İlk qadın gəmi kapitanı: Şövkət Səlimovanın dənizdən elmə uzanan taleyi
Bəzən bir insanın həyatı bütöv bir dövrün hekayəsinə çevrilir. Şövkət Səlimovanın həyatı da məhz belədir – dənizlərdən elmə, müharibədən müəllimliyə uzanan bir ömür yolu.
Tarix yalnız müharibələr, siyasi qərarlar və sadəcə dövlət rəhbərlərilə yazılmır. Bəzən bir insanın iradəsi, cəsarəti və peşəsinə olan sədaqəti bütöv bir dövrün simvoluna çevrilir. Azərbaycan tarixində belə şəxsiyyətlərdən biri də ilk qadın gəmi kapitanımız Şövkət Səlimovadır.
Onun həyat yolu Azərbaycan qadınının gücünün, iradəsinin və qətiyyətinin parlaq təcəssümüdür.
1920-ci il dekabrın 25-də Lahıc qəsəbəsində dünyaya gələn bu qızın taleyi onu daha geniş üfüqlərə aparacaqdı. Bir müddət sonra ailəsi ilə birlikdə Bakıya köçən Şövkət məktəb illərində fərqli maraqları ilə seçilirdi. O, texniki sahələrə xüsusi maraq göstərir, aviamodelçilik dərnəyinə qoşulur və qısa müddətdə bu sahədə diqqət çəkən nəticələr əldə edir.

1935-ci ildə gənc Şövkət Moskvada keçirilən aviamodelçilərin ümumittifaq yarışında iştirak edir. Onun hazırladığı model digər modellərdən daha uzağa uçaraq rekord nəticə göstərir. Bu uğur təsadüfi deyildi – o, ardıcıl üç il həmin yarışlarda birinciliyi qoruyub saxlamağa nail olur. Lakin bu uğurlara baxmayaraq, Şövkət Səlimovanın həyat yolu tamamilə başqa istiqamətə yönəlir.
Bir gün jurnalda uzaq səfərlər kapitanı olan ilk qadınlardan biri – Anna Şetinanın fotosunu görməsi onun həyatında dönüş nöqtəsinə çevrilir.
Həmin an gənc qız öz qarşısına böyük və o dövr üçün qeyri-adi bir məqsəd qoyur: gəmi kapitanı olmaq. Bu, o illərdə qadınlar üçün demək olar ki, mümkünsüz hesab edilən bir sahə idi.
Lakin Şövkət Səlimova stereotiplərin arxasınca getməyən insanlardan idi. Orta məktəbi bitirdikdən sonra sənədlərini Bakı Su Nəqliyyatı Texnikumunun “Gəmi sürücüsü” fakültəsinə təqdim edir və dənizçilik sahəsində təhsil alır.

Əmək fəaliyyətinə Odessada başlayır. Uzaq səfərlərə çıxan “Serqo” gəmisində kapitanın üçüncü köməkçisi kimi işləyən gənc dənizçi qısa müddətdə öz peşəkarlığı və məsuliyyəti ilə heyətin hörmətini qazanır.
Sonradan Bakıya qayıdan Şövkət Səlimova Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində kapitan kimi fəaliyyətini davam etdirir və beləliklə, Azərbaycan tarixində ilk qadın gəmi kapitanı kimi tanınır.
Onun həyatının ən çətin və məsuliyyətli dövrü isə II Dünya müharibəsi illərinə təsadüf edir.
Müharibə başlayanda Şövkət Səlimova artıq “Dnepr” gəmisinin kapitanı idi. Od-alov içində keçən həmin illərdə o, Xəzər dənizi vasitəsilə cəbhənin təminatında mühüm rol oynayırdı.
Onun rəhbərlik etdiyi gəmi Stalinqrad istiqamətinə hərbi texnika, yanacaq və döyüş sursatları daşıyır, eyni zamanda yaralı əsgərlərin Bakı və Krasnovodsk limanlarına çatdırılmasını təmin edirdi. O dövrdə dünyada gəmi kapitanı olan cəmi iki qadından biri məhz Şövkət Səlimova idi.

Müharibə illərində göstərdiyi şücaət dövlət tərəfindən yüksək qiymətləndirilir. O, “Qırmızı ulduz” ordeni, “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illərdə Almaniya üzərində qələbəyə görə” medalları və II dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif olunur.
Müharibədən sonra Şövkət xanımın həyat yolu yenidən dəyişir. Dənizlərdə qazandığı təcrübəni və intizamı artıq elm və təhsil sahəsində davam etdirir.
1950-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirir, daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetində pedaqoji fəaliyyətə başlayır. Burada dosent, prorektor və kafedra müdiri vəzifələrində çalışır, dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alır.
Onun elmi fəaliyyəti də yüksək qiymətləndirilir və 1971-ci ildə Şövkət Səlimovaya “Azərbaycanın Əməkdar iqtisadçısı” fəxri adı verilir. Sonrakı illərdə isə o, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında kafedra müdiri və “Bilik” cəmiyyətinin Bakı təşkilatında sədr müavini kimi fəaliyyət göstərir.
1999-cu ildə dünyasını dəyişən Şövkət Səlimova Azərbaycan tarixində silinməz iz qoymuş qadınlardan biridir. Onun adı təkcə dənizçilik tariximizdə ilk qadın kapitan kimi deyil, həm də Azərbaycan qadınının iradəsinin və cəsarətinin simvolu kimi yaşayır.

Dənizlərdə başlayan həyat yolu bu gün də xatırlanır. Azərbaycan Bəstəkarlar İttifaqında “8 Mart – Beynəlxalq Qadınlar Günü”nə həsr olunan tədbirdə Şövkət Səlimovaya həsr olunmuş “Şövkət” adlı bədii filmin təqdimatı keçirildi.
Film “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sifarişi ilə ərsəyə gətirilib. Ekran əsəri vasitəsilə həm Azərbaycanın dənizçilik tarixində silinməz iz qoymuş bu cəsarətli qadının taleyi, həm də II Dünya müharibəsi illərində ölkəmizin və milli gəmiçiliyimizin cəbhəyə verdiyi mühüm töhfələr geniş auditoriyaya çatdırılır. Bununla yanaşı, film qadınların dənizçilik kimi çətin və məsuliyyətli sahədəki rolunu da bədii dillə nümayiş etdirir.
Ekran əsərində Şövkət Səlimovanın obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırır. Filmdə eyni zamanda Azərbaycanın tanınmış sənət nümayəndələri – Xalq artisti Qurban İsmayılov, aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar da rol alıblar.
Filmin ideya müəllifi Mehman Mehdiyevdir. Ssenari isə Tural İbrahimov və Asif Rüstəmov tərəfindən qələmə alınıb. Ekran işinin quruluşçu rejissoru da məhz Asif Rüstəmovdur. Filmin musiqisinin müəllifi bəstəkar Tahir İbişovdur.

Diqqət çəkən məqamlardan biri də filmin çəkiliş prosesində real məkanlardan istifadə olunmasıdır. Çəkiliş zamanı “ASCO”nun donanmasına məxsus gəmilər və dənizçiliklə bağlı autentik mühitlərdən yararlanılıb. Bu isə ekran əsərinə xüsusi inandırıcılıq qataraq tamaşaçını sanki həmin dövrün hadisələrinin içinə aparır.
Filmin nümayişindən öncə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, xalq artisti, professor Firəngiz Əlizadə tədbir iştirakçılarını salamlayıb və öz fikirlərini bölüşüb:
“Bizim fəaliyyətimiz müxtəlif bölmələr üzrə təşkil olunub və hər bölmənin başında bizim bəstəkarlarımız və musiqişünaslarımız böyük fəaliyyət göstərirlər. Bizə bu ənənələr müəllimlərimizdən qalıb. Və bu müəllimlərin arasında çox dəyərli, mən deyərdim ki, xüsusi adı çəkilməli olan bir qadın var. O da Şövkət Səlimovadır ki, bugünkü tədbirimiz onun əziz xatirəsinə həsr olunub.
Bəstəkarlar İttifaqının işinin mərkəzində həm də gənc bəstəkarların fəaliyyəti durur. Ona görə ki, bizim gələcəyimiz onların fəaliyyəti ilə bağlıdır. Onlar necə musiqi yazırlar, sosial həyatımızda necə iştirak edirlər, necə məqalələr yazırlar, iclaslar aparırlar, müəllimləri haqqında nələr söyləyirlər – bütün bunlar bizi çox maraqlandırır və eyni zamanda həyəcanlandırır. Demək istəyirəm ki, biz vaxtilə öz müəllimlərimizə çox böyük hörmət bəsləyirdik, onları sevirdik, hətta onlara qarşı heyranlıq hissi keçirirdik, onlar haqqında məqalələr yazırdıq və mən bu gün də bizim gənc bəstəkarlarımızı bu fəaliyyətə cəlb etməyə çalışıram.

Bilirsiniz ki, musiqinin müxtəlif janrları var. Ciddi musiqi, simfonik musiqi, səhnə musiqisi – çox çətin janrlardır və müasir Azərbaycanda demək olar ki, müəyyən mənada çıxılmaz bir vəziyyətlə üz-üzə qalıb. Ona görə ki, nədənsə bizim simfonik orkestrlərimiz və ansambllarımız təəssüf ki, bu sahəyə lazımi diqqəti yetirmirlər. Yəni mən bunu görmürəm. Bəlkə yanılıram, amma mənə elə gəlir ki, hər yeni əsər diqqət mərkəzində olmalı, ifa edilməli və müzakirə olunmalıdır.
Gənc bəstəkarlar isə çalışırlar. Muzeydə keçirilən gecələrdə, bizim konsertlərimizdə, yubileylərimizdə və müxtəlif bayramlara həsr olunan tədbirlərdə biz bu musiqiləri imkanlarımız çərçivəsində ifa etməyə çalışırıq.
Son illərdə isə görürəm ki, bizim gənc bəstəkarlarımız daha çox kino musiqisinə və səhnə əsərlərinə yazılan musiqilərə diqqət yetirirlər. Burada mən Tural Məmmədlinin, qazi bəstəkarımız Vüqar Məmmədzadənin adlarını çəkmək istəyirəm. O da filmlərə və tamaşalara musiqi yazır.

Burada əyləşən bizim gənc bəstəkarımız – artıq o qədər də gənc deyil (gülür),– Tahir İbişov da var ki, doğrudan da çox istedadlı bir insandır. Təkcə bəstəkarlıq sahəsində yox. Biz Almaniyaya yola düşəndə Tahirin təkcə bəstəkar olaraq yox, həm də çox gözəl təşkilatçı və dirijor kimi fəaliyyətini gördük. Hətta mən deyərdim ki, o, Nəsiminin əsərlərini Almaniyada səhnəyə çıxararaq alman dinləyicisinə çox gözəl şəkildə çatdırdı və bu çox gözəl səsləndi. Ona görə də Tahir İbişov bizim böyük planlarımızın bağlı olduğu bəstəkarlardan biridir. Bugünkü filmə də musiqini o yazıb. Bilmirəm bu işdən nə qədər məmnundur, amma özü bu haqda sizə danışacaq, öz hisslərini və düşüncələrini çatdıracaq.
Şövkət xanım isə bizim çox sevilən müəlliməmiz olub. O vaxt konservatoriyada Şövkət xanım bütün müəllimlərimizdən çox fərqli idi. Çox zövqlü, hər zaman səliqəli və gözəl geyinmiş, nizam-intizamı yüksək olan bir insan idi. Onun dərslərində bütün yeniliklərə yer verilirdi.
Biz onu çox sevirdik. Hətta onun tərcümeyi-halını belə maraqla müzakirə edirdik və haqqında ən gözəl sözlərlə danışırdıq. Azərbaycanda çox dəyərli qadınlar tarixə imza atıblar və onların arasında Şövkət Səlimovanın da xüsusi yeri var. Biz bu gün onu məhz buna görə anırıq”.
Daha sonra söz Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşovaya verildi:
“Mən qısa danışacağam, sadəcə xatirələrimi bölüşmək istəyirəm. Çünki həyat belə gətirdi ki, 1974-cü ildə Neft Akademiyasından bizə Şövkət xanım Səlimova gəldi və həmin sahəyə aid olan kafedranın başında durdu. Sərt xasiyyəti ilə dərhal diqqəti özünə cəlb edirdi.
Amma mən daha əvvəl onun haqqında anamdan məlumat əldə etmişdim. Hardasa yetmişinci illərin əvvəllərindən bütün SSRİ üzrə öndə olan qadınlarımız ezam olunurdular və müxtəlif şəhərlərdə çıxış edirdilər. O cümlədən anam da Şövkət xanımla birlikdə SSRİ-nin öndə olan şəhərlərində olmuşdu. Beləliklə, bir-birilərini tanımışdılar və aralarında çox böyük hörmət var idi.
Anam onun haqqında danışanda çox böyük rəğbətlə danışırdı. Ona görə də mən o xanımı ilk dəfə görəndə onun sərtliyinə təəccüb etmədim. Amma iş elə gətirdi ki, 1975-ci ildə mən ona imtahan verməli oldum. Açığı, mən o vaxt oxumamışdım. İmtahanda Şövkət xanım və Dilarə xanım Seyidzadə əyləşmişdilər. Mən aspirantura imtahanı verirdim. Şövkət xanım məni tanımırdı və anamın da elə bir xasiyyəti var idi ki, heç vaxt heç kimə ağız açmazdı. Ümumiyyətlə, deyərdi ki, get imtahanını özün ver.
Birdən-birə Şövkət xanım mənə çox qəribə bir sual verdi. “XX qurultayda hansı qərarlar qəbul olunmuşdu? İqtisadiyyat üzrə beşilliklə bağlı nə qərarlar verilmişdi?” Özü də bunu çox sərt şəkildə soruşdu.
Nə yaxşı ki, bizim evdə belə bir qayda var idi: atam da, anam da nə baş verirdisə, evdə danışırdılar. Mən eşitmişdim ki, şəxsiyyətə pərəstiş məsələsi 1956-cı ildə müzakirə olunmuşdu. O vaxt mən körpə idim, amma bu haqda eşitmişdim. Lakin iqtisadiyyatla bağlı olan qərarları haradan xatırlaya bilərdim? Şövkət xanım isə özünə yaxın olan mövzudan mənə sual verirdi.
Mən dedim ki, “Şövkət xanım, deyəsən, orada Xruşşovun gizli bir çıxışı olmuşdu...” Həmin çıxışı nəzərdə tuturdum. O mənə baxdı və dedi: “Mən sizə iqtisadiyyatla bağlı sual verirəm”. Yenə də sərt şəkildə. Sağ olsun Dilarə xanım, dedi ki, “Bu bizim əlaçı tələbəmizdir, Şövkət xanım, iqtisadiyyat üzrə çox gözəl bir iş yazıb. Ancaq 1956-cı ildə o körpə bir uşaq idi. Onun nə yadında ola bilər?”
Beləcə söhbəti bir az zarafata saldılar. Mən də birtəhər imtahanı verib çıxdım. Amma Şövkət xanımın o sərtliyi mənim yaddaşımda qaldı. Baxın, belə bir duruşu var idi, əzimlə gəzirdi. Çox qəribə, özünəməxsus insan idi. Sanki o dövrün ab-havasını sonadək özündə daşıyırdı.
Şövkət xanım pozitiv bir insan idi. Baxmayaraq ki, çox sərt idi, amma eyni zamanda çox həlim ürəyi də var idi”.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Zöhrabova da çıxış edərək öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdü: “Azərbaycan xalqının mədəniyyəti həm incəsənətdə, həm də digər sahələrdə bir çox qadınların fəaliyyəti ilə zənginləşmişdir.
Bu fəaliyyət nəticəsində bəzi xanımlarımız müxtəlif sahələrdə ilklərə imza atmışlar. Məhz bu ilklər sırasında bizim bugünkü qəhrəmanımız – hamının yaxşı tanıdığı və xatırladığı Şövkət Səlimovanın da adını qeyd edə bilərik. Onun həyatına həsr olunmuş bu film də məhz həmin böyük şəxsiyyətin xatirəsini yaşatmaq məqsədi daşıyır.
Eyni zamanda mən filmin bəstəkarları olan Tahir İbişovu xüsusi olaraq qeyd etmək istəyirəm. Onunla söhbət zamanı da hiss etdim ki, bu iş ona böyük zövq və yeni yaradıcılıq imkanları gətirib. Çünki bu sahə tamamilə fərqli bir mühitdir. Lakin mən inanıram ki, bu sahədə də o, gələcəkdə daha böyük uğurlar əldə edəcək və yaradıcılığında kinoya müraciət daha da artacaq.
Maraqlıdır ki, bu filmin musiqisi canlı orkestr – Kadensiya orkestrinin musiqiçilərinin iştirakı ilə yazılmışdır. Bu da filmin musiqi tərtibatına xüsusi rəng qatmışdır.
Daha sonra söz filmin musiqi müəllifi, bəstəkar Tahir İbişova verildi:
“Biz Şövkət xanımı tanımamışıq, onun haqqında eşitmişik. Filmə baxış zamanı aldığımız təəssüratlar və əldə etdiyimiz məlumatlar çox dəyərli oldu. Həqiqətən çox maraqlı idi. Kino musiqisi yazmaq mənim üçün yeni bir təcrübə idi, buna görə də rejissor Asif Rüstəmov mənə çox kömək etdi.
Əvvəlcə bir qədər məni sıxışdırırdı, amma daha sonra tam sərbəst fəaliyyət göstərməyimə imkan verdi. Bu, çox yaxşı bir başlanğıc oldu, çünki əvvəldə hər zaman bir az gərginlik olur – sən özünü yeni bir sahədə sınayırsan və orada söykənəcək divarlar, müvafiq istinadlar yoxdur.
Bir şeyi də qeyd etmək istəyirəm ki, bəstəkarlar və yaradıcı insanların iş prosesi həmişə bir az çətin olur. Bunu bütün yaradıcı insanlar yaxşı bilir. Mən də çalışdım ki, bu işin öhdəsindən müvəffəqiyyətlə gələm, ümid edirəm ki, bu arzuma nail olmuşam”.
Filmin rejissoru Asif Rüstəmov da öz fikirlərini bölüşdü: “Şövkət xanım haqqında çox danışmaq olar. Çünki filmin hazırlıq dövründə onun həyatını öyrəndikcə müxtəlif mənbələrdən, o cümlədən Konservatoriyanın arxivindən bizə məlumatlar verildi. Onun həyatı, fəaliyyəti, tanıdığı şəxslər və dəqiq adlar haqqında çox məlumat topladıq.
Film ilk öncə 10-12 dəqiqə nəzərdə tutulmuşdu. Amma Şövkət xanım haqqında böyük bir serial çəkmək olardı, çünki onun həyatı o qədər zəngin epizodlarla doludur ki, hər epizod bir serial ola bilər.
Yəqin ki, çoxlarınız onu pedaqoq kimi tanıyırsınız, amma onun gəmi kapitanı işlədiyi dövrdəki həyatı çoxşaxəlidir. Təəssüf ki, resurslar məhduddur və geniş işləmək imkanlarımız yoxdur. Buna görə də bu filmi minimum yarım saatlıq formatda təqdim edə bildik”.
Daha sonra işıqlar sönür və film nümayiş olunur.
Həqiqətən də təsirli idi – istər aktyor oyunu, istər musiqi çalarları, istərsə də filmin çatdırmaq istədikləri. Tədbir Aydan Əliyevanın ifasında “Yağış yağır” mahnısı ilə sona çatır.
Şövkət xanım qatı steoreotipləri qırmağı bacaran biri kimi yaddaşlara həkk olunub və onun kimi qəhrəmanlar hər zaman bizlərə nümunə olacaq.
Nigar Yahyazadə
11:52 07.03.2026
Oxunuş sayı: 71