Ukrayna XİN başçısı Macarıstanı beynəlxalq hüququ pozmaqda ittiham edib
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Macarıstanı beynəlxalq hüququ pozmaqda ittiham edib.
Crossmedia.az "UNİAN"-a istinadən xəbər verir. Nazirin sözlərinə görə, Budapeşt Ukrayna dövlət bankından vəsaitlərin oğurlanmasından sonra həmin pulların leqallaşdırılması üçün qanun layihəsi təqdim etməyə çalışır.
“Bu, Macarıstanın hərəkətlərinin heç bir hüquqi əsası olmadığının faktiki etirafıdır. Onlar sadəcə qanunsuzluğa qanunsuzluq əlavə edirlər”, – deyə Sibiqa bildirib.
Diplomat vurğulayıb ki, Ukrayna məsələ ilə bağlı bütün iştirakçıları məsuliyyətə cəlb etməyə çalışacaq.
O, qeyd edib ki, söhbət təkcə vəsaitlərin mənimsənilməsindən deyil, həm də yeddi Ukrayna vətəndaşına qarşı qəddar rəftar iddialarından gedir.
Sibiqa əlavə edib ki, bu addımlar Avropa İnsan Hüquqları Konvensiyasının və Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının pozulması kimi qiymətləndirilir.
22:17 09.03.2026
Oxunuş sayı: 54