Yazıçı – zamanın vicdanı, cəmiyyətin səsidir – 3 mart Yazıçılar gününün mənası
“Yazıçı dünyanı dəyişmək iddiası ilə yazmır, o, insanın qəlbinə toxunmaq üçün yazır. Amma məhz bir cümlə, bir fikir, bir hekayə bəzən zamanın axarını dəyişir, susulan həqiqətə səs verir və insanı özünü yenidən kəşf etməyə vadar edir"
Hər il martın 3-ü dünyada söz sənətinə həyatını həsr edən insanların- yazıçıların peşə bayramı kimi qeyd olunur.
Ümumdünya Yazıçılar Günü ədəbiyyatın gücünü, sözün təsirini və insan düşüncəsinin sərhədsiz imkanlarını xatırladan əlamətdar tarixlərdən biridir.
Bu bayramın əsası 1921-ci ildə beynəlxalq PEN klub tərəfindən qoyulub. Təşkilatın adı ingilis dilində poets (şairlər), essayists (oçerkçilər) və novelists (roman müəllifləri) sözlərinin ilk hərflərindən yaranıb.
PEN klubun ilk beynəlxalq konqresi 1923-cü ildə Londonda keçirilib. 1986-cı ildə keçirilən 48-ci beynəlxalq konqresdə isə martın 3-ü rəsmi olaraq Yazıçının Ümumdünya Sülh Günü elan edilib.
Bu gün dünyanın yüzdən artıq ölkəsində fəaliyyət göstərən PEN mərkəzləri söz azadlığının qorunmasına, ədəbiyyat vasitəsilə xalqlar arasında anlaşmanın möhkəmlənməsinə xidmət edir. Bir sıra ölkələrdə isə bu tarix Yazıçılar Günü kimi qeyd olunur və ədiblərin yaradıcılığına xüsusi ehtiram göstərilir.
Yazıçı kimdir?
Yazıçı yalnız kitab müəllifi deyil. O, cəmiyyətin hisslərini duyan, insanların sevincini və ağrısını sözə çevirən, zamanın yaddaşını qoruyan şəxsdir. Yazıçı bəzən tarixçi kimi keçmişi danışır, filosof kimi düşündürür, psixoloq kimi insan ruhunun dərinliklərinə enir.
Hər dövrün öz yazıçısı olur. Müharibələr, dəyişikliklər, sosial dönüşlər və insan taleləri ilk növbədə yazıçı qələmində əbədiləşir. Əgər tarix hadisələri yadda saxlayırsa, yazıçı həmin hadisələrin insan qəlbində yaratdığı izləri gələcək nəsillərə ötürür.
Yazıçıların ən böyük gücü onların azad düşüncəsidir. Onlar bəzən susulan həqiqətləri dilə gətirir, cəmiyyətin problemlərini göstərir, insanları düşünməyə və dəyişməyə çağırırlar. Buna görə də yazıçılar hər zaman mənəvi lider, fikir daşıyıcısı və ictimai vicdan hesab olunublar. Hazırda, bəlkə də yazıçılarımızın adını belə bilməyən insanlar var.
Məgər insan söz sənətkarını tanımazmı? Bilməzmi? Oxumazmı?
Qələm güclü silahdır. Bir yazı insanın dünyagörüşünü dəyişə, bir əsər bütöv bir nəslin düşüncəsinə təsir göstərə bilər. Bu səbəbdən yazıçının məsuliyyəti də böyükdür. Doğru sözü qorumaq, həqiqəti təhrif etməmək, insan dəyərlərini uca tutmaq yazıçının əsas missiyalarından sayılır.
Müasir informasiya dövründə hər kəs yazır, paylaşır və fikir bildirir. Lakin yazıçı olmaq sadəcə yazmaq deyil, düşünmək, hiss etmək və cəmiyyət qarşısında məsuliyyət daşımaqdır. Əsl yazıçı oxucunun qəlbinə yol tapmağı bacaran, insanı dəyişdirən və ona ümid verən insandır.
Azərbaycan yazıçıları və milli söz ənənəsi
Azərbaycan ədəbiyyatı əsrlər boyu böyük söz ustaları yetişdirib. Bu ənənə xalqın tarixini, milli kimliyini və mənəvi dəyərlərini yaşadaraq bu günə qədər gəlib çatıb. Klassik ədəbiyyatdan müasir nəsrə qədər uzanan bu yol Azərbaycan yazıçılarının zəngin yaradıcılıq irsini formalaşdırıb.
Ölkəmizdə fəaliyyət göstərən PEN klub da milli ədəbiyyatın dünya miqyasında tanıdılması istiqamətində mühüm işlər görür. 2011-ci ildə yaradılan təşkilata Xalq yazıçısı Çingiz Abdullayev rəhbərlik edir. Təşkilat Azərbaycan yazıçılarının əsərlərinin xarici dillərə tərcüməsini təşviq edir və onların beynəlxalq ədəbi mühitdə tanınmasına dəstək verir.
Yazıçı bugünü yazsa da, əslində gələcək üçün yaradır. Onun sözləri illər sonra belə oxunur, düşünülür və yeni mənalar qazanır. Bir kitab nəsilləri birləşdirir, fərqli dövrlərin insanlarını eyni hiss ətrafında toplayır.
Ümumdünya Yazıçılar Günü münasibətilə sözə ömür verən, düşüncəni zənginləşdirən bütün yazıçıları təbrik edir, onların qələminin daim həqiqətə, sülhə və insanlığa xidmət etməsini arzulayırıq. Çünki dünya dəyişsə də, insanı yaşadan yenə də sözdür.
Fatimə Məmmədova
11:41 03.03.2026
Oxunuş sayı: 725