ABŞ senatorları İranda qızlar məktəbinə hücumla bağlı araşdırma tələb edir
ABŞ Senatında fəaliyyət göstərən 46 demokrat senator müdafiə naziri Pit Heqsetə məktub göndərərək İranda qızlar məktəbinə edilən hava hücumu və mülki itkilərlə bağlı təcili araşdırma aparılmasını tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məktubda bildirilir ki, hücum nəticəsində həyatını itirənlərin əksəriyyəti 7–12 yaş arası qız uşaqları olub. Qeyd olunur ki, hadisəyə görə nə ABŞ, nə də İsrail rəsmi şəkildə məsuliyyəti üzərinə götürüb.
Senatdakı demokratların hamısı – Con Fetterman istisna olmaqla – məktubu imzalayıb. Respublikaçı senatorlardan isə heç biri sənədə qoşulmayıb.
Konqresmenlər martın 18-dək cavab tələb edərək bir neçə mühüm suala aydınlıq gətirilməsini istəyiblər. Onlar ABŞ qüvvələrinin bu hadisədə məsuliyyət daşıyıb-daşımadığını, mülki şəxslərin zərər görməsinin qarşısını almaq üçün hansı tədbirlərin görüldüyünü və əməliyyat zamanı süni intellekt sistemlərinin istifadə olunub-olunmadığını soruşublar.
17:38 12.03.2026
Oxunuş sayı: 47