"Sabahın alimləri" mükafatlandırılıb
Sabahın alimləri Respublika Layihə Müsabiqəsinin XV yubiley müsabiqəsinin milli final mərhələsi çərçivəsində bu gün mükafatlandırma mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, Elm və tədqiqat sahəsinə maraq göstərən məktəblilərin iştirak etdiyi müsabiqə ölkədə gənc istedadların üzə çıxarılması, onların elmi yaradıcılığa cəlb olunması və beynəlxalq elmi mühitə inteqrasiyasına dəstək məqsədi daşıyır.
Milli final mərhələsində Azərbaycanın müxtəlif bölgələrindən olan IX–XI sinif şagirdləri riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt istiqamətləri üzrə hazırladıqları layihələrlə çıxış ediblər. Final mərhələsində təqdim olunan layihələr elmi yenilik, tətbiqi əhəmiyyət və tədqiqat yanaşması baxımından münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Qeyd edək ki, “Sabahın alimləri” müsabiqəsi beynəlxalq elmi platforma olan Society for Science tərəfindən təşkil olunan və dünyanın ən nüfuzlu məktəbli elmi tədbirlərindən biri sayılan Regeneron International Science and Engineering Fair proqramı çərçivəsində keçirilir.
Ümumilikdə münsiflər tərəfindən 760 nəfərdən 61-i seçilib. Müsabiqədə yüksək nəticə əldə edən Azərbaycan məktəbliləri ABŞ-da təşkil olunan beynəlxalq final mərhələsində ölkəmizi təmsil etmək imkanı qazanacaqlar. Məhz bugünkü mükafatlandırma mərasimində qaliblərin adları açıqlanacaq və onların beynəlxalq səviyyədə iştirak hüququ müəyyənləşəcək.

Elmir Heydərli
12:14 05.03.2026
Oxunuş sayı: 647