Azərbaycan neft bazarında sabitliyin qorunmasında maraqlıdır- RƏY
Qlobal enerji bazarında baş verən dəyişikliklər son illərdə dünya iqtisadiyyatının əsas müzakirə mövzularından birinə çevrilmişdir. Enerji resurslarının qiymətlərində müşahidə olunan kəskin artım həm istehsalçı, həm də istehlakçı ölkələr üçün yeni iqtisadi çağırışlar yaradır. Bu baxımdan enerji bazarındakı mövcud vəziyyət və onun beynəlxalq iqtisadi münasibətlərə təsiri dövlət rəhbərləri və beynəlxalq ekspertlər tərəfindən xüsusi diqqətlə izlənilir.
Məhz bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı qlobal enerji bazarında neft və qaz qiymətlərinin sürətlə artması məsələsinə toxunaraq bu prosesin dünya iqtisadiyyatı və istehlakçılar üçün yaratdığı təsirləri diqqətə çatdırmışdır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan Respublikasının Prezidenti XIII Qlobal Bakı Forumunda çıxışı zamanı qeyd etmişdir ki, Azərbaycan neft bazarında sabitliyin qorunmasında maraqlıdır. Azərbaycan neft bazarında volatilliyin və kəskin dalğalanmaların baş verməsində maraqlı olan ölkə deyil. Neft və təbii qaz hasil edən ölkə kimi Azərbaycan stabil qiymətlərin təmin olunmasında və bu istiqamətdə tarazlığın qorunmasında maraqlıdır.
Çünki qiymətlərdəki volatillik bir tərəfdən dünya iqtisadiyyatına mənfi təsir göstərir, digər tərəfdən isə qlobal bazarda qiymətlərin kəskin artım və azalmaları ilə müşayiət olunur. Bu proses eyni zamanda neft hasil edən ölkələrin gəlirlərində də qeyri-sabitlik yaradır. Lakin stabil qiymətlər neft hasil edən ölkələrə daha sabit gəlir əldə etməyə imkan verir və dünya bazarında tarazlığın qorunmasına, eləcə də inflyasiya meyillərinin optimallaşdırılmasına müsbət təsir göstərir.
Bu baxımdan neft hasil edən ölkələr, o cümlədən Azərbaycan üçün neft bazarında sabitlik və qiymətlərin tarazlığı iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Təbii ki, Azərbaycan mövcud qlobal enerji bazarındakı dəyişikliklərə uyğun olaraq öz iqtisadi siyasətini də formalaşdırır. Bu siyasətin əsas hədəflərindən biri qeyri-neft sektorunun payının daha da artırılması və iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsidir. Bu isə neft bazarındakı volatilliyin ölkə iqtisadiyyatına təsirinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
Elmir Heydərli
14:16 13.03.2026
Oxunuş sayı: 67