Dünya bazarında neftin qiymət artımı nələri dəyişə bilər?
Yaxın Şərqdə artan hərbi gərginlik qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub.
Regionda baş verən hadisələr fonunda dünya bazarında neftin qiymətində müşahidə olunan artım isə qlobal iqtisadiyyat üçün yeni risklərin formalaşmasına gətirib çıxarıb.
Enerji resurslarının qiymətinin yüksəlməsi beynəlxalq ticarətə, istehsal xərclərinə və nəticə etibarilə qlobal inflyasiya proseslərinə birbaşa təsir göstərə biləcək əsas amillərdən biri kimi qiymətləndirilir.
Bu prosesin davamlı olub-olmaması isə həm qlobal bazarların sabitliyi, həm də region ölkələrinin iqtisadi perspektivləri baxımından xüsusi əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, dünya bazarında qiymət artımları birbaşa olaraq neftin qiymətinin nə qədər müddət yüksək səviyyədə qalacağından asılıdır.

Onun sözlərinə görə, hazırda neftin qiyməti təbii olaraq yüksəkdir və artıq müəyyən qiymət artımları müşahidə olunur:
"Neftin qiyməti uzun müddət yüksək səviyyədə qaldığı halda, bu, dünya bazarında ümumi qiymət artımlarına səbəb olur. Bunun əsas səbəbi ondan ibarətdir ki, istehsal olunan məhsulların xərc strukturunda neftin payı kifayət qədər böyükdür və xüsusi çəkiyə malikdir.
Nəticədə enerji və yanacaq xərclərinin artması istehsal prosesinə birbaşa təsir edir və bu da məhsulların maya dəyərinin yüksəlməsinə gətirib çıxara bilir".
V.Bayramov bildirib ki, proses qısa müddətli dövrü əhatə edərsə, onun dünya bazarındakı ümumi inflyasiya səviyyəsinə ciddi təsir göstərməsi ehtimalı yüksək deyil.
Onun sözlərinə görə, hazırkı mərhələdə dünya bazarında kəskin inflyasiya təhdidləri müşahidə olunmur.
Deputat əlavə edib ki, neftin qiyməti uzun müddət yüksək səviyyədə qalarsa, bu, inflyasiya səviyyəsinin artmasına və dünya bazarında yeni qiymət artımlarının müşahidə olunmasına səbəb ola bilər.
Onun fikrincə, bu proses eyni zamanda yerli istehsalın genişləndirilməsi və idxalın minimumlaşdırılması ilə bağlı prioritetləri də daha da aktuallaşdırır.
"Dünya bazarında qiymət artımlarının təsirini minimuma endirməyin ən effektiv yollarından biri daxili tələbatın mümkün qədər yerli istehsal hesabına ödənilməsidir.
Buna baxmayaraq, əgər neftin qiyməti uzun müddət yüksək səviyyədə qalmağa davam edərsə, bu hal dünya və region bazarlarında bir sıra məhsulların qiymətlərinin artmasına gətirib çıxara bilər",- deyə deputat vurğulayıb.
Nigar Yahyazadə
16:00 10.03.2026
Oxunuş sayı: 71