. Mənə elə gəlir ki, bu, eşitmə qabiliyyətini daha da həssaslaşdırır. Həm də violin aləti insanın daxili dünyasına, duyğularına çox yaxın alətdir. Çünki sən onu qucaqlaya bilirsən. Həm də bəstəkar olaraq simli alətlərin texnologiyasını daha yaxşı bilirəm.
- İllər öncə sizi ən çox təsirləndirən bəstəkarlar kimlər idi? Onların təsiri bu gün də yaradıcılığınızda hiss olunurmu?
Skryabin – Aleksandr Skryabin. Mən tələbəlik illərində onun yaxşı mənada təsiri altına düşmüşdüm. O, mənim bəstəkar kimi, yaradıcı insan kimi düşünməyimə çox kömək edib. Əlbəttə ki, Qara Qarayev, müəllimlərim. Amma sırf şəxsi təsir baxımından götürsək, Aleksandr Skryabin deyərdim.
- Müasir texnologiyalar bəstəkarlıq işini asanlaşdırıb, yoxsa musiqidəki o "canlı ruhu" öldürüb?
Burada maraqlı bir tendensiya ortaya çıxıb. Süni intellektin yaratdığı musiqi əsasən pop musiqisini çox ciddi mənada zərbə altına alıb və mənə elə gəlir ki, beş ildən sonra pop bəstəkar anlayışı itməyə doğru gedəcək.
Bizim musiqi sahəsinə isə daha çox müsbət təsiri olacaq. Çünki biz canlı alətlər, canlı ideya, canlı fikirlərlə, insanla işləyirik və bizim görəcəyimiz fəaliyyəti süni intellekt hələ ki bacarmır. Biz hər birimiz süni intellektlə ünsiyyətdə oluruq, onun edə biləcəyi şey alqoritmlərdir və bunu mükəmməl şəkildə həyata keçirir, amma bu alqoritmləri heç vaxt özü yaratmır. Mövcud olana alqoritmik yer dəyişmələr edir. Ümumiyyətlə, onun yaradıcı xüsusiyyətləri yoxdur. Olsa da belə, mənə elə gəlir ki, insanın təfəkkürü daha mürəkkəb, daha orijinal olaraq qalacaqdır və bizim sahə üçün təhlükəsi yoxdur, əksinə, faydası var.
- Avstriyada təhsil aldığınız dövrdə musiqiyə və sənətə baxışınızda ən böyük dəyişiklik nə oldu?
Əslində xüsusi bir dəyişiklik olmayıb, artıq cücərmiş fikirlər daha da möhkəmlənib, formalaşıb. Bəlkə də lazım olmayan fikirlər çıxıb gedib. Ancaq ümumilikdə “sən kimsən?” anlayışı yarandı. “Hardan gəlmisən, hara gedirsən?”
Çox qəribədir ki, sən ölkədən, vətəndən uzaqlaşanda daha çox kimlik haqqında düşünməyə başlayırsan və bu sənin kimliyini daha da möhkəmləndirir. Demirəm hamıda həmişə belə olur, lakin məndə belə oldu. Mən daha çox öz kimliyimə doğru getməyə çalışdım. Uzaqlaşdıqca mən sanki özümə qayıtdım.
Bunun başqa misalını da çəkə bilərik ki, məsələn, biz nə qədər ki, molekulyar səviyyədə daxilə gedib hüceyrəni daha çox araşdırırıq, o qədər də kosmik olaraq Yer kürəsindən uzaqlaşırıq. Nə qədər ki, makrokosmosa gedirik, o qədər də mikrokosmosa gedirik. Yəni böyüdükcə belə bir paralellik yaranır. Bu da belədir, sən vətəndən uzaqlaşdıqca ona daha çox yaxınlaşmış olursan.
- Müsahibələrinizin birində bildirmişdiniz ki, bəzi professorlar tələbələrin düşüncə stereotiplərini sarsıtmağa çalışırlar. Bu proses sizin yaradıcılığınızda hansı dönüş nöqtəsini yaratdı?
Bəlkə kontekstdən çıxaraq və ya müvafiq kontekstdə belə demişəm. Məsələn, ola bilər ki, tələbə hansısa bir yanlış fikirdədir və ya müəllimin düzgün hesab etmədiyi musiqi janrını dinləyir, bu halda müəllim onu həssaslıqla, pedaqoji üsulla o fikirdən döndərməlidir. Çünki onu hansısa sarsıntı üsulları ilə etsə, birbaşa “sən bunu dinləmə” desə, o mütləq onu dinləyəcək. Siz gərək pedaqoq kimi tədricən onun şüuruna işləyəsiniz ki, o özü başa düşsün: bunu dinləmək niyə olmaz? Bu bir az mürəkkəb prosesdir. Yəqin ki, o fikri bu mənada işlətmişəm.
- Avropa musiqi təhsil sistemi ilə Azərbaycan sistemi arasında əsas fərqləri necə xarakterizə edərdiniz?
Musiqi baxımından deyə bilərəm ki, bizim təhsil sistemimiz Sovet dövründə qurulduğuna görə daha sistematik, hesablanmış və müəyyən prinsiplər üzərində qurulmuşdur.
Avropada, məsələn mənim yaşadığım ölkədə – Avstriyada – xüsusi musiqi məktəbi, kurikulum sistemi yoxdur. Orada hər məktəb öz fərdi üsulu ilə fəaliyyət göstərir. Çünki hamısı privat – fərdi məktəblərdir. Bir neçə müəllim yığışır, bir məktəb açırlar və deyirlər ki, bura musiqi məktəbidir, gəlin alət öyrənin.
Bizdə isə musiqi məktəbinə girirsən və sənə avtomatik ansambl, solfecio, nəzəriyyə, musiqi ədəbiyyatı, xor təhsili verirlər. Yəni bunların hamısı artıq sistemləşdirilmiş şəkildə sənə təqdim olunur. Orada isə belə bir sistem çox nadir hallarda olur – konservatoriya deyilən yerlər var, hansı ki ali məktəbdən bir qədər aşağı, texnikum səviyyəsindədir. Bu halda bəli, belə bir sistem var. Lakin musiqi məktəbi anlayışı bizdəki kimi geniş şəkildə mövcud deyil.
- Hazırda üzərində işlədiyiniz yeni layihə və ya əsərlər varmı?
Var, hazırda bir əsər üzərində işləyirəm. May ayında Bakı Müasir Musiqi Cəmiyyətinin təşkil etdiyi Bakı Müasir Musiqi Günləri festivalında ifa olunmalıdır. Almaniyadan bir ansambl – CatinBlack – gələcək. Onlar üçün Azərbaycan atalar sözlərini araşdırıram. Əsərin də adı çox güman “Atalar sözü” olacaq.
- Əgər musiqinizi bir cümlə ilə təsvir etməli olsaydınız, bunu necə ifadə edərdiniz?
Bir cümlə ilə? (düşünür)
Bir söz də olar, bir cümlə də olar.
Səlist, diqqətli və həssas.
15:55 13.03.2026
Oxunuş sayı: 5721