“Qarabağa Qayıdış – Zəfərin Mədəni Nəfəsi” adlı genişmiqyaslı ədəbi-bədii tədbir keçirildi
18 fevral 2026-cı il tarixində Sənaye və Texnologiya Kollecində “Qarabağa Qayıdış – Zəfərin Mədəni Nəfəsi” adlı genişmiqyaslı ədəbi-bədii tədbir keçirildi.
Tədbir Qarabağın azadlığına, tarixi-mədəni irsinə və milli yaddaşımıza həsr edilmişdir. Proqram Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra səhnə kompozisiyaları vasitəsilə Qarabağın tarixi, işğal və zəfər yolu, eləcə də mədəni dəyərləri bədii formada təqdim olundu. Tələbələrin ifasında vətənpərvərlik ruhlu şeirlər, musiqi nömrələri və ədəbi səhnəciklər tədbirə xüsusi rəng qatdı.
Qarabağ muğam məktəbinin zəngin ənənələri vurğulandı, milli-mənəvi dəyərlərimizin qorunmasının əhəmiyyəti diqqətə çatdırıldı.
Tədbirdə kollecin direktoru, professor Nasim Abışov və fəxri qonaqlardan Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin müşaviri İlhan Açık, Ağdamın köhlən atlarının yaradıcısı, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun oğlu Elşən Allahverdiyev, Jurnalist Sona Bunina, iş adamı Hacı Quliyev çıxışlarında Qarabağın yalnız coğrafi məkan deyil, milli kimliyimizin, ruhumuzun və mədəni yaddaşımızın ayrılmaz hissəsi olduğunu vurğuladılar.
Onlar gənclərə vətənə sevgi, tarixə hörmət və milli dəyərlərə bağlılıq ruhunda yetişməyin vacibliyini tövsiyə etdilər. Tədbirin təşkilatçısı İlaha Nuriyeva çıxışında qeyd etdi ki, Qarabağa qayıdış təkcə torpaqlara deyil, həm də mədəniyyətimizə, kökümüzə və mənəvi dəyərlərimizə qayıdışdır.
O, belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda formalaşmasına böyük töhfə verdiyini bildirdi və tədbir yüksək əhval-ruhiyyə ilə başa çatdı.
17:11 18.02.2026
Oxunuş sayı: 1102