Bakıda kompensasiyaların verilməsində differensial yanaşmanın tətbiqi təklif olunub
Bakının Baş planına uyğun olaraq, yenidənqurma işlərində kompensasiyaların verilməsində differensial yanaşma tətbiq edilə bilər.
Crossmedia.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentdə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatının müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bəzi həyət evlərinin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadratmetrə uyğun hesablanması, yoxsa ümumi evə görə konkret rəqəmin ödənilməsi vacib məqamlardandır: "Məsələn, bəzi evlərin sahələri 30 və hətta bir sıra hallarda 20 kvadratmetrdən azdır. Aydındır ki, sabit ödənişlər olan zaman az sahəli mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəli şəkildə aşağı olur. Bu baxımdan, daha məqsədəuyğun olardı ki, söküntülər zamanı Bakıda da differensial kompensasiya məbləğləri tətbiq olunsun. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadrat metrə uyğun deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən az sahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək olardı".
O qeyd edib ki, Azərbaycan rezervlərin daha risksiz və gəlirli sektorlara yönəldilməsi ilə dövlət rezervlərinin artım tempini qoruyur: "2025-ci ildə dövlət rezervlərimiz 20 %-ə yaxın artaraq 81,5 milyard ABŞ dollarına çatıb. Valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 12 %-dən çoxdur ki, bu da regional geosiyasi təhdidlərin artması fonunda iqtisadi təhlükəsizlik yastığı formalaşdırır".
12:25 13.03.2026
Oxunuş sayı: 51