ABŞ-dən İsrailə böyük dəstək: Proseslər hara aparır?
ABŞ administrasiyası İsrailə dəyəri təxminən 660 milyon dollar olan böyük silah paketi satmaq qərarı verib. Silahların istehsalında türk müdafiə sənayesi şirkətinə məxsus müəssisənin iştirak etdiyi iddia olunur.
Bu paketə 27 mindən çox bomba daxildir.
ABŞ Dövlət Departamentinin açıqladığı sənədlərə görə, söhbət MK-80 seriyalı bombalardan gedir. Dövlət katibi Marko Rubio satışın “İranla müharibə şəraitində təcili ehtiyac” olduğunu bildirərək administrasiyanın Konqresin icmal prosedurunu keçmədən razılaşmanı təsdiqlədiyini açıqlayıb.
Normal qaydalara əsasən, bu cür böyük silah satışları ABŞ Konqresinin nəzarətindən keçməlidir. Lakin administrasiya “fövqəladə vəziyyət” mexanizmini tətbiq edərək qanunun tələb etdiyi parlament yoxlamasını kənara qoyub.

Siyasi şərhçi Asif Nərimanlı Crossmedia.az-a açıqlama verib: "Burada diqqət çəkən əsas məqam silahların Türkiyə şirkətinin istehsalı olmasıdır. İstehsal “Repkon USA” şirkətinə məxsusdur. Texas ştatının Garland şəhərində yerləşən şirkət Türkiyənin “Repkon” müdafiə sənayesi firmasının ABŞ-dakı törəməsidir. “Repkon” 2025-ci ildə müəssisəni ABŞ müdafiə sənayesi şirkəti olan General Dynamics”dən satın alıb. ABŞ-da MK-80 seriyalı bombaların korpusu yalnız bu müəssisədə istehsal olunur. Həmin korpuslar ABŞ və İsrail Hərbi Hava Qüvvələrinin geniş istefadə etdiyi JDAM dəqiq idarə olunan bombaların əsas komponentidir. İsrail Hərbi Hava Qüvvələri şirkətin istehsal etdiyi bombalardan Qəzzada da geniş istifadə edir. Hətta amerikalı solçular Türkiyə şirkətinin Qəzzanın bombalanmasında iştirakı iddiasına görə etiraz edirdilər. “Repkon” istehsal etdikləri bombaların ABŞ ordusu üçün nəzərdə tutulduğunu desə də, adətən silahlar üçüncü tərəflərə verildikdə istehsalçı da məlumatlandırılır. Bu, Türkiyənin bombaların İsrailə verildiyi haqda məlumatlı olması deməkdir".
Onun fikrincə, bu məsələdə hansısa problem yoxdur: "Problem odur ki, Türkiyə mediasında Azərbaycanın İrana qarşı müharibədə İsrailə dəstək verdiyi iddiaları üzərindən kampaniya aparılır. Türkiyə şirkətinin istehsal etdiyi bombaların İranı vurması üçün İsrailə verilməsi məlumatı da məhz bu kampaniya fonunda diqqət çəkir".
16:40 09.03.2026
Oxunuş sayı: 50