Yaxın Şərqdəki müharibə Azərbaycan üçün də təhlükəlidir, çünki...
Yaxın Şərqdə hərbi əməliyyatların intensivləşməsi təkcə regionun təhlükəsizlik arxitekturasını deyil, informasiya məkanını da ciddi sınaq qarşısında qoyub. Münaqişə tərəflərinin paralel şəkildə apardığı informasiya savaşı, sosial şəbəkələrdə sürətlə yayılan təsdiqlənməmiş xəbərlər və manipulyativ paylaşımlar cəmiyyətdə çaşqınlıq və təşviş yarada biləcək bir mühit formalaşdırır. Belə həssas şəraitdə informasiyanın dəqiqliyi və məsuliyyətli jurnalistika prinsipləri xüsusi əhəmiyyət kəsb edir.
Məhz bu fonunda Medianın İnkişafı Agentliyi media subyektlərinə və jurnalistlərə müraciət edərək, dezinformasiya risklərinin artdığı bir dövrdə yalnız rəsmi mənbələrə istinad etməyin, yoxlanılmamış məlumatların tirajlanmasından çəkinməyin vacibliyini vurğulayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Crossmedia.az-a açıqlama verib:
"Həqiqətən də, belə vəziyyətlərdə biz, bir qayda olaraq, dezinformasiya kütləsinin artdığını müşahidə edirik. Elə İsrail–ABŞ–İran müharibəsində də bunu görürük. İlk saatlardan ABŞ-nin yaxud da İsrailin İranda bir qız məktəbini vurduğu barədə informasiya yayımlandı. İddia edildi ki, hücum edən tərəf məktəbi vurub və əvvəlcə 40 nəfərin, daha sonra 50 nəfərin, hətta 160 nəfərin həmin məktəbdə öldüyü xəbərləri tirajlandı.

Amma bunu təsdiq edəcək heç bir görüntü paylaşılmadı. Əlbəttə ki, bizim kimi insanlar dərhal sual etdilər: ABŞ-nin yaxud da İsrailin bir məktəbi vurmağa nə ehtiyacı var ki? Zatən İsrailin və ABŞ-nin əlində İranın bütün strateji obyektlərinin koordinatları var. Yəni bu müharibənin məqsədi heç də dinc insanları məhv etmək deyil, İrandakı rejimi çökdürməkdir. Belə bir şəraitdə uşaqların oxuduğu məktəbi vurmaq məntiqlə ağlabatan görünmür.
Bunu misal olaraq göstərirəm. Dərhal düşündüm və bunu da dilə gətirdim- mümkündür İran özü həmin məktəbi vurub və bunu dünyada təbliğat materialı kimi tirajlayır. Təəssüflər olsun ki, Azərbaycanda da bir çox adamlar mənimlə mübahisə etdi. Deyirdilər ki, “görürsənmi, İsrail, ABŞ məktəbi vurdu, uşaqları öldürdü” və s. Yəni faktiki olaraq insanlar təbliğatın qurbanına çevrildilər.
Bir daha deyirəm: o məktəbin vurulması, yüzdən çox uşağın ölməsi barədə heç bir görüntü yoxdur. Hansısa dağıdılmış bir məkan göstərilir, amma ölənlər barədə heç bir sübut təqdim olunmur. Yəni dezinformasiya sağda-solda dolaşır və biz də diqqətli olmalıyıq".
Jurnalist, həmçinin əlavə edib ki, ə İranın bizim qonşu dövlətimiz olduğunu nəzərə almalıyıq: "Qonşuda yanğın varsa, bu, əlbəttə ki, bizim üçün də problemə çevrilə bilər. Ona görə diqqətli olmalıyıq. Elə etməliyik ki, o yanğın bizim ölkəmizə sıçramasın – bu, birinci vəzifəmizdir. İkinci vəzifəmiz isə müharibə edən tərəflərin dezinformasiyasının qurbanı olmamaqdır. Qarşımıza çıxan hər məlumatı paylaşmamalıyıq. Yaxud paylaşdığımız məlumatın mənbəyinə qəti əmin olmalıyıq. Doğrudan da, təsdiqlənmiş informasiya varsa, onu paylaşa bilərik.
Əlbəttə, informasiya bolluğu var və bu təbiidir. Amma özümüzü alətə çevirməməliyik, diqqətli olmalıyıq. Demək istədiyim odur ki, media – təkcə media deyil, ümumiyyətlə, informasiya paylaşan hər kəs belə vəziyyətlərdə bir qədər şübhəçi yanaşmalıdır. Qarşısına çıxan hər kontentə aldanmamalı, dərhal inanmamalıdır. Xüsusilə də inanılan və güvənilən mənbələrdən gələn informasiyalara belə diqqətlə yanaşmaq və onları araşdırmaq vacibdir.
Bir daha deyirəm, müharibə gedir və təbiidir ki, tərəflər informasiya məkanını özlərinə lazım olan məlumatlarla doldurmağa çalışırlar. Bunu ABŞ, İsrail və İran da edir. Eləcə də bu tərəfləri dəstəkləyən üçüncü qüvvələr də bu prosesdə iştirak edirlər.
Elə Azərbaycanın özündə də görmürsünüzmü – İranın molla rejiminə hər zaman rəğbəti ilə seçilən şəxslər ağına-bozuna baxmadan, hətta Azərbaycan dövlətini, Azərbaycan Respublikasını və Azərbaycan vətəndaşlarını təhqir edərək paylaşımlar edirlər.
Yəni, əlbəttə ki, diqqətli olmalıyıq. Ümumiyyətlə, dəfələrlə demişəm: biz bu məsələdə tərəf deyilik, amma biganə də qala bilmərik. Çünki İran əhalisinin təxminən yarısı bizim soydaşlarımızdır".
Ayhan
21:30 02.03.2026
Oxunuş sayı: 666