Türkiyə İrana xəbərdarlıq edib
Türkiyə İrana xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Burhanetdin Duran "X"də yazıb.
"İrandan atıldığı və ölkəmizə doğru yönəldiyi aşkarlanan ballistik raket, Qaziantəpin Şahinbey rayonu səmasında NATO hava və raketdən müdafiə elementləri tərəfindən vaxtında zərərsizləşdirilib. Hadisədə heç bir itki və ya xəsarət alan olmayıb. Hadisə lap əvvəldən bütün qurumlarımız tərəfindən yaxından izlənilib; zəruri müdafiə və təhlükəsizlik tədbirləri dərhal həyata keçirilib. Bu kontekstdə, başda Milli Müdafiə Nazirliyi olmaqla, bütün müvafiq bölmələr tam koordinasiyalı şəkildə hərəkət edir. Dövlətimizin Türkiyənin hava məkanını və sərhəd təhlükəsizliyini qorumaq iradəsi və qabiliyyəti ən yüksək səviyyədədir".
O bildirib ki, bölgədəki gərginliyin daha da artmaması və münaqişələrin daha geniş əraziyə yayılmaması son dərəcə vacibdir: "Bir daha bütün tərəflərə, xüsusən də İrana regional təhlükəsizliyi təhlükə altına qoyan və mülki şəxsləri təhlükəyə atan hərəkətlərdən çəkinmək barədə xəbərdarlıq edirik. Bu proses zamanı vətəndaşlarımızı və media qurumlarımızı panikaya səbəb ola biləcək və dezinformasiya ehtiva edən təsdiqlənməmiş məzmuna qarşı diqqətli olmağa çağırırıq; onları yalnız rəsmi orqanlarımızın verdiyi açıqlamalara etibar etməyə çağırırıq".
16:58 09.03.2026
Oxunuş sayı: 48