Qətər Baş naziri: İran bizə xəyanət etdi
Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani İranın Fars körfəzi ölkələrinə qarşı hücumlarını sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, “Sky News” telekanalına müsahibəsində o, bu addımları “böyük xəyanət hissi” kimi qiymətləndirib.
Baş nazir bildirib ki, müharibə başladıqdan cəmi bir saat sonra Qətər və bölgədəki digər ölkələr raket və dron hücumlarına məruz qalıb.
“Biz açıq şəkildə bəyan etmişdik ki, qonşularımıza qarşı heç bir müharibədə iştirak etməyəcəyik,” – deyə Al Tani vurğulayıb.
O əlavə edib ki, İranın hücumları “təhlükəli və səhv hesablamadır” və Fars körfəzi ölkələri belə bir addımı gözləmirdi. Nazir həmçinin mövcud böhranın həlli üçün diplomatik yolların vacibliyini də qeyd edib, gərginliyə son qoymağın yeganə yolunun bütün tərəflərin danışıqlar masasına qayıtması olduğunu vurğulayıb.
16:40 10.03.2026
Oxunuş sayı: 45