Cənubi Qafqaz

Erməniləri real dünyaya qaytarmağa çalışmaq... - NƏTİCƏ OLACAQMI? 

Ermənistanın konstitusiya dəyişikliyi təşəbbüsü ölkədə siyasi idarəetmə modelinin yenidən formalaşdırılması üçün mühüm addım kimi qiymətləndirilir. Bu dəyişikliklər təkcə ölkə daxilində siyasi qüvvələr arasında balansı yenidən müəyyənləşdirmək məqsədi daşımır, eyni zamanda Ermənistanın xarici siyasət prioritetlərinə və regional sülh prosesinə də əhəmiyyətli təsir göstərə bilər. Xüsusilə, bu dəyişikliklərin Cənubi Qafqazda mövcud vəziyyətə və Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir edəcəyi məsələsi də hazırda diqqət mərkəzindədir.

“Ermənistanı inkişaf etməyə imkan verməyən bir tərəfdən onun əsassız, uydurma iddialarıdırsa, digər tərəfdən rəsmi dövlət sənədləridir”.

Bu fikirləri Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Crossmedia.az-a verdiyi açıqlamasında bildirib:

“Erməni xisləti və bicliyi rəsmi atributlarda da əks olunub. Təbii ki, bu da ölkə rəhbərliyinin diqqətini iqtisadi, sosial, siyasi inkişafa yönəltməsinə mane olur, daha çox əsassız iddialara vaxt ayırmasına gətirib çıxarır. Hazırda Paşinyan erməniləri utopik xəyallardan xilas etməyə çalışır. O erməniləri real dünyaya qaytarmağa, tarixi saxtalaşdırmalara inanmamağa, faktiki vəziyyətlə barışmağa səsləyir. Konstitusiya və ölkə rəmzlərinə təklif edilən dəyişiklik də məhz buna xidmət edir”.

O, erməniləri reallıqla yaşamağa öyrətmək üçün ilk növbədə onların istinad mənbələrini əllərindən almağın vacib olduğunu da vurğulayıb:
“Paşinyan da Konstitusiyaya düzəlişlərdə bunu etməyə cəhd göstərir. Bu işin bir hissəsidir, həm də vacib tərəfidir. Bundan sonra ermənilər praktik davranışlarında da korreksiya etməli və dövlətin siyasətinə uygunlaşmalıdırlar”.

                  
O həmçinin qeyd edib ki, yeni konstitusiya pozucu nəzəri əsasları da dəstəkləməyəcək:
“Düşünürəm ki, hətta bu cür davranışlara hər hansı formada qadağa da qoya bilər. Əgər belə olarsa təbii ki, bu regionda sülh prosesinə dəstək olar. Ermənistan rəhbərliyinin praktiki siyasi addımları da konstitusiya ilə üst-üstə düşərsə, bu yeni bir Ermənistanın yaranması demək olar. Region dövlətləri isə ərazi iddialarından əl çəkən, özünü hər kəsdən və hamıdan üstün tutan bir dövlətdə dəyişikliyi hiss etdikcə ona münasibətləri yumşaldacaqlar. Təbii ki, bu da regionda anlaşmanı dərinləşdirəcək”.  

                  
M.Rəhimli Qarabağ məsələsində Ermənistanın mövqeyinə konstitusiya dəyişikliklərinin təsiri məsələsinə də öz münasibətini bildirib:
“Konstitusiya dəyişikliyi Ermənistanın rəsmi şəkildə gələcəkdə də ərazi iddialarından əl çəkdiyinin göstəricisi olacaq. Bu olmadan Ermənistana etibar edilə bilməz. Ermənistanın dövlət rəhbərlərinin siyasi davranışları yeni Konstitusiya ilə adekvatlıq təşkil edərsə, bu inamı bir qədər də artırar. Əgər hakimiyyət rəsmi sənədlərə istinad etməsə və yenə də davranışlarında pozuculuq hərəkətlərinə yer verərsə, bu heç nəyi dəyişməyəcək”.

Son olaraq M.Rəhimli onu da qeyd edib ki, hakimiyyətin mövqeyi qanunlara uyğun olmalıdır. Onun sözlərinə görə, yalnız bu yanaşma Ermənistanın Qarabağla bağlı əsassız iddialarından və münasibətləri gərginləşdirən mövqeyindən əl çəkməsinə səbəb ola bilər.

Aytac Bəhruzqızı

11:52 05.12.2024

Oxunuş sayı: 9072

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR