İranın yaxın perspektivdə parçalanması ehtimalı – ekspert təhlili
ABŞ prezidenti Donald Trampın İranın xəritəsini dəyişə biləcəyi ilə bağlı səsləndirdiyi fikirlər və buna cavab olaraq İran prezidenti Məsud Pezeşkianın "bir qarış belə güzəştə getməyəcəyik" bəyanatı regionda gərginliyin artdığı barədə müzakirələri yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq Turab Rzayev bildirib ki, İranın ərazi bütövlüyü ilə bağlı məsələ hələlik real gündəm kimi görünmür.
Onun sözlərinə görə, bunun üçün ortada real hərbi və fiziki imkanlar mövcud deyil:
"ABŞ bu istiqamətdə müəyyən planlar üzərində işləyə bilər. Lakin bu məsələdə daha fəal mövqe sərgiləyən tərəfin İsrail olduğu görünür. ABŞ daha çox rejim dəyişikliyində maraqlıdır və bu məsələyə nisbətən daha loyaldır.
İsrail isə hesab edir ki, istənilən şərtlər daxilində İran parçalanarsa, bu, Yaxın Şərqdə İsrailin dominant güc kimi mövqeyini daha da gücləndirə bilər. Bu səbəbdən İsrailin bu istiqamətdə daha çox maraq göstərdiyi müşahidə olunur".
Politoloq qeyd edib ki, hazırkı vəziyyət regionda İranın parçalanması ilə bağlı ssenarinin reallaşmasının hələlik mümkün olmadığını göstərir.

Onun sözlərinə görə, İraqda fəaliyyət göstərən kürd qüvvələri – istər Barzaniyə bağlı hərbi birləşmələr, istərsə də digər paralel qruplar – hələlik İran ərazisinə daxil ola bilmirlər.
T. Rzayev əlavə edib ki, ABŞ-nin İran-İraq sərhədi boyunca topladığı PKK, PYD və İŞİD mənşəli döyüşçülərin də İran ərazisinə keçməsi müşahidə olunmur:
"Görünür ki, ABŞ-nin yekun strateji hədəfi ilə bağlı dəqiq plan və istiqamətlər tam aydın olmadığı üçün bu qüvvələr də necə və hansı formada hərəkət etməli olduqlarını müəyyənləşdirə bilmirlər. Bu baxımdan praktiki addımlar hələlik müşahidə edilmir".
Politoloqun sözlərinə görə, ABŞ-nin daxili çaxnaşma gözlədiyi əsas bölgələrdən biri hesab edilən Kirmanşahda baş verən son hadisələr də bu ehtimalların zəif olduğunu göstərir.
O bildirib ki, şəhərdə yeni ali rəhbərin seçilməsi ilə bağlı keçirilən toplantı zamanı əhali prosesi coşqu ilə qarşılayıb və ciddi təhlükəsizlik insidenti qeydə alınmayıb.
Politoloq həmçinin qeyd edib ki, geosiyasi hesablamalar hər zaman kağız üzərində qurulan ssenarilərlə üst-üstə düşmür. O, bu baxımdan tarixdən də nümunə çəkib.
"Vaxtilə Səddam Hüseyn hesab edirdi ki, İrana daxil olduqdan sonra cəmi on gün ərzində bütün ərəb əhalisi İraq tərəfinə keçəcək və İran ərazisinin böyük bir hissəsi qısa müddətdə işğal olunacaq. Lakin hadisələrin gedişi tam fərqli oldu. Səddam Hüseyn Kirmanşah şəhərini belə yalnız bir ay ərzində ələ keçirə bilmişdi".
T. Rzayev hesab edir ki, İranın qısa müddətdə dağılması real görünmür. Onun fikrincə, nəzəri olaraq müəyyən dəyişikliklər yalnız Türkiyə ordusunun bu prosesdə real şəkildə iştirak etməsi halında baş verə bilər:
"Lakin görünən odur ki, Türkiyə də bu məsələyə isti yanaşmır. Əksinə, rəsmi Ankara İran əleyhinə hərbi əməliyyatların keçirilməsinə qarşı mövqe sərgiləyir. Belə olan halda hesab edirəm ki, Pezeşkianın da qeyd etdiyi kimi, İranın yaxın perspektivdə parçalanması real görünmür. Bununla belə, hadisələrin inkişafı nəticəsində İranda mövcud hakimiyyət zəifləyərsə və separatçı qüvvələr xaricdən daha ciddi şəkildə dəstəklənərsə, o zaman müəyyən dəyişikliklərin baş verməsi ehtimalı istisna edilə bilməz".
Nigar Yahyazadə
15:47 10.03.2026
Oxunuş sayı: 59