İftara qədər ac qalmamaq üçün imsaqda bunları yeyin – Ekspertdən məsləhət
Ramazan ayının artıq ortalarına çatmışıq. Oruc tutanların əksəriyyəti üçün imsaq süfrəsində seçilən qidalar gün ərzində aclıq və susuzluq hissinə birbaşa təsir edir.
Bəzən insanlar imsaqda daha çox yemək qəbul etməklə iftara qədər acımayacaqlarını düşünsələr də, gün ərzində yenə də aclıq hissi yarana bilir.
Digər tərəfdən isə balanslı və düzgün qidalanan şəxslər iftara qədər daha rahat oruc tuta bilirlər.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, imsaq vaxtı qəbul olunan qidalar gün ərzində orqanizmin enerji və su balansını qorumaq üçün çox vacibdir:

"Düzgün seçilmiş qidalar həm aclıq hissini gecikdirir, həm də susuzluğun qarşısını müəyyən qədər alır. İmsaqda zülalla zəngin qidalar yemək daha uzun müddət tox qalmağa kömək edir. Məsələn: yumurta, pendir, qatıq, kefir. Zülal mədədə daha gec həzm olunduğu üçün gün ərzində enerji səviyyəsinin daha stabil qalmasına kömək edir. Sadə karbohidratlar (ağ çörək, şirniyyat və s) tez acmağa səbəb olur. Buna görə də imsaqda daha çox kompleks karbohidratlara üstünlük verilməlidir. Məsələn: tam buğda çörəyi, yulaf, qarabaşaq və ya digər tam taxıllar. Bu qidalar enerjini tədricən buraxdığı üçün uzun müddət toxluq hissi yaradır”.
Ekspert həmçinin qeyd edib ki, tərəvəz və bəzi meyvələr lif baxımından zəngindir və həzmi dəstəkləyir:
"Xiyar, pomidor, göyərti, avokado və ya alma kimi qidalar həm doyumluluq yaradır, həm də orqanizmin su balansına kömək edir. Az miqdarda sağlam yağlar da tox qalmağa kömək edir. Məsələn: zeytun, zeytun yağı, qoz, badam kimi qidalar enerji verir və mədənin boşalmasını bir qədər gecikdirir. İmsaqda ən vacib məsələlərdən biri də maye qəbuludur. İftarla imsaq arasında kifayət qədər su içmək lazımdır. İmsaqda isə 1-2 stəkan su içmək gün ərzində susuzluğun təsirini bir qədər azalda bilər. Çox duzlu, çox şirin, qızardılmış və həddindən artıq ədviyyatlı qidalar susuzluğu artırır və gün ərzində halsızlıq yarada bilər.
Həmçinin çox şəkərli məhsullar qanda şəkərin tez qalxıb-tez düşməsinə səbəb olduğu üçün daha tez acmağa gətirib çıxara bilər. Nəticə olaraq, imsak süfrəsi balanslı olmalıdır: zülal, kompleks karbohidrat, lif və sağlam yağların uyğun kombinasiyası həm enerji verir, həm də gün ərzində aclıq və susuzluq hissini daha rahat idarə etməyə kömək edir. Sağlam qidalanaraq sağlam yaşayın".
Fatimə Məmmədova
15:04 09.03.2026
Oxunuş sayı: 63