İran "Kubanın qanının arasına" girdi- ABŞ raketləri "səmtini niyə dəyişdi?"
Son dövrlərdə ABŞ-nin İranla bağlı prioritet əməliyyatları dünya siyasətində diqqəti cəmləyib. Lakin ekspertlər arasında müzakirə mövzusu olan məsələ ABŞ-nin Latın Amerikasında, xüsusilə Kubada növbəti strateji planlarının olub-olmamasıdır. ABŞ-nin uzunmüddətli hədəfləri, regional nüfuzunu möhkəmlətmək və öz maraqlarını qorumaq məqsədilə bu istiqamətdə addımlar atmaq potensialını gündəmə gətirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq, professor Əlimusa İbrahimov bildirib ki, Vaşinqtonun növbəti hədəflərindən biri Kubadır və bu barədə ABŞ rəsmilərindən, o cümlədən Prezident Donald Trampın özündən müəyyən işarələr var: "Təbii ki, İrandan sonra Kubanın ABŞ-yə tabe olması məsələsi gündəmdədir. Lakin bunun konkret zaman çərçivəsini söyləmək mümkün deyil — bir il, iki il ərzində ola bilər. Və ya ümumiyyətlə baş verib-verməyəcəyi ABŞ-nin İranda hadisələri hansı müddətdə və hansı formada başa çatdıracağından asılıdır. Əgər ABŞ İranla nəzərdə tutduğu vaxtda və formada məsələni həll edə bilsə, yəni İranı istədiyi şəkildə özünə tabe etdirə bilsə, o zaman Kubaya qarşı da eyni formada addımlar ata bilər".
Hazırda ABŞ tərəfindən səsləndirilən fikirlərdə növbədə Kubanın olduğunu deyən politoloq bildirib ki, əsas diqqət hələ də İrana yönəlib:
"İranla aparılan prosesin nəticəsi və müddəti ABŞ-nin xarici siyasətindəki korrektivləri müəyyən edəcək".
Nigar Yahyazadə
16:50 09.03.2026
Oxunuş sayı: 51